Bu, elmimiz, Milli Elmlər Akademiyamız, alimimiz haqqında düşüncələrdir və həmin duyğuları hər kəslə bölüşmək isə həm daxili ehtiyacdan doğur, həm də bugünün, vaxtın diktəsidir.
Yazmaq çətinləşdi!
Adın, imzanın məsuliyyət yükü bir an içində birə-beş artdı.
2014-cü ilin son iyun günü zahirən təqvimin sıradan olan bir günü idi. Amma ertə saatlardan başlayaraq gecə yarıyadək davam edən hadisə həmin günün mənasını büsbütün dəyişdi.
7 illik fasilədən sonra Azərbaycan Milli Elmlər Akademiyası həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilər yalnız elmimizin bu baş qərargahının deyil, bütövlükdə ölkənin düşüncə həyatının əlamətdar bir hadisəsinə çevrildi.
Mən də o gedişatda iştirak edənlərdən və seçilənlərdən biri idim və nəticələr rəsmən elan edilərkən içərimdən keçən ilk duyğu bu oldu ki, daha əldə etdiyim hansısa elmi nəticəni ortaya çıxararkən, hansısa rəyi imzalayarkən, hansısa mövzu və şəxs haqqında çıxış etmək təklifi alarkən əvvəlki kimi sərbəst ola bilməyəcəyəm. Bundan sonra hər gün və hər an elmdəki ən ali "akademik" titulunun çəkisini, siqlətini qorumaq lazım gələcək.
Adlar və titullar ardında gizlənmək, onlardan yararlanmaq üçün zireh deyil.
Ətraf hər şeyi aydın görür, dəyərləndirir və adlarla titullar da, əslində, çox şəffafdır, böyüdücü şüşə kimidir - qabında nə olduğunu bir az da aydın nümayiş etdirir; aldığın ada və titula layiqsənsə, ləyaqətini bir az da qabardır, o ada və titula yaraşmırsansa, uyğunsuzluğunu bir az da əyaniləşdirir.
1995-ci ilin oktyabrı idi, Birləşmiş Millətlər Təşkilatının 50 illiyi mərasimlərində iştirak etmək üçün Azərbaycan dövlətinin başçısı Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorka uçurdu.
Rəhmətlik Heydər Əliyevin bir şakəri vardı ki, belə xarici səfərlər zamanı müəyyən məsafə qət olunandan, özü ilə apardığı nümayəndə heyətinin üzvləri nahar edəndən sonra qalxardı, cərgələrin arası ilə gəzib hamı ilə hal-əhval tutardı.
Kiməsə hansısa tapşırıq verərdi, kimdənsə nəsə soruşardı, kiməsə keçmişlərdən xoş məqamları xatırlayaraq deyib-gülər, 5-10 dəqiqə içərisində bütün gərginlikləri dağıdar, mehriban bir ovqat yaradardı.
Amerikaya yolumuz uzun idi və səmaya qalxandan bir neçə saat sonra Heydər Əliyev,adəti üzrə,yenə təyyarə başmaqseyrini başladı.
Gəlib mənə çatanda elə bizimlə eyni təyyarədə uçan bir nazirin adını çəkərək: "O nədir, eşitdim, filankəs haqqında kitab yazırsan",- dedi.
Bütün bunları təbəssümlə, qəlbə toxunmayacaq bir tərzdə deyirdi və əlavə etdi: "Sən klassiklər haqqında yazırsan. Nizamidən yazmısan, Məhsətidən yazmısan, Caviddən yazmısan. Bu haranın klassiki olub ki, ondan yazırsan?"
Gülüşdük.
Daha bir neçə nəfərlə beləcə söhbətləşəndən sonra geri döndü, təyyarədəki kabinetinə çataçatda onu ayaq üstə gözləyən dəstənin yanında dayandı.
Həmin nazir də orada idi.
Heydər Əliyev ona sarı çevrilərək bayaqkı şuxluq, bir az da məzəmmətqarışıq replikasına yenə qayıtdı: "Rafaeli cəlb eləmisən, sənin haqqında kitab yazır. O, adətən, klassiklərdən yazır. Yox, əgər sən də özünü klassik hesab edirsənsə, get Gürcüstanın arxivlərindən bir arayış tap gətir ki, XIX əsrdə doğulmusan".
