525.Az

Şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələr daim dövlətin diqqət mərkəzindədir


 

Şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələr daim dövlətin diqqət mərkəzindədir<b style="color:red"></b>

"Azərbaycan dövləti hər zaman şəhid ailələrini, Qarabağ əlillərini, aztəminatlı ailələri diqqət mərkəzində saxlayıb. Eyni zamanda, hərbçilərimizə və onların ailələrinə ulu öndər Heydər Əliyevin dövründən bu günə kimi göstərilən qayğı və diqqət göz önündədir".

Bu fikirləri millət vəkili Elman Məmmədov Prezident İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verilməsi mərasimindəki söylədiyi fikirləri şərh edərkən bildirib. O deyib ki, hərbçilərin həyat şəraitinin təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, hərbi şəhərciklərin, yəni hərbçilərin ailələri üçün yaşayış evlərinin salınması və digər tədbirlər bundan sonra da davam etdiriləcək: Cənab prezident də öz çıxışında bu fikirləri ifadə edib, yəni şəhid ailələrinin demək olar ki, hamısı olmasa da, əksəriyyəti hərbçi şəhid ailələridir, onlar daim dövlətin diqqət mərkəzindədirlər. Şəhid vərəsələrinə birdəfəlk müavinətlərin verilməyə başlanılması, başqa imtiyazları da qeyd etmək olar. Dövlət başçısı həmin görüşdə bildirdi ki, builki prezident seçkilərindən dərhal sonra imzaladığı birinci fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub. Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlanıb. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Görünən odur ki, bu qayğı indiyə kimi olub, həmişə də olacaq, getdikcə də gücləndiriləcək".

Millət vəkili əlavə edib ki, hərbçiləri diqqət mərkəzində saxlamaq, onların təminatını yüksək səviyyəyə qaldırmaq çox vacibdir: "O dövlət öz dövlətçiliyini, təhlükəsizliyini qoruyub saxlayıb, təmin edə bilir ki, onun ordusu, ordusunda xidmət edənlər hər zaman ölkə rəhbərliyinin, dövlətin diqqətində olur. Təbii ki, belə də olmalıdır. Azərbaycanda hərbçilərimizlə fəxr edirik, qürur duyuruq, bizim təhlükəsizliyimizin,  müdafiəmizin təminatı, dövlətçiliyimizin qorunub saxlanılması hərbçilərimizdən asılıdır. Təbii ki, biz də onların qayğısına qalıb, onları sevməli, qürur duymalıyıq. Ordumuz güclü, möhkəm  olmalı, hər an qələbə çalmağa hazır olmalıdır. Belə də var, getdikcə də ordumuz inkişaf edir. Yəni bu gün Azərbaycan əsgəri bilir ki, onun qarşısında işğal altında olan torpaqları azad etmək vəzifəsi dayanır və bu vəzifəsini də yerinə yetirəcək. Bu gün Azərbaycan ordusu buna qadirdir, Azərbaycan əsgəri buna hazırdır".  E.Məmmədov Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında olduğunu vurğulayıb: "Bunu təkcə Prezident, xalqımız demir, bu sahə ilə məşğul olan müvafiq beynəlxalq qurumların hesabatlarında da deyilənlər öz əksini tapır. Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır, bu da hər birimiz üçün çox ruhverici, sevindirici bir göstəricidir".

Millət vəkili Musa Quliyev isə vurğulayıb ki, hərbçilərə yeni mənzillər verilməsi  Azərbaycan prezidentinin,  dövlətinin Azərbaycan əsgərinə, şəhid ailələrinə, qazilərinə qayğısının göstəricisidir: "Yəni mərasimin özü elə bu qayğının əyani nümayişidir ki, hərbi qulluqçuların ailəsinə dövlət tərəfindən tikilmiş mənzillər verilir və ölkə prezidenti gəlib bunu özü şəxsən təqdim edir. Digər tərəfdən, cənab prezidentin söylədiyi kimi, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına qayğı hər zaman olub, bundan sonra da olacaq və daha da artacaq. Elə sonuncu hadisə, şəhid olmuş hərbi qulluqçularının ailələrinə 58 milyon  pul ayrılması da bunu göstəricisidir. Onların böyük bir qismi 97-ci ilədək sığorta olunmamışdılar və ailələri sığorta haqqını ala bilmirdilər, onların ailələrinin böyük qismi birdəfəlik ödənişləri aldılar. Gələn il də 50 milyon manat vəsait ayrılacaq. Demək olar  ki, bütün şəhid ailləri bu qayğı ilə əhatə olunub. Şəhid ailələrinə mənzillərin, torpaq sahələrinin verilməsi, övladlarının dövlət vəsaiti hesabına ali təhsil alması və digər göstərilən tədbirlər ölkə rəhbərinin qayğısının ifadəsidir". Deputat deyib k, ordumuz güclənir, heç şübhəsiz ki, bizim ordumuz dünyanın ən qabaqcıl və müasir ordularından biridir və bunu artıq hər kəs etiraf edir: "Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi sistemində hazırlanan milli silahlarımız həm öz ordumuzda istifadə olunur, həm də düyanın müxtəlif ölkələri tərəfindən alınaraq ordularda istifadə edilir. Bu da Azərbaycanın hərbi potensialının gücünü göstərir. Eyni zamanda, hərbçilərimizin peşəkarlığı da göz önündədir. Bir çox ölkələrdə sülh missyası ilə bizim hərbçilər də çıxış edirlər və bu da onu göstərir ki, Azərbaycan ordusu istənilən an öz torpaqlarını işğaldan azad etməyə hazırdır və qadirdir"

PƏRVANƏ

 





18.12.2018    çap et  çap et