|
|
|
|
Fevralın dörd ildən bir təkrarlanan sonuncu günündə Sumqayıtda, Əli Kərim adına Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, Rəşad Məcidlə görüş keçirildi.
Görüşdə müəllifin yeni çap olunmuş "Qələmsiz yazılanlar" kitabı sumqayıtlı oxuculara təqdim edildi.
Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı Rəşad Məcidin həyat və yaradıcılığı haqqında oxucuları ətraflı məlumatlandırdı.
Ənənəyə uyğun olaraq, ilk söz Sumqayıt ədəbi mühitinin ağsaqqalı - fərdi təqaüdçü, şair Əşrəf Veysəlliyə verildi. Görüşə dəvətdən məmnunluq duyduğunu deyən Ə.Veysəlli özünün "Şair" şeiri ilə hər kəsi salamladı.
R.Məcidlə bağlı düşüncələrini, AYB sədri, Xalq yazıçısı Anarın 80 illik yubileyi münasibətilə İstanbulda keçirilən tədbirdə birgə iştirakları barədə xoş xatirələrini bölüşən fərdi təqaüdçü, Əməkdar müəllim, şair Ofelya Babayeva onun gəncləri dəstəkləməsini, ədəbi mühitdə tanınmalarına yol açmasını yüksək qiymətləndirdi.
Filologiya üzrə elmlər doktoru, şair Rafiq Yusifoğlu "525-ci qəzet"də ilk dəfə çap olunmağından, bu qəzetin ictimai, ədəbi-mədəni həyatımızdakı rolundan danışdı. Rəşad Məcidlə ünsiyyət tarixçəsinin maraqlı epizodlarını dilə gətirdi.
Gənclərin təmsilçisi olaraq söz demək fürsəti isə mənə verildi. İndiyədək qarşıma çıxan fürsətlərdən yararlanmağı bacarmasam da bundan bəhrələnib, Rəşad Məcidi Sumqayıt gəncləri adından salamladım. Gənc Ədiblər Məktəbinin fəaliyyətindən, həyatımdakı rolundan danışıb sumqayıtlı gənc yazarların təklif və istəklərini səsləndirdim. Bu görüşün 1988-ci ildə yaranmış, lakin son zamanlar fəaliyyətini dondurmuş "Dəniz" ədəbi birliyinin yenidən canlanması ilə eyni vaxta təsadüf etdiyini, bu birliyin gələcəkdə AYB və Gənc Ədiblər Məktəbi ilə əməkdaşlıq niyyətini, Sumqayıtda respublika gənc ədiblərinin I forumunun keçiriləcəyini iştirakçıların, xüsusən də R.Məcidin diqqətinə çatdırdım və bu yöndə ondan dəstək istədim.
Rəşad Məcid Sumqayıtın ədəbiyyat, mədəniyyət sahəsinə hər zaman istedadlı insanlar bəxş etdiyini bildirdi: "Ötən il Sumqayıtın 70 illlik yubileyində Prezident İlham Əliyevin mükafatlandırdığı və təltif etdiyi sumqayıtlılar arasında ədəbiyyat adamları üstünlük təşkil etdi. Bunun özü də ədəbiyyat adına sevindirci haldır. Azərbaycan Yazıçılar Birliyi sumqayıtlı gənclərə həmişə dəstək olub. Bundan sonra da bu dəstəyini davam etdirəcək. Gənc Ədiblər Məktəbinin üzvləri arasında sumqayıtlılar xüsusi aktivlik göstərirlər. O imzalardan bir çoxu bu gün ədəbiyyat sahəsində kifayət qədər tanınır".
Bədii qiraətçi Xəzər Süleymanlı Rəşad Məcidin məşhur "Çiyələk qadın" və başqa bir neçə şeirini səsləndirdi. Sumqayıtlı gənclərdən Həbibə xanım, Mətanət xanım, kitabxana əməkdaşı Gülnar Ümid, "Dəniz" ədəbi birliyinin üzvlərindən Esmira Günəş, Sevda Alısoy da müəllifin şeirlərini səsləndirərək həm müəllif, həm də iştirakçılar tərəfindən alqışlandılar.
Əməkdar jurnalist Rəhman Orxan Rəşad Məcidin rəhbərlik etdiyi "525-ci qəzet"in fəaliyyətini jurnalistikamız üçün fəxr qaynağı hesab etdiyini, onun ədəbi mühitə obyektiv yanaşmasını, ədalət prinsipinə daima əməl etdiyini vurğuladı.
Bədihəçi-şair, AYB-nin Qubadlı Regional Bölməsinin sədri Namiq Mənanın dostyana çıxışı da, Sumqayıt bölməsinin məsləhətçisi, şairə Xatirə Fərəclinin və Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Filialının sədri, ağbirçək şairəmiz Qənirə Mehdixanlının çıxışı da bu görüşə xüsusi rəng qatdı.
Tədbirin sonunda aparıcının və oxucuların təkidi ilə öz şeirlərindən bir neçəsini səsləndirən və kitab imzalayan Rəşad Məcidin Sumqayıtdakı bu görüşə - "Qələmsiz yazılanlar"ın təqdimatına qələmsiz gəldiyi məlum oldu. Kitab qələmsiz də yazılsa, qələmlə də yazılsa, onu imzalamağa mütləq bir qələm lazımmış, deməli.
Müəllifin status və SMS esselərdən ibarət kitabını oxuya-oxuya bir daha əmin oldum ki, Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyindəki statusunu layiqincə doğruldur. Və ona da əmin oluram ki, yaradıcılığında özünü qabarıq şəkildə biruzə verən gənclik ruhu, elitar yumor, rəngarəng duyğular hələ uzun zaman onu tərk etməyəcək.
Bizə isə onu oxumaq, təbrik etmək və xoş arzumuzu bildirmək qalır: Qələmlə də, qələmsiz də yazsanız, qəlbiniz şövqdən, zehniniz kəsərdən düşməsin, Rəşad müəllim!
Elvin ƏLİZADƏ
Əli Kərim adına Sumqayıt Poeziya Evinin təşkilatçısı