|
|
|
|
Ötən ilin noyabrında Çexiyanın Azərbaycandakı səfirliyi Şamaxının Qaravəlli kəndində layihə həyata keçirməyə başlayıb.
APA-nın xəbərinə görə, bu barədə məlumat verən səfirliyin iqtisadiyyat və ticarət məsələləri üzrə katibi Yan Yandriç bildirib ki, layihənin birinci mərhələsi artıq başa çatıb. O deyib ki, layihənin birinci hissəsinin məqsədi enerjidən effektli yollarla istifadəni təbliğ etməkdir: "Bu məqsədlə Qaravəlli kəndinin şagirdləri və müəllimləri arasında praktik və nəzəri seminarlar təşkil edilib. Bu yaxınlarda Belarusda “Enerqomarafon” adlı müsabiqə təşkil ediləcək. Həmin müsabiqəyə Qaravəlli kəndindən seçilmiş bir neçə uşaq da öz rəsmləri ilə qatılacaq”.
Diplomat qeyd edib ki, hazırda layihənin ikinci hissəsi başlayıb: "Layihənin ikinci hissəsində Qaravəlli kəndindəki 3 məktəbdən birinin bərpası həyata keçiriləcək. Biz xüsusilə azyaşlıların təhsil aldığı məktəbi seçmişik. Bərpa planı hazırlanıb və Təhsil Nazirliyinə təqdim ediləcək. Əgər razılıq əldə olunsa, iyunun əvvəlində layihənin icrasına başlanması və məktəbin yeni dərs ilinə kimi istifadəyə verilməsi nəzərdə tutulur”.
Layihədə Çexiya hökuməti ilə yanaşı, özəl sektor da iştirak edir. Bunlardan biri də “Nimbus” şirkətidir. Şirkətin icraçı direktoru Yitka Dvorska bildirib ki, onlar bərpanın layihələndirmə və tikinti işini həyata keçirirlər. Qeyd olunub ki, layihə pilot layihədir və ilk dəfə Azərbaycanda keçirilir. Müsbət nəticələnərsə, başqa ölkələrdə də həyata keçirilməsi nəzərdə tutulur.