525.Az

Bir ömrün tanış akkordları


 

Bir ömrün tanış akkordları <b style="color:red"></b>

Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin çox hörmətli professoru, uzun müddət Televiziya və radio jurnalistikası kafedrasının müdiri, fakültənin dekanı kimi məsuliyyətli vəzifələrdə çalışmış, bu gün kafedranın elmi-pedaqoji məsləhətçisi kimi fəaliyyət göstərən Yalçın Əlizadənin doğum günüdür.

Yalçın Əlizadəni geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki o, Universitetdə jurnalistika ixtisası aldığı çağlardan bu günə kimi peşənin həm praktik sahəsində, həm elmi, həm də pedaqoji sahəsində elə fəaliyyət göstərmişdir ki, onu Azərbaycanın media, elmi ictimaiyyəti, jurnalistikanın geniş oxucu, dinləyici, tamaşaçı auditoriyası çox yaxşı tanıyır. Biz vaxt olub ki, Yalçın müəllimin ad günlərində ayrı-ayrı imzalarla oçerklər, esselər yazmışıq. Bu dəfə qəzet səhifəsinə yeni formatla çıxmaq istədik. Yalçın müəllimi əvvəllər jurnalist kimi fəaliyyət göstərdiyi Azərbaycan teleradiosunun əməkdaşları, sonralar ömrünü həsr etdiyi Jurnalistika fakültəsinin professor, müəllim, tələbə heyəti, keçmiş məzunları həmişə sevgi ilə, hörmətlə qarşılamışlar. İstədik ki, bu dəfə sözü onlara verək, onların ürək sözlərini, dost sevgisini onun özünün də çox sevdiyi “525-ci qəzet”in səhifəsinə çıxaraq. Beləliklə, Yalçın Əlizadə haqqında onu sevənlərin sözü. 

Şirməmməd Hüseynov, professor:

- Yalçın müəllim 80-in ərəfəsindədir, 79 yaşı tamam olur. Ləyaqətli ömür yaşayıb və yaşamaqdadır. Azərbaycanda jurnalistikanın inkişafında onun rolu az olmayıb. Həm elektron informasiya vasitələri - radio, televiziyanın, həm də bütövlükdə KİV-in müasirləşməsi yolunda əməyi böyükdür. Jurnalistika fakültəsində işlədiyi, xüsusən də dekan olduğu müddətdə xeyli iş görüb. Mən Yalçını hər cəhətdən - istər elmi, istər şəxsiyyəti, istərsə də vətəndaşlıq mövqeyi cəhətindən hər zaman ləyaqətli bir şəxsiyyət kimi tanımışam. İnşallah, 80 illiyini geniş şəkildə qeyd edərik! 

Vüqar Əliyev, Jurnalistika fakültəsinin dekanı:

- Professor Yalçın Əlizadə, məncə, doğma Universitetimizin Jurnalistika fakültəsinə deyil, ümumilikdə ölkəmizin ali jurnalistika təhsilinin tarixinə öz adını yazdırmağı bacarmış bir şəxsiyyətdir. Onun həm pedaqoji fəaliyyəti, həm idarəçiliyi şübhəsiz ki, Jurnalistika fakültəsinin inkişafına öz ciddi təsirini göstərib. Yalçın müəllim, həm də peşəkar radio nəzəriyyəçisidir. Bu gün fakültəmizdə çalışan bir çox istedadlı gənc müəllimlər, məhz onun dövründə işə qəbul olunublar, onun yetirmələridirlər.

Müasir Azərbaycan radiosunun nəzəri bilikləri barədə söz açarkən, Yalçın müəllimi yada salmamaq olmur. Onun bu sahədə yazdığı əsərlər, bu gün də ciddi istinad mənbəyidir. Və Yalçın müəllim gözəl iş yoldaşıdır. Hər zaman yanındakına diqqətini, qayğısını əsirgəməyən, onun üçün əlindən gəldiyi qədər kömək edən və bunu özünə borc bilən bir insandır.  

Nizaməddin İsgəndərov,  Mexanika-riyaziyyat fakültəsinin dekanı:

- Yalçın Əlizadə ilə xeyli müddət bir vəzifədə işləmişik. O, Jurnalistika fakültəsinin, mən isə Mexanika-Riyaziyyat fakültəsinin dekanı kimi. Yalçın müəllim çox prinsipial, sözü birbaşa deyən, öz fakültəsinin və bütövlükdə Universitetin patriotudur. Çox bilikli, Jurnalistika peşəsinin mükəmməl sahibi və ciddi bir alim kimi onu çox yaxından tanıyıram. Yalçın müəllimdə qəribə bir riyazi dəqiqlik var. Dekan olan vaxtlarında verdiyi ümumi təkliflər, çıxışlarındakı müddəalar hamımızı dəqiq olmağa çağırırdı. Bu gün də Yalçın bir pedaqoq kimi, kitabları tələbələrə dəstək olan bir alim kimi qiymətli insandır. Onun doğum günü mübarək olsun, çünki 17 yanvar Azərbaycan jurnalistikasına dəyərli, vicdanlı, peşəkar bir media xadimi, məhsuldar bir alim bəxş edib.