Yenə gülüşdük...
Və Bakıya qayıtdıqdan sonra daha həmin yazını davam etdirmədim.
Ayaqüstü, sanki elə yola körpü salmaq üçün edilmiş o söhbəti yadımda xeyirxah nəsihət kimi biryolluq saxladım.
Bu sözləri sadə adam deməmişdi. Bunu söyləyən dünyanın altını da, üstünü də bilən, dərin, aqil bir şəxsiyyət idi.
"Öz qədrini özün bil" deyirdi, "imzanı qoru" deyirdi və "sanbalı saxlamağa çalış" deyirdi.
O gündən o nəsihət mənimlədir və yəqin ki, bundan sonra həmin öyüdə (artıq həm də vəsiyyətə) bir az da artıq riayət etməli olacağam.
Bakı Dövlət Universitetini (o vaxt Azərbaycan Dövlət Universiteti idi və tək idi) bitirdikdən sonra təyinatla gəldiyim Elmlər Akademiyası ömrüm boyu mənim yeganə iş yerim olub. Bu ocağın son 30-35 illik tarixinə bilavasitə müşahidələrimdən, ondan əvvəlki olmuşlara da qocaman həmkarlarımın xatirələrindən bələdəm.
Qətiyyən şübhə yoxdur ki, Elmlər Akademiyası XX yüzildə Azərbaycanın qazandığı ən misilsiz sərvətlərdəndir. Xalqımızın tarixin qədimlərindən qismət olmuş zehin enerjisi məhz ötən əsrdə bu mərkəzdə cəmlənərək səmtləndirilib, şaxələndirilib.
Onillərcə daxilində yaşadığımız nəhəng Sovet İttifaqının açdığı geniş imkanlardan da yararlanaraq Akademiyamızda güclü alimlər ordusu yetişib, bu işıqlı insanlar həm xalqımızın, həm ölkəmizin qüdrətinin artırılmasına əvəzsiz töhfələr veriblər.
Müasir Elmlər Akademiyamızın yaranış tarixini SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il yanvarın 23-də imzalanmış qərarından başlayırıqsa da, əslində, bu təvəllüd tarixi daha əvvələ aiddir. 1923-cü ildə böyük Azərbaycan ziyalısı Əbdürrəhim bəy Haqverdiyevin sədrliyi ilə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti elə indiki Akademiyamızın gerçək bünövrəsi sayılmalıdır. Lakin hər halda 1945-ci ildən ölkənin bu beyin mərkəzinin həyatında tamam yeni mərhələ başlanır və Elmlər Akademiyamız arxada qalan dövrdə həm şərəfli, həm də çətin, enişli-yoxuşlu bir yol keçib. Bu tarixçənin uğur dolu,qürur gətirən, fərəhli səhifələri ilə yanaşı, dramatik anları, nigaran çağları da olub. İllərlə min zəhmət bahasına qurulmuş bu möhtəşəm binanın dağıdılmaq təhlükəsi də yaşanıb. Həm də bu, uzaq tarix deyil.Akademiyanın bağlanması, ləğv edilməsi çağırışları və hədələrinin bütün ciddiyyəti ilə səsləndiyi o nəhs1992-ci il əl çatacaq qədər yaxındır.
Təfəkkürü, qələmi, ixtiraçılığı, icadçılığı ilə güclüdən güclü ola bilən alimlər, nə yazıq ki, bu qəbil şərlər, qısma-boğmalar qarşısında, adətən, müqavimətsiz qalırlar.
Heç bunu təsəvvürünüzə gətirməyinizi istəməzdim. Amma bir qorxulu yuxu kimi xəyaldan keçirəndə ki, birdən həmin qaragüruhun istədiyi baş tutaydı, Akademiya qapadılaydı, Akademiya kimi bir Mehraba, Bilik Yuvasına toplaşmış alimlərimiz dərbədər düşəydilər, sonramız necə olardı, nə qədər miskinləşərdik!
