525.Az

Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans


 

Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mərhum prezidenti, fizika-riyaziyyat üzrə elmlər doktoru Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir.

AMEA-nın Rəyasət Heyətindən verilən məlumata görə, "Radiasiya prosesləri və onların tətbiqi" adlı beynəlxalq konfransın mövzusu radiasiya materialşünaslığı, radiasiya təhlükəsizliyi, radioekologiya, təbabətdə və ətraf mühit problemlərinin həllində radiasiya texnologiyalarının rolu və digər məsələləri əhatə edir.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə çıxış edərək görkəmli alimin elmi fəaliyyətindən, onunla bağlı xatirələrindən söz açıb. O qeyd edib ki, akademik M.Kərimovun Azərbaycanda fizika elminin inkişafında, bu sahədə uğurlu tədqiqatların aparılmasında böyük xidmətləri olub: "Mərhum alimin rəhbərliyi ilə radiasiya təhlükəsizliyi, radioekologiya, radiasiya materialşünaslığı və digər istiqamətlərində yeni fundamental elmi və texniki tədqiqat işləri təşkil edilib".

Akademik M.Kərimovun AMEA-nın prezidenti olduğu müddətdə elm təşkilatçısı kimi ölkəmizdə elmin inkişafında böyük izlər qoyduğunu, AMEA-nın elmi əlaqələrinin inkişafında mühüm rolu olduğunu deyib.

Sonra AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov alimin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. O bildirib ki, mərhum alimin elmi fəaliyyəti əsasən, dielektriklər fizikası ilə bağlı olub: "Akademik ilk dəfə olaraq polimer dielektriklərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və molekulyar prosesləri tədqiq edib. Mahmud Kərimov Materialların xassələrinin fiziki üsullarla idarə edilməsi, polimer dielektriklərin elektrik köhnəlməsi və dağılması mexanizmlərini aydınlaşdırıb".

N.Məmmədov ömrünün 40 ilini Azərbaycan elminin inkişafına həsr edən, çoxsaylı elmi kadrlar hazırlamış alimin 200-dən çox elmi əsərin və bir neçə ixtiranın müəllifi olduğunu deyib. O qeyd edib ki, onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri ilə rəsmiləşdirilib.

Daha sonra çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyev, "Azərenerji"nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov  və digərləri görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Konfransda Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrin alimləri də iştirak ediblər.

Qeyd edək ki, tədbir bu gün başa çatır.

C.ABASOV

 





14.11.2018    çap et  çap et