525.Az

Məleykə Abbaszadə beynəlxalq tədbirdə Dövlət İmtahan Mərkəzindən danışdı


 

Məleykə Abbaszadə beynəlxalq tədbirdə Dövlət İmtahan Mərkəzindən danışdı<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığının Arnhem və Neymegen şəhərlərində keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyasının (AEA-Europe) 19-cu illik konfransında iştirak edib.

DİM-in mətbuat xidmətinin məlumatına görə, konfrans dünyada qiymətləndirmə sahəsinin inkişafına uzun müddət töhfə verən və DİM (əvvəlki TQDK) ilə də davamlı olaraq elmi-metodiki əməkdaşlıq edən CITO-nun (Təhsildə Ölçmə İnstitutu) təşkilatçılığı ilə reallaşıb. Tədbirin partnyor təşkilatlarından biri də Dövlət İmtahan Mərkəzi olub.

Xatırladaq ki, Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyası 2000-ci ildə təsis olunub. Assosiasiya təhsildə qiymətləndirmə sahəsi üzrə tədqiqatçı və mütəxəssislər üçün aparıcı təşkilatlardan biridir və əsas məqsədi Avropa və dünyada qiymətləndirmə sahəsində əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsidir. İllik konfranslara hər il 25 ölkədən 200-dən çox nümayəndə qoşulur. Builki konfransın mövzusu "Gələcək təhsilin qiymətləndirilməsinə körpülər" adlanıb.

Tədbirdə sessiyalar zamanı müxtəlif ölkələri təmsil edən mütəxəssislər tərəfindən təhsil və qiymətləndirmə sahəsində aktual məsələlər ətrafında fikir və təcrübə mübadiləsi aparılıb. Konfransda əsasən öyrənmə yönümlü qiymətləndirmənin artan rolu; kompüter və multimedia əsaslı öyrənmə, qiymətləndirmə imkanları; məlumat ötürülməsindən daha çox öyrənmə strategiyasına doğru keçid; XXI əsr bacarıqları, qlobal bacarıq kimi ümumi bacarıqlar; PISA, TIMSS və PIRLS kimi beynəlxalq qiymətləndirmə alətlərinin rolu və digər mövzular üzrə çıxışlar dinlənilib.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə Bakıda keçiriləcək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının 45-ci illik konfransı haqqında məlumat verib. Eyni zamanda, Avropada olan qiymətləndirmə təşkilatları ilə Azərbaycanda həyata keçirilən təhsildə qiymətləndirmə layihələri (buraxılış və qəbul imtahanlarının yeni modelləri) haqqında fikir mübadiləsi aparılıb.

DİM-in strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn "Ölkədə təhsil xidməti göstərən Qiymətləndirmə İnstitutunun yaradılması: Azərbaycan, Qazaxıstan və Niderland nümunələrinin müqayisəsi" adlı sessiyada DİM-in qiymətləndirmə sistemi haqqında məlumat verib və müxtəlif yanaşmalar qrup müzakirəsi zamanı müqayisəli şəkildə təhlil edilib.

DİM ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA) arasında olan əməkdaşlıq barədə məlumat verən V.Hüseyn iştirakçıları Bakıda keçiriləcək növbəti illik konfransa dəvət edib.

S.QARAYEVA

 





14.11.2018    çap et  çap et