1993-cü il sentyabr ayının 21-i idi. Unudulmaz Heydər Əliyev növbəti dəfə çox sevdiyi, həmişə məmnuniyyətlə gəldiyi Elmlər Akademiyasının qonağı idi. Bu ziyalılar yığıncağı əzəmətli "İsmailiyyə"də - Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi binanın böyük zalında keçirilirdi.
Söz dövlət başçısına verildi.
O zamanlar xitabət kürsüsü səhnənin lap sağında bir qıraqda idi və Heydər Əliyev tribunaya sarı getmədi, ayağa qalxaraq nitqini yarızarafat-yarıciddi elə yerindəncə başladı: "Siz tribunanı küncə qoymusunuz. Məni də o küncə sıxmaq istəyirsiniz. Mən həmişə mərkəzdə olmuşam, elə indi də mərkəzdən danışacağam".
Heydər Əliyev Azərbaycan dövlətinə rəhbərlik etdiyi illərdə, müstəqilliyin başlanğıcdakı sınaqlı, mübarizəli dönəmində imkan vermədi ki, Azərbaycan elmini, Azərbaycan alimini, Azərbaycan Elmlər Akademiyasını küncə sıxsınlar, çökdürsünlər.
O, Azərbaycan elmini də, alimini də, Elmlər Akademiyasını da ictimai-siyasi həyatın tən mərkəzinə gətirdi, onlara daim diqqət, nəvaziş göstərdi, havadar oldu. Çünki ağıllı insan idi, müdrik şəxsiyyət idi, özü də gerçək bir alim idi. Cəmiyyətşünaslığın, siyasətin, dövlət işinin mütəfəkkir bilicisi idi. Elmə, alimə həyatı uzunu rəğbətlər bəsləmişdi - bunlar öz yerində. Təbii, orasını da gözəl anlayırdı ki, elmsiz, alimsiz, biliksiz xalq və dövlət inkişaf edə, yüksələ bilməz. Lakin Heydər Əliyev yalnız böyük vətənpərvər deyil, həm də müstəsna peşəkarlığa malik dövlətçi olduğuna görə elmi də güclü dövlət qurmağın ümdə vasitələrindən biri kimi qəbul edirdi, bu səbəbdən də hər an elmin, alimin yanında idi.
"Heç vaxt imkan vermək olmaz ki, kimsə, o cümlədən,Prezident bunu dağıtsın. Ola bilər, başqa prezident bunu etsin, amma mən heç vaxt bunu edə bilmərəm".
Heydər Əliyevin hafizəmdə əbədilik həkk olmuş bu sözlərini sanki onun öz səsində, özünün təkrarsız intonasiyasında eşidirəm.
1990-cı illərin əvvəllərində Elmlər Akademiyamız haqqında deyib bunları.
Unudulmaz Heydər Əliyevin bu millətə və dövlətə ən böyük hədiyyələrindən və xidmətlərindən biri də bu oldu ki, macal vermədi elmi, alimi, Akademiyanı gözdən salsınlar, sındırsınlar.
O, alimin,elmin, Akademiyanın hörmətinə hörmət, nüfuzuna nüfuz artırdı.
Bunlar unudulan deyil!
2003-cü il oktyabr ayının 13-ü idi. Növbəti gün sükut günü olacaqdı, namizədlərin, iddiaçıların seçicilərlə görüşləri bitirdi. Çünki ayın 15-də artıq yeni Azərbaycan Prezidentinin seçkiləri keçirilməli idi. Və Musiqili Teatrın binasında ən şanslı namizədin, az sonra ölkəmizə uğurla rəhbərlik etməyə başlayacaq İlham Əliyevin ənənəvi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçkiqabağı axırıncı görüşü təşkil olunmuşdu.
Onun yekun görüşünü Azərbaycan ziyalıları - alimlər, yazıçılar, sənət xadimləri ilə keçirməsində bir rəmz vardı.
Demək, o da, böyük Heydər Əliyev kimi, xalqının intellektual təbəqəsinə xüsusi diqqət ayırırdı, məhz cəmiyyətin bu qatını başlıca dayağı hesab edirdi.
