Azərbaycanda qara və əlvan metalların geoloji axtarışı və qiymətləndirilməsi işlərinin aparılacağı zonalar müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə 2021–2023-cü illərdə Somxit-Qarabağ və Qazax-Ağcakənd metallogenik zonaları hüdudlarında dəmirə, kobalta və nəcib metallara (qızıl, gümüş) perspektivli sahələrdə geoloji axtarış işlərinin aparılmasını təmin etməlidir. Bu iki nazirliyə 2021–2024-cü illər ərzində isə Qazax-Ağcakənd metallogenik zonası hüdudlarında manqana perspektivli sahələrdə və Vəndam struktur-formasiya zonasında (İsmayıllı rayonu ərazisində) qızıla perspektivli konqlomeratlarda geoloji axtarış işlərinin aparılmasını təmin etmək də tapşırılıb.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2021-2024-cü illərdə Duruca (Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı rayonlarının əraziləri) strukturunun eninə qırılma zonaları və mürəkkəbləşmiş bloklarında qara metallara (molibden) filizləşmə zonalarında, Tufan və Somxit-Qarabağ strukturformasiya zonalarında mis filizinə perspektivli sahələrdə, Qusar-Şabran və Şamaxı-Qobustan ərazilərində çökmə mənşəli radioaktiv elementlərə perspektivli sahələrin qiymətləndirilməsi işlərinin aparılmasını təmin etməlidir.