TÜKƏNƏN DÖZÜM
Qopubdu budağından -
Sonuncu yarpaq - umud...
Şillə yeri kimidi -
Göy üzündəki bulud...
Baxıram gözlərimin
Didəsinə hopur o...
Gözlərimlə bərabər -
Göy üzündən qopur o...
Bu mənzərə ruhuma
Bir sızıltı yaşadır...
Ümidsizlik içimin -
Sükutuna daş atır...
Şillə yeri qaraldır
İstəyimin yanağın...
Ümidsizlik çatladır -
Dözümümün çanağın...
TƏZƏ-TƏR
Doğulandan doğmamdı -
Gül nəfəsin - təzə-tər.
Gülün məni oxladı -
Tələs onu təzə dər.
Həsrətinin soyduğu -
Ürəyimdi - oyduğu.
Baxışının soyuğu
Yaraları təzələr.
Günlər təklikdən yağır
Dərd boylanır, qəm baxır...
Kirpiklərimdən axır -
İsti yağış, təzə tər...
***
Mən duaçı, sən isə
Duaların ünvanı...
İsit pıçıltılarla -
Sinəmdəki yuvanı...
Qanadlanan xəyalım
Pərvanəndi - səbirsiz...
Sənsiz ötən anlarım -
Dəfn olunur qəbirsiz ...
Dayan, arxaya dön bax
Dizim torpağa çatır...
Göyərib olub tağ-tağ -
Ürəyimdəki yatır...
Dualarla suvarıb,
Göz yaşımla yumuşam...
Əl vurma, ürpənərsən -
Keçinmişəm - soymuşam!
***
Sözlərim göydə göynəyir
Titrəyən dizlərim yerdə...
Mən dərdə qoşulub gəldim -
Sevincim qaldı geridə...
Yüyürdüm çatıb söz alam
Yanmağa çınqı - köz alam.
Bilmədim onla - öz aram -
Keçilməz pərdədi - pərdə...
Günlərim tay şumdu, ləkdi
Ürəyimi ağrı çəkdi...
Unutdum ki, Tanrı təkdi -
Vaxtı çatmır hər bir fərdə.
QORX
Kirpikdə yaş jalədi
Ölən ruhum halədi...
Kişi ahı nalədi -
Bir kişi ahından qorx...
Günün, anın içində
Ürək canın içində...
Ölür, qanın içində -
Ömrün günahından qorx...
Tikanlanır yol, cığır
Qamçı yeri - zol çıxır...
Can neçə min yol çıxır -
Canım, sabahından qorx...
BİZİM YERİMİZ
İkimiz eyni gündə
Köçək, şəhər darıxsın...
Gözlənilməz addımdan -
Şəhər hətta karıxsın...
Bilməsin nələr olur
Nədən köçüb gedirik...
Səbir kasamız dolur -
Nədən keçib gedirik...
Baxsın, süzsün eləcə
Dolmuş, donuq baxışla.
Köçək səndən beləcə -
Heç deməyək bağışla ...
İkimiz eyni vaxtda
Köçsək şəhər boş qalar...
İkimizin yerini -
Tuta bilməz başqalar...
GÖYÜN O BİRİ ÜZÜNDƏKİ
Yer üzü çiçəklərin
Yer üzü -
mələklərin
Doğrusu sən -
nə çiçəklərin,
nə də ki,
mələklərin
arasından baxmırsan -
Günəş kimi.
Amma ...
Nura bələyəndən içimi
Mən
toplayıb gücümü
Səni axtarıram
Göyün altında,
Öyrənmək üçün
Kimliyini -
Göyün
O bir üzündəki -
Qadın!..
***
Məni
gözlətməyi
gözlədə-gözlədə də
kösöv kimi
için-için
közərtməyi
həm sevirsən,
həm də
bacarırsan...
Mən
gözləyəndə
için-için
közərəndə
Sən nə edirsən? -
Bəlkə
dilə tutursan
ürəyini!
Bilmirəm
və ağlıma da
gətirmirəm...
Sadəcə
özüm-özümə
Allahın
eşidəcəyi səslə -
Sevgi dolu həvəslə -
Oturub,
ya da pəncərə önündə
durub,
indi
məni gözləyir! -
deyirəm...
ÖLDÜR ÖZÜNDƏ MƏNİ
Nə vaxtdır ki, boğuram
İçimdəki hikkəmi.
Allaha çatdırıram -
Daha dəli cikkəmi.
Günah nədi? - sevməkmi
Sevmək nədi? - günahmı
Talehimə sevməyi -
Günah yazan Allahmı?!
Bircə sualdı həyat -
İndi gözümdə mənim.
Allah, sevgimi yaşat -
Öldür özün də məni!
SƏN MƏNDƏSƏN
Mən yuxusu çin olmayan
Xəyalı daşlaşmış biri...