Oktyabrın 13-ü idi və bu, milli tariximizin, ziyalılıq keçmişimizin bir başqa cəhətdən də qeyri-adi günü idi.
Həmin Musiqili Teatrdan az aralıda yerləşən digər ünvanda, keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin binasında 1937-ci il oktyabrın 13-də müdhiş millət faciəsi baş vermişdi. Azərbaycan elminin, ədəbiyyatı və mədəniyyətinin qaymaqlarını - Əhməd Cavadı, Böyükağa Talıblını, Bəkir Çobanzadəni, Vəli Xuluflunu, Məmmədkazım Ələkbərlini, Hənəfi Zeynallını... və neçə digər parlaq ziyalımızı bir gecənin içərisindəcə məhv etmişdilər.
Və tam təzad. XXI əsrdə millətini gələcəyə doğru irəlilətmək əzmində olan cavan lider xalqının düşünən beyinləri qarşısında idi və sizə arxalanıram deyirdi, bəyan edirdi ki, sizinlə olacağam.
Sanki indi həmin gündən əslində olduğundan da ikiqat artıq zaman keçib.
Yurdumuz illər öncə ulu öndər Heydər Əliyevin sabahlara ən dərin ümid və inamla söylədiyi "Azərbaycan dünyaya bir günəş kimi parlayacaqdır" sözlərinin həqiqətini hər yeni günlə daha artıq yaşamaqda və duymaqdadır.
Nailiyyətlərin təməlində duran ən əsas səbəblərdən biri isə budur ki, rəhbərin - Prezident İlham Əliyevin sözü ilə əməli üst-üstə düşdü, hər addımının ardında elm dayandı, xalqına, ilk növbədə isə xalqın üstün düşünən təbəqəsi olan ziyalıya, alimə, yaradıcı şəxsiyyətlərə arxalandı.
Qarşılıqlı olaraq bir-birlərinə dayaq, kömək oldular.
Nəticələr göz önündədir, bütün Azərbaycan boyuncadır.
Elmlər Akademiyamız, alimimiz, elmimiz İlham Əliyevli tarix parçasında necə irəliləyib, necə yüksəlib?
İndiki durumun 20 il, 30 il, daha əvvəlki tarixlərlə müqayisəsini aparanda həqiqətlər aydınlığı ilə təzahür edir.
Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı müddətdən bəri bəlkə də ən çox Akademiya və onun ayrı-ayrı müəssisələrində olub. Akademiyanın hər iki binasına dəfələrlə təşrif gətirib, bir neçə dəfə bu qurumun Tarix və Ədəbiyyat muzeylərinə gəlib. Və ziyarətlərdən sonra həmin binaların hər birinin hüsnü yerli-dibli dəyişib, əskiləşmiş, nimdaşlaşmış tarixi tikililər təmir və yenidənqurmaya məruz qalıblar, ömürlərinə ömür əlavə olunub.
Şamaxı Astrofizika Rəsədxanası imkansızlıqdan acınacaqlı vəziyyətə düşmüşdü, ən sadə qurğuları təmir etməyə belə gücləri çatmırdı, avadanlığın əksəri köhnəlib istifadə müddətini başa vurmuşdu.
Prezident qayğısı o səmtə də yönəldi, rəsədxananın elmi-nəzəri və təcrübi həyatında yeni, kökündən fərqli tərəqqi dövrü başlandı.
Prezidentlərin iş cədvəli həmişə dopdoludur, hər saat, hər dəqiqə ölçülü-biçilidr. Ensiklopediya üçün, Mərkəzi Kitabxanadan ötrü yeni, müasir tipli binalar inşa edilməsinə, onların zəruri avadanlıqla təmin edilməsinə sərəncam verirsə, işlərin keyfiyyətlə görülməsinin ardınca olursa, bəlkə də bunca vaxt darlığında o tikililərin istifadəyə hazır olması barədə məruzəni dinləmək də yetərdi. Amma Prezident gedir, obyektləri şəxsən qəbul edir, məsləhətlərini, tövsiyələrini verir. Bununla da bir daha təkrar etmiş olur ki, sizinləyəm, yanınızdayam!
