https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
https://525.az/img/pics/medium/2024-03/308239_xq8r14gjca.jpg DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz 
https://525.az/img/pics/medium/2024-03/308180_5psm62z4op.jpg Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg DAİM GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ SƏBƏBİ - Rafael Hüseynov yazır
search
28 Mart 2024
27 Mart 2024

Sıra bizimkilərə də çatdı...

Sıra bizimkilərə də çatdı...

Dünyanı cənginə alan koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Ölkə rəhbərliyinin ilk gündən atdığı düzgün addımlara, vaxtında verilmiş doğru qərarlara baxmayaraq, ölkəmizdə artıq taclı virusa yoluxanların sayı 21 mini ötüb, 274 nəfər isə vəfat edib.

Başqalarını günahlandırmaq, qınamaq çətin deyil, bəlkə də, çox asandır. Yoluxmanın bu həddə çatmasına görə TƏBİB-i də, məsuliyyətsizliyə görə vətəndaşlarımızı da qınaya bilərik. Amma kimisə günahkar çıxarmaq nəyisə dəyişməyəcək. İndiki məqamda yeganə çıxış yolu qaydalara tam riayət etməkdir. Yalnız bu halda özümüzü, sevdiklərimizi, ətrafımızı qoruya bilərik.

İlk gündən əksəriyyətimiz inanmırdıq, "boş söhbətdir" deyirdik. Amma artıq inanırıq, koronavirusun mövcudluğuna əminik. Çünki artıq yoluxanlar sırasında tanıdıqlarımız, həmkarlarımız da var. Təəssüf ki, sıra idman mətbuatına da çatıb.  

İki gün əvvəl idman cəmeəsi - idmançısından məşqçisinə, federasiya rəsmisindən jurnalistinə kimi hər kəs İdman TV-nin iki əməkdaşının - Fikrət Adıgözəlli və Rövşən Binnətlinin koronavirusa yoluxması xəbərinin məyusluğunu yaşadı. Öyrəndik ki, virusa yoluxan dəyərli həmkarlarımız, ustadlarımız hazırda xəstəxanadadırlar. Təbii ki, hər kəs kimi biz də onlara Allahdan şəfa diləyir, tezliklə sağalmalarını, işlərinin başına qayıtmalarını arzulayırıq. Göydə Allahın, yerdə həkimlərin sayəsində ən qısa zamanda həm Fikrət müəllimi, həm də Rövşən müəllimi yenidən iş başında görəcəyimizə əminik.

İşin içində olanlar bilir, bu gün idman mətbuatı çox çətin dövrdən keçir. Məsələ təkcə pandemiya səbəbindən ölkənin idmansız, idman mətbuatının mövzu kasadlığı ilə üz-üzə qalmasından getmir. İdman mətbuatında olan maddi sıxıntılar bir çox həmkarımızı peşəsini dəyişməyə vadar edib, meydan qalıb, böyük ölçüdə, naşıların ümidinə. Məhz bu səbəbdən hazırda idman mətbuatında ağsaqqal hesab oluna biləcək cəmi 3-5 nəfər var ki, koronavirusa yoluxan Fikrət Adıgözəlli də, Rövşən Binnətli də həmin siyahıdadırlar. Odur ki, ustadlarımız təkcə özləri, ailələri, sevdikləri üçün deyil, həm də bizim - gənc həmkarları üçün virusa qalib gəlməlidirlər.

Fikrət Adıgözəllinin səsini hər zaman AzTV-dən eşitmişik. 90-cı illərin ortalarından 2000-ci illərin əvvəlinə kimi dövlət kanalında izlədiyimiz idman yarışlarından üç şərhçinin səsi daim yadımızda qalıb - Fikrət Adıgözəlli, Elnur Əşrəfoğlu və Altay Əliyev.

İdman jurnalistikasında keçirdiyim 16 il ərzində Fikrət Adıgözəllidən fərqli olaraq Rövşən Binnətlini daha yaxından tanımaq imkanım olub. Əminliklə söyləyirəm ki, Rövşən müəllim bu gün idman mətbuatında ən savadlı, peşəsinə ən sadiq, heç vaxt maddi məsələləri birinci sırada tutmayan həmkarlarımızdandır. Rövşən müəllim heç vaxt bəziləri kimi gözə girməyə çalışmayıb, hansısa vəzifədə gözü olmayıb. Savadı, təcrübəsi, peşəkarlığı daha yuxarı yerlərdə olmasına imkan versə də, o, hər şeyi zamanın öhdəsinə buraxıb. Uzun illər çətinliklərə sinə gərib.

Nəhayət, son 1-2 ildə çəkdiyi əziyyətin bəhrəsini görüb. Əvvəlcə sevənləri Rövşən bəyi məcburi köçkünlər üçün inşa olunmuş "Qobu park" yaşayış kompleksindən ev alması münasibəti ilə təbrik etdilər. Dövlət başçısı bir çox məcburi köçkün kimi, Rövşən Binnətlinin də ev problemindən qurtulmasına yardımçı oldu.

Ötən ilin oktyabrında isə R.Binnətli İdman TV-yə rəhbər təyin olundu. Buna qədər "Lider" kanalında, CBC Sport-da çalışan, gənclərə yol göstərən Rövşən müəllim 1 ildən bir qədər az müddətdir ki, zəngin təcrübəsini, bacarığını İdman TV üçün sərf edir.

Həmin təyinatdan sonra artıq Rövşən müəllim bütün çətinliklərə qalib gəldi deyə düşünürdük ki, 2 gün əvvəl yayılan xəbər yenidən hər birimizin məyusluğuna səbəb oldu. Həyatda bir çox sınaqlardan üzüağ çıxan Rövşən müəllim koronavirusa da qalib gələcək. Biz buna inanırıq. İşinizin başına tez qayıdın, Rövşən müəllim. İdman mətbuatının hələ sizdən öyrənəcəyi çox şey var. Bizim ikinci Rövşən Binnətlimiz, ikinci Fikrət Adıgözəllimiz yoxdur...

İbrahim CƏFƏROV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.