Cismi hələ ki, soymayan -
Ruhu ölmüş diri-diri -
Bəndəyəm...
Mən səsi sularda itən
Duası daşlarda bitən
Qibləmsən! - dediyim Vətən -
Səndəyəm...
Ruhun tozun silirsənsə
Sildiyinə gülürsənsə...
Məni özün bilirsənsə -
Məndəyəm...
BU SEVGİ HAQQI
Sən özün bilərsən nə düşünürsən
Mənim yaşadığım bu sevgi haqdı!
Gözlərim görür ki, tək üşüyürsən -
Mənim güvənc yerim bu sevgi haqqı!
Dağı düzə çəkək, düzü dərəyə
Sən ovsan, mən ovçu - gəldik bərəyə...
Bir dəfə pay düşür bil ki hərəyə -
Belə bir sevgidən - bu sevgi haqqı!
Tut oda, tut suya, günə yönünü
Bəzə xəyal ilə bütün ömrünü...
Heç vaxt uduzmazsan açıb könlünü -
Sən məni sevginən, bu sevgi haqqı!
Ürək söz çəməni, çiçəklər tər söz
Könlün istəyəndə çəkinmə, dər söz.
Mənə təsəllidi dediyin hər söz -
Doymuram sevgindən bu sevgi haqqı!
ƏLİNİ ÇƏKİB APARDI
Səssizcə, heç nə demədən
Ürəyi söküb apardı...
Elə etdin ki, getmədən -
Sevinci töküb apardı...
Gözün ağına xal düşdü
Sanki bir qara şal düşdü...
Dərd çapan atdan nal düşdü -
Enib, diz çöküb apardı...
Gecənin ən qərib vaxtı
Daş üstə şəkilə baxdı...
Kirpikdən cüt gilə axdı -
Əlini çəkib apardı...
İBADƏTDİ NİYYƏTİM
Mən öz ziyarətimə -
Tellərindən başladım...
Yanaqlarını öpüb -
Əllərini oxşadım...
Gözüm dolaşıb gəldi,
Gözünün dərinliyin...
Ruhuma köçürtdüm mən -
Ruhunun sərinliyin...
Yaşatdığın yaşamla
Kədəri yaş qopartdın...
Gizli axan yaşımla -
Sinəmdən daş qopartdın...
Düşündüm qəbul oldu
Ziyarətim - biətim!
Namaz otağım sinən -
İbadətdi niyyətim!
GÖZÜNÜ SIX
Bir ümid quyusuna
Çınqı boyda daş atım...
O daşı çıxaracaq -
İnamımı yaşadım...
Məni sevincdən uzaq
Kədərin ovcunda tut...
Məni üşütsün sazaq -
Üşüdüyümü unut...
Bu təzadın içində
Qoyma ayılsın başım...
Gözünü sıx üçümdə -
Çiliklənsin qoy daşım...
ÜSTƏ
Qayğıyam artıq sənin
Cənnət yolunun üstə...
Didilmiş şaldı ruhum -
Al, at qolunun üstə...
Çiləsin, ya da vursun
Göz yaşının durusun...
Sər cismimi, qurusun -
Tikan kolunun üstə...
Məndən nimdaş ömrü al
Qalxsın ortadan sual...
Adımı duana sal -
Nakam ölünün üstdə...
GÖSTƏR
Sənə doğru gəlirəm
Harda durum? - sən göstər...
Məsafəni bilirəm -
Sən də çalış tən göstər...
Gumanla bu yaşımda
Dumanlanıb başım da!
Dil-dil ötür daşım da -
Ona ilğım - çən göstər...
Dözmür ta sıxılmağa
Az qalıb yıxılmağa...
Ruhuma sığınmağa -
Sinəndə Vətən göstər!..
MƏNİ ÜRƏYİN SEÇDİ
Danışdırır, güldürür
Kirpikdən nəm sildirir.
Pıçıltıyla bildirir -
O ürək seçir məni
Günlər üyünür belə
Əlini çəkir telə...
Gecikdirmə, tez elə -
Sən ürək köçürməni...
Durub dediyin həddə
Çatdım çəkdiyin xəttə...
İynə gözündən hətta -
Gərəksə keçir məni...
GEDƏCƏM
Məni bir az ovcunda tut,
Sonra da uçur! - gedəcəm...
Canımdakı məhəbbətdən -
Qalacaq puçur, gedəcəm...
Bir daş at qəlbin gözünə
Baxma kimsənin sözünə
Bir az cəfa ver özünə -
Sən özün qaçır! - gedəcəm...
Demirəm özünü yor, bax
Qopan meyvədi, ya yarpaq?!
Mənimçün ayrılmış torpaq -
Yaxasın açır - gedəcəm!..