Ötənlərdə Akademiyanın hansısa institutunda təzə bir şöbənin yaradılması həlli illərlə gözlənən müşküllərdən idi. Təkcə son bir neçə il ərzində Akademiyanın ayrı-ayrı təsisatlarında onlarla yeni elmi-tədqiqat şöbələrindən savayı, bir silsilə yeni, həm də müasir dövrün tələb etdiyi vacib institutlar yaradılıb, Akademiyanın Gəncə bölməsi qurulub.
Sanki Elmlər Akademiyasında qan təzələnib.
Mürgü, ətalət dağılıb, yeniləşməyə, güclənməyə, təzə söz deməyə coşqun canatma əmələ gəlib.
Akademiya yarandığı vaxtdan burada seçkilər keçirilib. Yaddaşlarda Akademiya üzvlüyünə seçkilərdəki əyintilərin, intriqaların, dəstəbazlığın xoşagəlməz söhbətləri də qalmaqdadır.
Çox olub ki, istedadlı, qiymətli əsərlər müəllifi oturuşmuş alimlər seçkiyə təsir imkanı olan bir dəstəyə deyil, başqa qruplaşmaya yaxın olduğuna, yaxud tam müstəqil olduğuna görə, biliyi, irsi, səviyyəsi ilə tam layiqsə də, Akademiyanın müxbir üzvü, həqiqi üzvü titullarına yiyələnə bilməyib.
Bu minvalla əsirgənən diqqət ucbatından hansısa böyük alimlər ruhdan düşüb, küskünləşib, bəzilərinin səhhəti zədələnib, yazıb-yarada biləcəkləri neçə əsər araya-ərsəyə gəlməyib.
Əgər 2014-cü ilin 30 iyununda Elmlər Akademiyamızda həqiqi və müxbir üzvlüyə ümumilikdə bütün əvvəlki seçkilərdən daha obyektiv, daha insaflı, daha ədalətli seçki keçirildisə, bununçün ilk növbədə Prezident İlham Əliyevə minnətdar olmalıyıq.
Əgər onun müəllifi, yaradıcısı olduğu sağlam humanitar siyasət mühiti, yaxşıya, ən layiqliyə üstünlük meyarları bərqərar edilməsəydi, ayrı-ayrı şəxslərin seçki gedişatına kobud müdaxilələrinin qarşısının biryolluq alınması üçün qəti mövqe və sərt iradə ortaya qoyulmasaydı, keçmiş naqisliklərin təkrarlanmayacağına kim zəmanət verə bilərdi?!
Dünyada hələ indiyədək hamını razı salan seçkinin varlığına rast gələn olmayıb. Qaliblərlə, imtahandan keçənlərlə yanaşı məğlublar, barını aşmayanlar da varsa, deməli, lap ən şəffaf, ən dürüst seçkilərdə də tək-tək inciklər tapılacaq.
Elə bu son seçkidə iddiaçı 300-dən artıq, tutulası yerlər cəmi 76-idisə, aydın məsələdir ki, öz ayranına turş deməyənlərin də müşahidə ediləcəyi labüddür.
Bu gün akademiklərimizin sırasında yaşı səksəni, doxsanı adlamış, lakin indi də cavanlıq şövqü ilə çalışan canlı klassiklərimiz, şöhrətli alimlərimiz var.
Həmin tarixi seçki günündə səhər 9-dan gecə 12 radələrinə qədər onların bir çoxu ilə ünsiyyətdə olmaq, xatirələrini dinləmək üçün də münasib girəvə yaranmışdı. Onlar mənimçün ən mötəbər şahidlər idilər və etiraf edirdilər ki, hələ indiyədək Elmlər Akademiyasında belə örnək sayılası, həm də dinc, qanqaralıqsız seçki olmayıb.
Keçmişdən epizodları yada salırdılar ki, alimlərin, Akademiyanın iradəsi qalırdı bir tərəfdə, Mərkəzi Komitədən hazır siyahı yollayırdılar ki, bunları seçməlisiniz.
Təəssüflə xatırlayırdılar ki, bir dəfə, guya, iradə göstərmək istəyiblər, öz aralarında dilbir olublar və üzərində təkid olunanı yox, daha layiqli olanı seçiblər.
