İki bölünməkdən elə qorxmuşam
Çöpü də ikiyə bölmərəm daha
Bu gün Söhrab Tahirin şah duyğusunu sözə çevirə bilmək məharətinin rəmzi olaraq böyük ağrı, səmimiyyət və bir daha qeyd edirəm, sadəliklə qələmə aldığı bu iki misra ədəbiyyat, şeir sevənlərin, dolayısı ilə sənət qədri bilən xalqımızın dilində aforizmə çevrilib, onun mənəvi dünyasında öz işini görməkdədir. Və elə bu iki misranın işığında zaman-zaman elə olub ki, Söhrab müəllimi axtarıb tapmış, yaxud müxtəlif tədbirlərdə ona yanaşıb söhbətə tutmuş, İran Azərbaycanındakı 21 Azər hərəkatı, o hərəkatdakı əqidə yoldaşlarıyla bağlı suallarımla xatirələrini oyatmışam. “40-lar” barəsində xüsusi yanğıyla danışardı. Deyərdi ki, İranda müstəqil milli dövlət yaradıldıqdan sonra Tehrandan paytaxt Təbrizə 40 nəfər ucaboylu, gözəl, gənc zabitlər göndərildi. Onlar gəlib yenicə qurulmuş Milli Hökumətin ordusunda könüllü xidmətə başladılar. Əsgərlərə hərbi təlim keçir, mərdlik, şücaət nümunəsi göstərirdilər. Amma bunun da ömrü az oldu. Gənc dövlət xarici qüvvələrin və təbii ki,İran istibdadının birləşmiş qüvvələri tərəfindən süquta uğradıqdan sonra onların 25 nəfərini həbs edib güllələdilər, qalanları isə Arazı adlayıb o zamankı sovetlər birliyinə sığındılar. Güllənənən o igidlər son nəfəslərinəcən 21 Azər hərəkatına sadiq qaldıqlarını, ölümün gözünə dik baxdıqlarını bir daha dünyaya nümayiş etdirdilər.
Söhrab Tahirin ən böyük əndişəsi hələ ötən əsrin 40-cı illərində süquta uğramış 21 Azər hərəkatının dalğasında Arazın o tayından böyük ümidlərlə quzey Azərbaycana pənah gətirəndən sonra orada qalmış ata- anasından yanaydı. Azərbaycan radiosunun “Bulaq” proqramının redaktoru olduğumu bildiyindən hər görüşümüzdə o tayı unutmamağı, bir yolla bu tayın salamlarını cənublu qardaş-bacılarımıza və təbii ki, öz qohum-əqrabasına yetirməymi rica edirdi və mən də sovetin bərk getdiyi o dönəmlərdə söz sənətinin çeşidli fəndləriylə onun tapşırığını yerinə yetirirdim. Sonra Günəş hayandan doğdusa uzun illərin ayrılığından üzülüb əldən düşmüş ana-bala sovet Azərbaycanında bir neçə günlüyə biri-birinə qovuşa bildilər. 1971-ci il idi və bizlər bu ağlasığmaz hadisəni öz həyatımızın bayramı kimi qarşıladıq. Söhrab müəllimin bu taydakı əqidə dostları – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə, Xəlil Rza, yurddaşları Balaş Azəroğlu, Qulamrza Cəmşidi, Mədinə Gülgün, Hökumə Bülluri, Əli Tudə, Sabir Məmmədli bu görüşü möcüzə adlandırır, şair qardaşlarına göz aydınlığı verir, anası Nəsibə xanımı öz anaları kimi bağırlarına basırdılar. Təəssüf ki, Söhrab müəllimin o xoşbəxt günləri uzun sürmədi, onun sürəkli təkidlərinə baxmayaraq ağbirçək ana bu tayda qalmağa razılıq vermədi. Hələ bir o taydakı ərinə, Söhrabın atasına işarə vuraraq zarafatla deyirmiş ki, bəs məni orda kim döyəcək. Beləcə uzun ayrılıqdan sonra oğlunun ətrini sinəsinə çəkən ana İrana-doğulduğu el-obasına qayıtdı və bu gedişin də sonu faciə ilə tamamlandı. On illər boyu ayrı düşdüyü balasından yenidən cüda düşdüyünə ürəyi tab gətirə bilmədi. Oğluna qovuşub kamına yetmiş ana üçün sən demə bundan sonra yaşamaq mənasını itiribmiş. Onçu da o biri dünyasına köç eləmək ona bir o qədər də çətin olmadı. Və Söhrab Tahiri sevən bizlər bu itkini şəxsi faciəmiz kimi yaşadıq, ən böyük dünyasından məhrum olduğundan o çağacan şux saxladığı qəddi bükülən şairə dərin hüznlə baş sağlığı verdik. Düzü-dünya həm Söhrab Tahirin, həm də onun şair dostlarının ələmli şeirlərinə qərq olmuşdu.....
