525.Az

Riyaziyyat və Mexanika İnstitutunda "Açıq qapı" günü


 

Riyaziyyat və Mexanika İnstitutunda "Açıq qapı" günü <b style="color:red"></b>

Dünən Riyaziyyat və Mexanika İnstitutunda "Açıq qapı" günü keçirilib.

Tədbirdə şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagirdlər, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyib ki, rəhbəri olduğu institutda belə "Açıq qapı" günlərinin keçirilməsini yüksək qiymətləndirir: "Bu gün Riyaziyyat və Mexanika İnstitutunda şəhid  Etibar Əliyev adına 162 Nömrəli tam orta məktəbin rəhbərliyini, müəllim və şagirdlərini görməkdən məmnunam. Fikrimcə, bu gün burada iştirak edən şagirdlər riyaziyyatı sevən, maraq göstərən şagirdlərdir. Müasir dövrdə riyaziyyat insan fəaliyyətinin bütün sahələrində - elmdə və texnologiyalarda, tibdə, iqtisadiyyatda, ətraf mühitin mühafizəsi və bərpa edilməsində, sosial qərarların qəbul edilməsində geniş istifadə edilir. Eləcə də bəşəriyyatın inkişafında və müasir sivilizasiyanın formalaşmasında riyaziyyatın xüsusi rolunu qeyd etmək lazımdır. İnformasiya və hesablayıcı texnologiyaların inkişafı, məkan-zaman strukturunun daha yaxşı dərk edilməsi, təbiətdə mövcud olan bir çox qanunauyğunluqların kəşf edilməsi və təsviri riyaziyyatın elmi və mədəni dəyərlərini daha aydın şəkildə göstərir. Çox vacib haldır ki, riyaziyyat insanın əqli imkanlarının inkişafı üçün imkan yaradır".

Şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova bildirib ki, təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrindən sonra  yaradıcı təfəkkürə malik istedadlı şagirdləri üzə çıxarmaq məqsədilə yaradılan "Kiçik Akademiya"lara diqqət artıb: "Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində də "Kiçik Akademiya"larla bağlı tədbir keçirildi. Bu tədbirdə də nazirin "Kiçik Akademiya"larla bağlı prioritetləri açıqlandı. Bildirildi ki, sözügedən akademiyaların əsas məqsədi yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. Sözügedən tədbirdə "Kiçik Akademiya"lar sahəsində öz işlərini qurmağı müvəffəq olmuş 10 məktəb iştirak edirdi. Mən deməzdim ki,  162 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın fəaliyyəti bizim ürəyimiz istəyən kimidir.  Ancaq biz bu sahədə müəyyən addımlar atıb, bəzi işlər görmüşük. Qeyd edim ki, rəhbəri olduğum məktəbdə "Kiçik Akademiya" 2016-cı ilin may ayının 31-də Azərbaycan Milli Elmlər Akademiyasının və Gənc Alim və Mütəxəssilər Şurasının dəstəyi ilə açılıb.

Həmin vaxtdan sözügüdən akademiya öz fəaliyyətini bir bölmələr üzrə davam etdirir. "Kiçik Akademiya" yaradıldıqdan və fəaliyyət istiqamətləri müəyyən olunduqdan sonra məktəbdə "İstedadlar bankı" yaradıldı. Bankda hər bir uşağın hər hansı fənn üzrə istedadı müəyyən olunub və bu istedadın dərinləşməsi üçün lazımi işlər görülüb. "Kiçik Akademiya" yaradıldıqdan sonra məktəbin şagirdi qəbul imtahanlarında yüksək nəticə göstərərək 700 bal toplayıb. Həmçinin, ilk dəfə olaraq Sabahın Alimləri 7-ci Respublika müsabiqəsində biologiya fənni üzrə 3-cü yeri qazanıb. Məktəbin 7-ci sinif şagirdi Rafael İsgəndərov fənn müsabiqəsində informatika fənnindən respublika üzrə 3-cü yeri qazanıb. Şagirdlərin bu uğurları bizi çox sevindirir. Şagirdlərimizin belə uğurlar qazanmasında məktəbimizdə fəaliyyət göstərən  "Kiçik Akademiya"nın böyük rolu var".

S.Abbasovanın dediyinə görə,  Gənc Alim və Mütəxəssilər Şurasının gənc alimləri və digər görkəmli alimlər məktəbdə olub, müəllim və şagirdlərlə görüşlər keçiriblər: "Biz "Kiçik Akademiya"nın öz işini düzgün istiqamətdə qurması üçün alimlərin köməyindən yararlanırıq".

Sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar.

S.QARAYEVA

 





14.11.2018    çap et  çap et