Sonra da sadədilliklə yuxarıya hesabat veriblər ki, bəs tapşırdığınız şəxs qutudan çıxmadı, bu da bülletenlər, filankəs qalib gəldi.
Bülletenləri cırıb atıblar və bunu
nla da alimlərə başa salıblar ki, sizin sözünüz heçdir, nə demişik, o da olacaq.
Və indi ikiqat təəssüf eləyirdilər: "Heyif, sözümüzün, haqqın tam keçərli olduğu bu günlər yaşlı vaxtlarımıza təsadüf etdi".
Adları sadalayırdılar, köks ötürürdülər: "Heyif, o cür dəyərli alim müxbir üzv də olmadı!.."
"Heyif, əsl dahi idi, əlinə su tökməyə qabiliyyəti çatmayanlar irəli çəkildi, o, akademik ola bilmədi!.."
"Heyif, nə qədər qiymətli kitablar, məqalələr yaza, kəşflər edə bilərdi, haqsızlıqlarla çərlətdilər onu!.."
Qaysaq bağlamış yaralar təzələnməsin deyə adları yazmıram.
Ağsaqqal akademiklərimiz onların hər birinin adlarını çəkirdilər və görürdüm ki, umulmaz münasibətlər, köntöy yanaşmalar, yöndəmsiz seçkilər alimimizə də, elmimizə də, bütövlükdə Akademiyamıza da zamanında necə zərbələr vurub.
O cür fəsadlar olmasaydı, bəlkə də Akademiyamız indikindən qat-qat güclü olardı.
Olan olub, keçən keçib. Və müxtəlif vaxt kəsiklərinin tutuşdurmaları, Prezident İlham Əliyevin formalaşdırdığı elmə və alimə sayğılı münasibət mühiti ilə köhnə əyyamların müqayisəsi bir daha söyləyir ki, bugünün qədrini bilək və bu münbit ab-havanı gərəyincə dəyərləndirək.
Və mahiyyəti etibarilə Azərbaycanın bugünü və sabahına daha bir nəcib xidmət nümunəsi olan bu şəraitə görə Prezidentimizə dəfə-dəfə "sağ ol" deyək!
Bir siyasətçi və dövlət adamı olaraq Prezident İlham Əliyevin ən seçkin cəhətlərindən biri də budur ki, o, hadisələrə, proseslərə çox üstdən, panoramda nəzər salmağı bacarır, buna görə də həm detalları, ayrı-ayrı təfərrüatları, həm də ümumi mənzərəni aydın görür.
Digər tərəfdən, o, indinin, axarında olduğu günün səbirsiz problemlərini, təxirsiz suallarını dərhal cavablandırmağa çalışmaqla yanaşı, müdam gələcək haqqında düşünür.
Həm yaxın, həm də uzaq gələcək barəsində.
Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədərki inkişaf konsepsiyası da elə Prezident İlham Əliyevin elmimizin, alimimizin, Akademiyamızın fəth etməli olduğu yeni zirvələr haqda düşüncələrdən yaranıb.
Unudulmaz Heydər Əliyevin də, Prezident İlham Əliyevin də dünyaya, qitə-qitə səpələnmiş soydaşlarımıza üz tutaraq dönə-dönə elan etdikləri bir həqiqət var: "Harada bircə azərbaycanlı varsa, orada Azərbaycan var. Qüvvətlənən, qüdrətlənən, rövnəqlənən Azərbaycan sizin hər birinizindir və Yer üzünün hansı nöqtəsində yaşamasından asılı olmayaraq, Azərbaycan hər bir soydaşımıza arxadır”.
Prezident İlham Əliyevin mükəmməl düşünülmüş və məntiqi ardıcıllıqla apardığı azərbaycançılıq siyasətinin elmimizin gələcəyinə yönələn bir istiqaməti də elmi diasporumuzla bağlıdır.
Xaricdə yaşayıb çalışan, zəngin təcrübələr, biliklər toplamış soydaşlarımız Azərbaycan Milli Elmlər Akademiyasına, müştərək tədqiqatlara daha çox cəlb edilməli, eyni zamanda onlar da, öz növbələrində, əcnəbi həmkarlarını Azərbaycan sarı daha artıq yönəltməyə səy etməlidirlər.
