İsmayıllı rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 30 nəfər müraciət edib.
Bu barədə Trend-ə xəstəxanadan məlumat verilib.
Məlumatda bildirilir ki, müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 26 nəfərin vəziyyəti yüngül olduğundan evə buraxılıb.
Hazırda xəstəxanada 4 nəfər müalicə alır ki, onlardan 2-si azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, avqustun 27-də axşam saatlarında İsmayıllı rayonunun Qəzili kəndində kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində keçirilən kiçik toy məclisində zəhərlənmə olub. Ziyafət iştirakçılarından bir qisminin səhhəti pisləşib və onlar xəstəxanaya müraciət ediblər.