70 illik yubiley mərasimini xatırlayıram. Dostumuz, Akademiyanın Milli Münasibətlər İnstitutunun direktoru, professor Vaqif Arzumanlının təşəbbüsü ilə institutun akt zalında keçirilən təntənəli mərasim tarixi hadisəydi desəm yanılmaram. Şair haqqında ən müxtəlif sənət adamlarının ürək sözlərini söyləmək üçün növbəyə düzülməsi fərəh doğuran mənzərə idi. Orada söz deməyə mənə növbə yetişmədi. Amma sonra, mərasim başa çatanda onun şərəfinə təşkil olunmuş xudmani məclisdə mən də ürəyimi boşalda bildim. O nə qəribə gecəydi ilahi! Orada gülüş də vardı, bir xəfif qüssə də, gözyaşları da, musiqisiz-filansız oxumalar da. Boynuma alım ki, o yığcam məclisdə sevimli xanəndəmiz, Xalq artisti Arif Babayevin o sayaq ürəkdən, o həzinlik də, o möhtəşəmlik də ifasının, bir də o ifanın təsiri altında 70 yaşlı şairin gözəl gözlərinin o sayaq yolçəkdiyinin şahidi olmamışdım.
Vaxtı ilə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin bölgələrdə keçirdiyi radio günlərində Söhrab müəllimlə səfərlərdə olmuşuq. Şaqraq zarafatları, sərrast atmacaları, incə yumoru, bir sözlə misilsiz yol yoldaşlığı hamıda bir yüngüllük, işıqlı ovqat yaradıb.
Bir yolçuluğumuz da Gəncə səfərində olmuşdu. Bu səfərin bütün təfərrüatları, orada başımıza gələnlər, gecənin bir aləmi havamızı dəyişmək üçün şairə qoşulub mehmanxananın yaxınlığından axan Gəncə çayının sahilinə getməyim və s. barədə qismət olsa nə vaxtsa yazacam. Bircə orasını deyim ki, məhz o səfərimiz əsnasında Söhrab müəllimin nə zamansa qələmə aldığı şeirindəki o misraların işığı bir daha bütün parlaqlığı ilə gözlərim önündə sayrışdı:
Azad qardaşım var, onunla xoşam
Mən gərək sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam
Çöpüdə ikiyə bölmərəm daha.
Və bir neçə addımlığımızda o biri tayla bizi ayıran Gəncə çayının sahilindəcə Söhrab müəllimdən bir yadigarlıq müsahibə almaq qərarına gəldim. Oradaca vədələşdik və bir neçə gün sonra Azərbaycan radiosunun səsyazma studiyasında redaktoru olduğum “Çərxi-Fələk” verilişində onu mikrafona dəvət elədim. İndi həmin müsahibədir ki, Söhrab Tahirə uzun ömür, bədnəzər gözündən uzaq olmaq arzusuyla oxuculara da yetirirəm.
“ – Əziz dinləyicilər, bu öynə mən sizləri verilişin adına uyğun olaraq fələyin çərxinə düşüb də canı alovlarda qarsımış, zamanın acı yellərinə qoşulub eldən elə, məkandan məkana adlamaq məcburiyyətində qalmış bir insan, bir vətəndaş, bir şairlə görüşdürəcəyəm. Sevimli Xalq şairimiz Söhrab Tahirlə. Söhbətimizin mövzusu isə 21 Azər hərəkatıdır. 21 Azər şəmsi tarixiylə dekabr ayının 12-nə düşür. Maraqlıdır ki, hər dəfə “Çərxi fələk” verilişini hazırlamaq növbəsi mənə gəlib çatanda ya həmin hərəkatın ildönümü ərəfəsi olur, ya da ondan bir az sonra. Və hər dəfə də özümə həmsöhbət cənublu soydaşlarımızı seçirəm. Həkim Qulamrza Cəmşidi, filologiya elmləri doktoru Sabir Məmmədli, müğənni Novruz Feyzullayev, jurnalist Lətif Hüseynzadə, ədəbiyyatşünas Əbülfəz Hüseyni ilə belə məqamlarda görüşüb söhbətləşmiş, səslərini lentə almışam. Bu dəfəki həmsöhbətimləsə hərəkatın ildönümü günündə efirə çıxmaq imkanı bulduq. Bəli, bu elə bir gündür ki, ötən yüz illiyin 1945-ci ilində ulu bir xalq-cənublu soydaşlarımız öz milli bayraqları kölgəsində qürurla dayanır, milli himnlərinin şaqraq melodiyaları ilə məsud yatıb oyanırdılar, elə deyilmi Söhrab müəllim?