Bu, siyasətlə elmin qovuşan məqamıdır.
Yəni bilgin qafaları ətrafımıza cəlb edərək elmimizi daha da artıraq, amma eyni halda xeyirxahlarımızın, dostlarımızın, silahdaşlarımızın da sıralarını getdikcə sıxlaşdıraq.
Azərbaycan Milli Elmlər Akademiyasının Cavid prospektindəki möhtəşəm binasının çevrəsinə vaxtilə hasar çəkilmişdi.
Prezident İlham Əliyevin binədən gözəl Bakını dünya şəhərlərinin ən gözəlinə çevirmək istəkləri çərçivəsində paytaxtımızda son illərdə aparılan qaynar quruculuq fəaliyyətlərinin dalğası Elmlər Akademiyasına yetişəndə ilk olaraq bu şəhərciyi əhatələmiş dəmir hasarlar götürüldü.
Bununla sanki Akademiya xalqa bir az da yaxınlaşdı, doğmalaşdı, Akademiya bağını məhrəm guşə sayanların, bura gəlib-gedənlərin sayı xeyli artdı.
Mən çox arzu edərdim ki, Milli Elmlər Akademiyası şəhərciyinin həmişə yamyaşıl bağında adları elm tariximizə qızıl hərflərlə yazılmış alimlərimizin abidələri ucalsın. Akademiyamızın qurucularından olmuş Mirəsədulla Mirqasımov da, Heydər Hüseynov da, elmimizə başucalıqları gətirmuiş Zahid Xəlilov da, Qasım Gül də, Həmid Araslı da, Xudu Məmmədov da, Azad Mirzəcanzadə də... və neçə-neçə başqaları hər gün burada görüşsünlər, əziz Akademiyaları ilə yanaşı olsunlar.
Həm də hər gün sıra-sıra insanları salamlayan bu surətlər gözlərə köçsün, gəncliyimiz yalnız idmançıları, aktyorları, musiqiçiləri deyil, xalqın elm tarixini yaratmış babalarını da tanısın.
...Akademiya üzvlüyünə qəbul edilmək də, oradan çıxarılmaq da həmişə çətin olub.
Dünyanın hər yerində çətin olub.
Bu yöndə baş verən hər ədalətsizlik də bir tarixçəyə çevrilərək dil-dil dolaşıb.
Məsələn, 1950-ci illərdə SSRİ rəhbəri Nikita Xruşşov ölkənin Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasına üzv olmaq eşqinə düşür.
Partiya göstərişlərinin danışıqsız icra edildiyi bir şəraitdə ölkənin yiyəsi kimi bu istəyinin reallaşmasının qarşısını ala biləcək ən xırda maneəni belə ağlına gətirmirmiş.
Amma akademiklər boz üz göstərirlər. Onu seçmirlər.
1961-ci ildə N.Xruşşov xüsusi qayğı bəslədiyi dayaz T.Lısenkodan vicdanlı akademiklərin dirənişlərinə rəğmən Ümumittifaq Kənd Təsərrfatı Elmləri Akademiyasının prezidenti düzəltməyə cəhd göstərir.
Di gəl, təkidlərinə baxmayaraq,onu seçdirə bilmir.
Akademiya çevrilib olur onun gözünün düşməni. Bağlamaq, ləğv etmək istəyir bu qurumu. SSRİ Elmlər Akademiyasının prezidenti A.Nesmeyanov isə mərd-mərdanə N. Xruşşovun sifətinə deyir: "Nə olar! Böyük Pyotr Akademiyanı açıb tarixdə qaldı, siz də bağlatdırıb tarixə düşün!"
Yaxud Boris Yeltsinin elmə aidiyyəti olmayan Ruslan Xasbulatovla Boris Berezovskini zorla akademik etdirməsini rus ziyalılığı heç cürə bağışlaya bilmir, yeri gəldikcə ikrahla xatırlayır.
