525.Az

Təhsildə və təlim-tərbiyədə vacib istiqamət: hərbi-vətənpərvərliyin təbliği


 

Təhsildə və təlim-tərbiyədə vacib istiqamət: hərbi-vətənpərvərliyin təbliği<b style="color:red"></b>

Təhsil sisteminin yeni nəsilə müasir biliklərlə yanaşı, milli mənlik şüurunu, vətənə, xalqa bağlılığı, hərbi-vətənpərvərlik düşüncəsini də layiqincə aşılaması təqdirəlayiq və arzuolunan xüsusiyyətdir.

Hərbi-vətənpərvərlik tərbiyəsinin orta məktəblərimizin yuxarı siniflərində, peşə lisey və kolleclərində, xüsusi orta və ali məktəblərdə, hərbi liseylərdə, hərbi ali məktəblərdə, şanlı Azərbaycan Ordusunun hərbi hissələrində yüksək səviyyədə aşılanması, bu yöndə işin düzgün qurulması böyük əhəmiyyət kəsb edir.

Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi ən nadir incilərdən olan "Kitabi-Dədə Qorqud" dastanında xalqımızın 1300 il bundan əvvəlki vətənpərvərlik ənənələri, hərbi peşəni sevməyin və ona yiyələnməyin yolları, eləcə də döyüş və qəhrəmanlıq tariximiz geniş əks olunub. Dastandakı vətənpərvər, cəsur və döyüşkən, eləcə də yenilməz xalq qəhrəmanları olan Beyrək, Basat, Qazan, Buğac, Dəli Domrul və başqa obrazların mənəvi gücü, yurdsevər ruhu bu gün də bizimlədir. Bu cəsur, qorxmaz, vətənpərvər, hərb sənətinin biliciləri və yenilməz qəhrəmanların müqəddəs ruhunun da dəstəyilə, xalq-iqtidar-ordu üçlüyünün dəmir yumruq kimi birləşməsi sayəsində qüdrətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəmizdə yağı düşməndən azad etdi.

Vətən sevgisi, hərbi-vətənpərvərlik haqqında istər folklorumuzda, istərsə də yazılı ədəbiyyatımızda yüzlərlə dəyərli nümunə vardır. "Ana kimi yar olmaz, vətən kimi diyar", "Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi", "Bu dünyada ən şirin - bir Anadır, bir Vətən",  "Vətənin bir qışı, qürbətin yüz baharından yaxşıdır", "Vətən daşı olmayandan olmaz vətəndaşı", "Ac qal, topal qal, kor qal, fəqət torpaqsız qalma" kimi deyimlər təhsil prosesində, təlim-tərbiyə işində zaman-zaman öz müsbət təsirini göstərir.

Məktəblərimizdə "Cəsurlar", "Şahin", "Sərhəd" və digər hərbi oyunların, yarışların müntəzəm keçirilməsi, fərqlənən komandaların mükafatlandırılması yeniyetmələr və gənclər arasında hərbi vətənpərvərlik şüurunun inkişafına, belə ülvi anlayışların təbliğinə geniş meydan açır.

Ümummilli liderimiz Heydər Əliyev dahiyanə uzaqgörənliklə və böyük çətinliklərə sinə gərərək yaratdığı, 1970-ci illərin əvvəlində fəaliyyətə başlayan Cəmşid Naxçıvanski adına hərbi liseyin də bu sahədə müstəsna rolu vardır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu məktəb Azərbaycan Ordusu üçün hərbi kadrların hazırlanması sahəsində mühüm rol oynadı və bu gün də böyük əhəmiyyət daşımaqdadır.

Ulu öndər müasir nəsli milli ruhda, milli vətənpərvərlik şüuru qazandırmaqla yetişdirmək məsələsini qarşıya çox vacib məqsəd kimi qoyurdu. O, yeni nəsillərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi zamanı tariximizin, milli mədəniyyətimizin, qədim və müasir adət-ənənələrimizin, eləcə də digər dəyərlərimizin geniş formada istifadəsini nəzərdə tuturdu. Təsadüfi deyildi ki, Ümummilli liderimiz hələ 1996-cı ildə bu məsələyə yüksək diqqət ayıraraq demişdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən, gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!"

Öz sələflərini əvəzləyən və gələcəkdə də əvvəlki nəsillərin yerini alacaq gənclərin təhsil müddətində hərbi-vətənpərvərlik şüuru kəsb etməsi olduqca mühüm məsələdir. Təhsildə və təlim-tərbiyədə bu mövzuya lazımınca diqqət yetirilməsi gənclərin kamil şəxsiyyətlər kimi formalaşmasına, dövlətçiliyimizin və ordumuzun möhkəmlənməsinə, cəmiyyətimizin sabahının daha da işıqlı olmasına böyük töhfələr verəcək. Məsələyə məhz bu yöndən yanaşan Ulu öndərimiz bəyan edirdi ki: "Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır".

Ümummilli liderin siyasi kursunu parlaq uğurlarla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev də respublikaya rəhbərliyə başladığı ilk vaxtdan hər bir ailədə, uşaq bağçasında, orta və ali məktəblərdə, hərbi təhsil müəssisələrində, orduda hərbi-vətənpərvərlik tərbiyəsinin milli dəyərlərlə yanaşı, dünyanın ən qabaqcıl tədris texnologiyaları və dərs üsulları əsasında qurulmasını qarşıya məqsəd qoydu. Əsas diqqəti ordu quruculuğunun dünya standardına uyğun sürətli inkişafına yönəldən dövlət başçısı, respublikamızdakı təhsil müəssisələrində hərbi vətənpərvərlik tərbiyəsinin düzgün və təsirli qurulmasına böyük diqqət yetirdi.