– Elədir, İntiqam müəllim. 21 Azər inqilabı demək olar ki, keçən əsrin ortalarında bütün dünyanı lərzəyə gətirdi,ayağa qaldırdı. 2-ci cahan müharibəsindən sonra ilk dəfə azadlıq bayrağını yüksəldib, milli haqlarını tələb elədilər və buna müvəffəq oldular. Doğrudur, müharibədən sonrakı illərin siyasi oyunları, məkrli dolanbacları 21 Azərin şöhrətinə müəyyən kölgə salsa da axır illər bu cahanşümul hadisə haqqında yenidən fikirlər səslənir, təriflər söylənilir. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, soydaşlarımız orada yaşamasın, 21 Azər inqilabının ildönümünü böyük iftixar, milli qürur hissi ilə qeyd eləməsinlər.
– Söhrab müəllim, gəlin açıq danışaq, kimisi bu əlamətdar günü xalaxətrin qalmasın, necə deyərlər, sıradan bir tədbir kimi qarşılayıb yola verir, kimisi təklikdə, kimisi beş-on yar-yoldaşı ilə bahəm, kimisi də gizlində. Bəs siz bu dəfəki 21 Azərin yaşını hansı hisslərlə qarşıladınız? Axı bu hərəkatın mövludu da, süqutu da, sonrakı taleyi də sizin şahidliyinizlə olub.
– Bəli, mən 21 Azər inqilabının şahidi özü də silahlı iştirakçısı olmuşam. Təbrizdə 7-ci nahiyənin şöbəsinin alınmasında iştirak etmişəm. Həmin gün silahdaşlarımızdan neçəsi yanımdaca güllə yarasından şəhid oldular. İnqilabımız zəfər çalandan sonra atam, əmim və mən Azərbaycan Demokrat Partiyasının mərkəzi komitəsində fəaliyyət göstərmişik. Mən təşkilat şöbəsində təlimatçı olmuşam. Partiya üzvlərinin biletlərini möhürləyər, S.C. Pişəvərinin imzasıyla nahiyələrə göndərilən məktubların hamısı əlimdən keçərdi. Cavan idim deyən saysız-hesabsız firqə sənədlərini yığıb-yığışdırmağın, nizama salmağın öhdəsindən gələ bilirdim. 21 Azərin xalq arasında olan təntənəsinin, aşıb-daşan sevincinin, qısa zaman çərçivəsində həyata keçirdiyi islahatların canlı şahidi olmuş, onun tərəqqisini, dünya miqyasında əks-sədasını gözlərimlə görmüşəm. Bax, buna görə də mən hər il olduğu kimi bu ilki 56-cı ildönümünü də böyük fəxarət, qürur hissi ilə qarşılayıb qeyd edirəm. Amma bu yerdə mən bir gileyimi bildirməyi vacib sanıram.
Bu gün müstəqil Azərbaycanımızda mövcud olan çoxsaylı partiyalar nədənsə 21 Azər hərəkatını unudublar. Mənonlara üz tutub deyirəm ki, 21 Azər inqilabını boş bir hadisə saymayıb, hər il xüsusi vurğuyla yad etsinlər.
– Hərəkata bizdəki münasibəti vurğuladınız. Bəs İranda necə, həmin cahanşümul hadisə xatırlanırmı hər il, hər halda sizin bu haqda məlumatınız yəqin ki, yetərincədir.
– Məndə olan məlumatlara görə İranda 21 Azər çox qüdrətli olay kimi qeyd olunmaqdadır. Əvvəla onu deyim ki, bu məmləkətdə elə bir şəhər yoxdur ki, onun sakinlərinin yarısı azərbaycanlı olmasın. Məsələn, başda Tehran olmaqla İsfahandı, Məşhəddi, Şirazdı, Abadandı, bir sözlə o yerdə ki, zəhmət tələb olunur, sənaye sahələri var, o yerdə daha çox soydaşlarımız məskən salıblar, özü də başdadırlar. Üstünə də gəlsək ki, İran əhalisinin əsas tərkibini Azərbaycan türkləri təşkil edir, deməli istər açıq, istərsə də konspirativ şəkildə 21 Azər hər il xüsusi qürur hissiylə yad edilir.
