Aprelin 8-də Vışeqrad Qrupu (V4) ölkələrinin Xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığı ölkələri üzrə video-konfransı keçirilib.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Vışeqrad Qrupuna sədrlik edən Çex Respublikası tərəfindən təşkil olunan bu video-konfrans V4 ölkələrinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə öncədən planlaşdırılan, lakin COVİD19 pandemiyasına görə ləğv olunan görüşünü əvəz edib.
Video-konfrans nəticəsində Vışeqrad dördlüyü Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı birgə bəyannamə qəbul edib. Bəyannamədə ŞT-nın Aİ-nin xarici fəaliyyətində yüksək prioritet təşkil etməsi və strateji əhəmiyyətini qoruyub saxlamasının vacibliyi qeyd edilir, burada Aİ-nin Şərq tərəfdaşlarına münasibətdə siyasəti ilə bağlı müddəalara yer ayrılaraq, bu siyasətin ŞT-nın əsasını və bölüşülən dəyərləri əks etdirməsi, habelə onun inklüziv olması və tərəfdaş ölkələrin seçiminin dəstəklənməsi və bu ölkələrin istək və öhdəliklərinə uyğun olaraq fərqləndirilməsinin önəmi qeyd olunur.