Tarixin yadında Adolf Hitlerin dahi Albert Eynşteyni yəhudi olmasına görə Almaniya Akademiyasından xaric etməsi də qalıb, antisovet Andrey Saxarovu SSRİ rəhbərliyinin akademik titulundan məhrum etməyə gücünün çatmaması da.
Avropanın ən köhnə və ənənəli akademiyalarından biri 1635-ci ildə Parisdə kardinal Rişelyenin təşəbbüsü ilə yaradılıb və o vaxtdan indiyədək vur-tut 40 üzvü var.
Ömürlük seçildiklərinə görə onlara "ölməzlər" (les immortel) deyirlər.
Yeni üzv yalnız hansısa akademik h
əyatdan gedəndən sonra seçilə bilər.
Fransa Akademiyası 40 kreslodan ibarətdir və tarixdə hər kreslonun öz akademiklərinin adı əbədiləşib. Ömür möhlətlərinə görə hansısa kreslonun daha çox akademiki olub, hansınınsa az.
Amma Paris Akademiyasının real mövcud olmayan 41-ci kreslosu da var. Fransanın elə böyük şəxsiyyətləri olub ki, onlara akademiyaya üzv seçilmək nəsib olmayıb. Çünki yaşadıqları müddətdə 40 kreslonun 40-ı da - 40 akademik yerinin hamısı tutulu olub.
Ona görə də minnətdar fransızlar Balzak, Dekar, Didro, Bomarşe, Zolya kimi nadir yurddaşlarını xəyali 41-ci şərəf kreslosuna layiq görüblər.
...2001-ci ilin iyununda unudulmaz Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının üzvləri üçün 200 nəfərlik limit müəyyən etmişdi. Görünür, bu da çox doğrudur, çünki elə sayı bir ucdan artırsaq, asta-asta titul da ucuzlaşa bilər. O səbəbdən Akademiyaya seçkilərin də sabit bir dövrilik üzrə deyil, zərurət yarandığı, yerlər boşaldığı dönəmlərdə keçirilməsi məqsədəuyğundur.
Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü olan böyük alimlər də var.
Amma görünür, elə bizim də, o Fransa Akademiyasında olduğu kimi, 41-ci şərəf kreslosuna ehtiyacımız var.
O insanlar ki Akademiyamızın yaşaması, inkişafı, qüdrətlənməsi üçün fədakar əməklər sərf ediblər, o şəxslər ki varlıqları və əməlləri ilə Mərkəzi Elm Ocağımızın çox parlaq səhifələri bağlıdır, gərək onların da adları millətimizin bu üstün təşkilatının yaddaşında həmişəlik qala.
Akademiyanın Şərəf Üzvləri kimi!
Əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyasının, bütövlükdə elmimizin və elm adamlarımızın minnətdar olduğu iki şəxsiyyət bu ada lap çoxdan layiqdir.
Unudulmaz Heydər Əliyev və Prezident İlham Əliyev!
Gələcək içərisində elmimizə və Akademiyamıza xidmətləri müqabilində adları həmin rəmzi 41-ci kresloya, Azərbaycan Milli Elmlər Akademiyasının Şərəf üzvlüyünə layiq Vətən övladlarımız nə qədər çox olsa,biz bir millət və dövət kimi bir o qədər güclü, bir o qədər zəngin və xoşbəxt olacağıq.
Bu müdrik və qocalmaz sözlərin yaşı min dörd yüz ildən çoxdur.
Sasani hökmdarı Ənuşirəvan Adil söyləyib ki, Allahın bir xalqa rəhmi gələndə onun şahlarına bilik, alimlərinə hakimiyyət verir.
Azərbaycan bu gün öz tarixinin məhz belə bir məsud dövrünü yaşayır.
Dövlətə alim təfəkkürlü, elmin və alimin qədrini bilən, ölkəni də elmi əsaslarla idarə edən bir şəxsiyyət başçılıq edir, elm və alim də Azərbaycanda daha uca sayğılara layiq görülməkdə, günü-gündən daha artıq söz sahibi olmaqdadır.
Tanrı uzaq altıncı əsrdən uçub gələn o səadət düsturunu xalqımız üçün daim var etsin!