– Siz danışdıqca düşünürəm ki,əgər cənublu-quzeyli Azərbaycan elləri bir yerdə olsalar 21 Azər inqilabı bütün əzəmətiylə dünya ictimaiyyətinin diqqətinə çatdırılar. Yeri gəlmişkən, o zamankı mübarizə silahdaşlarınızdan indilər İranda yaşayanlar varmı, onlarla əlaqələriniz nə yerdədir, yoxsa.....
– Yox, böyük əksəriyyəti ilə əlaqələrim çoxdandır kəsilib. Çünki qırılıblar, itgin düşüblər. Xüsusilə şah rejimi onların axırına çıxıb. Amma burada bəzi silahdaşlarımdan yaşayanlar var. Çünki Milli Hökumətimiz quruladan sonra başçımız S.C.Pişəvəri bizlərdən bir qrupu Sovet Azərbaycanına oxumağa, hərbi təhsil almağa göndərmişdi. Onlardan tək-tük qalanları var, hərdən görüşəndə bizimçün bayram olur.
– Söhrab müəllim, bilirəm ki, bu mövzuda danışmaq sizin üçün yeni deyil və yəqin ki, zaman-zaman jurnalistlərimiz mövzuyla bağlı çox suallarıyla sizə üz tutublar. Amma mənimçün maraqlıdır, 21 Azər hərakatıyla bağlı elə məqamlar varmı ki, bu vaxtacan ona toxunmaqdan vaz keçmisiz, bu söhbətimizdə onlardan bir parasını dilinizə gətirə bilərsizmi?
–Belə məqamlardan çox var. 21 Azər inqilabı mənim üçün nə qədər baş ucalığıdırsa, onun sonrakı taleyi qəlbimin əbədi ağrısıdır və bu yara zamandır ki, ürəyimdə qövr eləyir. Hər dəfə burada, yaxud dünyanın başqa bölgələrində 21 Azəri hallandıranda mütləq İran şahlığını ittiham eləmiş, bir də ki, özlərini bizə yaxın hesab eləyən adamların soyuqluğundan narazı qalmışam, hətta bunun üstündə müəyyən qədər kötək də yemişəm. Mən heç vaxt gözləməzdim ki, adam öz yaxınlarından soyuqluq görə. 21 Azər inqilabı bir xalqın müvəffəqiyyəti, böyük siyasi uğuru, tarixi qəhrəmanlığıdır. Buna qarşı laqeyd olmaq nəinki yaxın adama, hətta yad, uzaq olana da yaraşmaz. Buna görədir ki, mən o ağrıları bir çox illərdi öz yaradıcılığımda yaşadır, şeirlərimdə dönə-dönə vurğulayıram.
–Azər hərəkatının məğlubiyyətinin səbəbləri barədə quzey Azərbaycanda nə az, nə çox 50 ilə yaxındır ya susublar, ya da ki, tam həqiqəti dilə gətirməkdə simiclik ediblər. Bir neçə ildir ki, yaşadığımız quzey Azərbaycanı müstəqilliyə qovuşub və artıq xeyli gizlin mətləblərin üzərinə aşkarlıq işığı düşüb, dillər açılıb. Bununla belə sizcə dünya ictimaiyyətini bu hərəkatın süquta uğrama səbəbləriylə tam şəkildə hali edə bilmişikmi?