Hər bir uğurun əsasında yüksək təhsil dayandığı kimi, hərbi vətənpərvərliyin də təməli məktəblərdə, təhsil prosesində qoyulur. Prezident İlham Əliyevin ölkə həyatının hər sahəsində, o cümlədən, təhsildə və hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkilində də qazanılan nailiyyətlərdə misilsiz rolu vardır. Təhsil prosesində hərbi vətənpərvərliyə geniş yer ayrılması, bu işin düzgün və ardıcıl qurulması məhz dövlət başçısının həmin sahəni vacib sayaraq, diqqətdə saxlamasının nəticəsidir.

Ölkəmizdə hərbi təhsilin səviyyəsi və keyfiyyəti yüksəldikcə, bu sahədə dünyanın ən qabaqcıl texnologiyaları və elmi kəşfləri əsasında kadr hazırlığı, yeni silah-sursat istehsalı və təchizatı həyata keçirildikcə hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində də cəmiyyətdə, xüsusilə gənclər arasında, həmçinin orduda böyük təbliğat-təşviqat işləri həyata keçirilirdi.

Ölkə daxilindəki məruzə və çıxışlarında, xarici mətbuat agentliklərinə verdiyi müsahibələrdə cənab Prezident İlham Əliyev ürəklə və inamla tezliklə torpaqlarımızın işğaldan azad olunacağını bildirirdi. Dövlətimizin rəhbərinin illər boyu hərbi vətənpərvərliyin güclənməsi ilə bağlı söylədiyi nitqlər, qeyd etdiyi fikirlər orta və ali məktəblərdə, ümumən təhsil prosesində hərbi vətənpərvərlik ruhunun daha dərindən aşılanmasına təkan verib.

Heç şübhəsiz, ötən onilliklər ərzində Azərbaycan təhsilində müntəzəm və geniş yer verilən hərbi vətənpərvərlik tərbiyəsi aşılama işinin başlıca hədəfi böyüməkdə olan nəsillərdir. Gənclərin bu ruhda yetişərək vətənə layiqincə xidmət etmələri müasir Azərbaycan üçün həyati əhəmiyyət daşıyan şərtdir. Təsadüfi deyil ki, respublikanın ictimai, mədəni, elmi, sosial-iqtisadi və hərbi həyatında mühüm rola malik görkəmli şəxsiyyətlərlə yanaşı, gənclərimiz də hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Hərbi vətənpərvərlik ruhunda təlim-tərbiyə alaraq yetişmiş gənclərimizin xidmət və fəaliyyətlərinə Przident İlham Əliyev daima yüksək qiymət verib. Dövlətimizin rəhbəri bu mövzudakı çıxışlarının birində sonsuz inam və qətiyyətlə bildirib: "Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər".

Gəncliyə, yeni nəsillərin məktəbdə və ondan da əvvəl ailədə yüksək vətənpərvərlik ruhunda tərbiyə almasının zəruruliyini dəfələrlə qeyd edən Prezident İlham Əliyev  Azərbaycanı dünyanın iqtisadi və hərbi cəhətdən ən inkişaf etmiş, qabaqcıl ölkələri sırasında görmək arzusunu çıxışlarının birində belə ifadə edib: "Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri".

Digər bir məqamda isə dövlətimizin başçısı bu fikirləri vurğulayıb: "...Biz gələcəyə baxmalıyıq, müasir ölkəyə çevrilməliyik. Həm infrastruktur baxımından, həm dünyagörüşü baxımından, həm təhsil baxımından - bütün parametrlər baxımından biz müasir dövlət olmalıyıq ki, dünyada və bölgədə öz yerimizi daha da möhkəmləndirək".

II Qarabağ müharibəsi - Vətən savaşımız müstəqilliyin ilk illərindən etibarən uşaq bağçalarında və orta məktəblərdə, həmçinin ali təhsil ocaqlarında milli hisslər, güclü hərbi vətənpərvərlik ruhu aşılanmış Azərbaycan gəncliyi üçün şərəfli bir sınaq oldu. Çox sevindirici haldır ki, bütövlükdə dövlətimiz və xalqımız kimi, ölkə gəncliyi də bu sınaqdan uğurla, zəfərlə çıxdı. Biz - şabranlılar qürurlanırıq ki, bu müqəddəs savaşda qələbəmizi təmin edən vətənpərvər oğullar sırasında Şabran məktəblərinin, rayonun pedaqoji-təhsil mühitinin yetirdiyi igidlərin də adları var.

Heç şübhəsiz, indiyədək qazanılan möhtəşəm uğurlarla kifayətlənmək zamanın tələbindən geri qalmaqla nəticələnə bilər. Ona görə də digər istiqamətlər kimi, bu sahədə də fəaliyyət ardıcıl davam etməli, ölkəmizdə vətənpərvərlik və hərbi-vətənpərvərlik ideyalarının təbliği təkcə təhsil qurumlarının, uşaq və gənlər təşkilatlarının və ordunun vəzifəsi olmamalı, bütün cəmiyyətin gündəlik işinə, həyat tərzinə çevrilməlidir.

 





29.04.2024    çap et  çap et