– Yox, hələ də gizlədirik. Niyə gizlədirik, çünki bu suçun bir ucu da bizim özümüzə gəlib çıxır. 21 Azər inqilabı qalib gələndən sonra sovet qoşunları Arazı adlayıb Təbrizə varid olmuşdu. İran diplomatiyası beynəlxalq aləmə bir vay-həşir saldı ki, ay aman sovet qoşunları Cənubi Azərbaycandan, bütövlükdə İrandan çıxmasa dünyanın işləri firığ olacaq. Odur ki, bizlər də bütün tarixi mərhələlərdə olduğu kimi düşmən felinə uyub ona inam bəslədiyimizə görə yolumuz uçuruma dirəndi. Biz sovet qoşunlarının gücünə inanmış, onun məkrli təbliğatına uymuşduq. Fikirləşirdik ki,onların əlindəki silahlar bizləri hər bəladan hifz edəcək, daha başqa yerdən silah-sursat almağa nə ehtiyac. Elə bilirdik, əyər inqilabımız qalib gəlibsə daha bizə heç nə lazım deyil, bu qələbəmizin özü qüdrətli silahdır və dünya birliyi bizi qoruyacaq, səsimizə səs verəcək. Amma ağlımıza gəlməmişdi ki, sovet qoşunu İran ərazisindən çəkilə bilər, biz əli yalın, arxa-dayaqsız qala bilərik. Elə də oldu. Şahlıq rejiminin Amerikayla əlaqəyə girib onlardan aldığı ən müasir silahlar-ağır artileriya, tanklar, təyyarələr vaxt o vaxt oldu ki, böyük axınla bizə qarşı yönəldi, Milli Hökumətin məhvinə səbəb oldu və bu günə qaldıq. Bunun da yenə deyirəm, ən böyük səbəbkarları özümüzə dost bildiyimiz bəzi üzdəniraq “qardaşlar” və Sovetlər birliyinin o zamankı rəhbərləri oldu. Əlbəttə ən böyük səbəbsə ömür boyu başımızın bəlası olmuş hər yoldan ötənə sadəlöhvlüklə inanmağımız. Doğrudur, o dövrün dünya ölkələrinin bir çoxu kommunistlərə böyük inam bəsləyir, işıqlı gələcəklərini onlarsız təsəvvür eləmirdilər. Biz də onlardan biriydik. Amma başımıza gələnlər sübut elədi ki, korkoranə inam həmişə qalib gəlmir. Tariximiz boyu xalqımızın güvənc yeri olmuş Babəki də, Cavanşiri də, Məzdəkini də, Səttar xanı da, Pişəvərinin özünü də yaman günə qoyan məhz yersiz, vədəsiz inamları olmuşdur.
– Bütün bunlardan sonra bir kərə yüksələn bayrağın bir daha enməyəcəyinə siz də inanırsınız? İnanırsınızsa onda sizdən- o taylı bu taylı Azərbaycanımızın qüdrətli şairindən soruşuram, yəni o bayraq bir bu qədər ağırdımı ki, ulu bir xalq 60 ilə yaxındır onu yerindən qaldıra bilmir?
– Əlbəttə bir kərə qalxan bayrağın bir daha enməyəcəyinə mən də inanıram. Bizim Milli Hökumətin bayrağı da müvəqqəti enib və o indi əsil mübarizlərin çiynindədir, heç vaxt yerə düşməyəcək. Düzdür, indilərdə o görünmür, amma məhz o inqilabdan sonra nə qədər təşkilatlar, milli birliklər yaranıb, 21 Azərin motivlərini, çağırışlarını həyata keçirməyə çalışan insanların sayı-hesabı yoxdur. Onların bir çoxu bu yolda şəhid olsalar da, zindanlarda çürüsələr də dünyanın bir sıra ölkələrinə dağılsalar da o bayrağı əllərindən yerə qymayıblar. Neçə-neçə gizlin təşkilatların varlığı bayrağın çiyinlərdə olması demək deyilmi?! Odur ki, o bayrağımızın nə zamansa Vətən göylərində yellənəcəyinə məndə həmişə böyük bir inam olub, bu gün də var.
– Bəlkə də bu inamımızdı sizi cavan, qıvraqsaxlayan. Həmişə belə qalın Söhrab müəllim.Yeri gəlmişkən bilmək istərdim, şeirlərinizi, digər ədəbi məhsullarınızı gündəmə gətirmək yolunda qarşınıza problemlər çıxmır ki?
– Əsla. Mən ədəbi ictimaiyyətimizdən, xüsusilə naşirlərimizdən və digər media qurumlarından çox razıyam. Mənə böyük ehtiram bəsləyir, istədiyim vaxt qapılarını üzümə açır, sözümü deməyə tribuna verirlər. Xüsusilə də hər il 21 Azər inqilabının ildönümü yaxınlaşanda məhz məni və digər qələm əhli olan cənublu həmkarlarımı söz demək, bu hərəkatın əhəmiyyətini gənc nəsillərə çatdırmaq üçün ekran qarşısına, mikrofon önünə dəvət edəndə uçmağa qanad axtarıram. Odur ki, bütün media orqanlarına dərin təşəkkürlərimi bildirir və dönə-dönə təkrar edirəm, 1945-ci ildə İran Azərbaycanında əsası qoyulmuş Milli Hökuməti, 21 Azər hərəkatını yada salıb təbliğ eləsinlər. Bu elə o cahanşümul inqilab vaxtı Vətən göylərinə ucalmış bayrağımızın dalğalanmasına bərabər olardı”.
14 oktyabr 2014
(Xatırladım ki, bu yazının müsahibə hissəsi 2001-ci ilin dekabrında, 21 Azər hərəkatının ildönümü münasibəti ilə Azərbaycan Dövlət Radiosunda səsləndirilib. İ.M.)