Azad Qurbanov, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı:

- Mənim dekan həmkarım olmuş, Yalçın müəllim mənəvi cəhətdən saf, təmiz bir insandır. O, özünün səmimiliyi, insanlara diqqətli münasibətilə hamının, xüsusilə tələbələrin böyük hörmətini və sevgisini qazanmışdır. Şəxsən mənim üçün o, yüksək mədəniyyət, ziyalılıq, obyektivlik, prinsipiallıq nümunəsidir.

Professor Yalçın Əlizadə bir müəllim kimi çox təmkinli, işıqlı, müdrik simaya malik insandır. O, dekan olanda tələbələrə qarşı mülayim və xeyirxah münasibətilə digər dekanlardan fərqlənirdi. Tələbələrlə ünsiyyətdə onun üzündə, gözlərinin dərinliyində nurlu bir təbəssüm görmək olardı. Lakin Yalçın müəllimin mülayimliyi, humanizmi onun ciddiyyətinə, obyektivliyinə qətiyyən mane olmurdu. O, bu mülayimliyi ilə yanaşı, olduqca prinsipial, tələbkar və obyektiv bir dekan oldu. 

Bu gün də yorulmadan çalışan, məsləhətlərilə həmkarlarına, ən əsası, gənclərə doğru yol göstərən Yalçın müəllim “Öyrətmək yenidən öyrənməkdir” devizi ilə yaşayır.  

Nəsir Əhmədli, professor:

- “Yalçın” sözünün etimologiyası ucalıqla, mərdanəliklə, məğrurluqla bağlıdır. Yalçın müəllim adının mənasını tam doğruldan, həqiqətin gözünə dik baxan, qürurlu, mətanətli, riyakarlıqdan uzaq, sözü ilə əməli bir olan əsl Kişidir. Mən onu 45 ilə yaxındır tanıyıram. Bir dəfə də olsun sözündən döndüyünü, haqqı nahaqqın ayağına verdiyini, şəxsi mənafeyi naminə kiməsə yarındığını görməmişəm. Yalçın müəllim kamil insan, müdrik şəxsiyyət, hər zaman güvəniləsi etibarlı dost, istedadlı jurnalistdir.  

Qulu Məhərrəmli, professor:

- Universitetdə dərs deməyə başlayanda mən Yalçın müəllimi bir az da yaxından tanıya bildim (Məni BDU-nun Jurnalistika fakültəsinə dərs deməyə o, dəvət etmişdi, demişdi ki, burada praktik jurnalistlərə ciddi ehtiyac var). Onun müxtəlif vəziyyətlərdəki prinsipial davranışlarını görəndən sonra əmin oldum ki, bu, mənim təsəvvürümdəki “yaxşı müəllimdən” daha böyük, daha miqyaslı, daha parlaq bir şəxsiyyət imiş. Tədrisi əla bilən, yaxşı təşkilatçılıq qabiliyyəti olan Yalçın müəllimin prinsipiallığı, qaydalara bağlılığı, bir az da qaradinməzliyi bəzən adamları qorxutsa da, onun içindəki güclü ədalət hissini görməmək mümkün deyil. Hər şeyə vicdan və əxlaq kateqoriyaları ilə yanaşması, aydın məslək və yüksək ləyaqət sahibi olması, xüsusən nəfsinə hakim ola bilməsi, yaltaqlığı xoşlamaması Yalçın müəllimlə məni çox yaxınlaşdırmışdır.

   Professor Yalçın Əlizadə heç nəyə görə heç kimin qarşısında əyilən adam deyil. Çox adam istəyərdi ki, onun kimi olsun, amma ola bilmir, çünki buna daxili gücü çatmır. Yalçın müəllim ona görə fərqlidir ki, onun daxili gücü və içinin işığı var. Onu adamlara sevdirən də budur. 

Alxan Bayramoğlu, professor:

- Yalçın Əlizadə mənə görə təpədən dırnağa qədər inzibatçı, təşkilatçıdır. O, özünün elmi yaradıcılığını da bu keyfiyyətlərə qurban veribdir.

Maraqlı, həyati və ibrətamiz əhvalatları yerli-yerində yumorla dilə gətirən Yalçın müəllimdə naxələflik, adama quyu qazıb onu arxadan vurmaq xüsusiyyəti də, demək olar ki, yoxdur. O, özünə hörmət etməyi, izzət-nəfsini qorumağı da çox şeydən üstün tutur. Yerli-yersiz hay-küy qaldırmaqdansa, lazım gələndə susmağı, yola verməyi də çox gözəl bacarır. 

Allahverdi Məmmədli, professor:

- Təhsil aldığım Jurnalistika fakültəsində  müəllimlərimlə bir yerdə işləmək məni həmişə qürurlandırır. Mənə dərs demiş müəllimlər sırasında Yalçın Əlizadənin xüsusi yeri var. Mən teleradionun yaradıcılıq sirlərini Yalçın müəllimdən öyrənmişəm. Özümü həm də Yalçın müəllimin davamçısı hesab edirəm. Yalçın müəllim əvvəllər AzTV-də işləyib, sonralar mən də həmin teleradioda işləmişəm. Yalçın müəllim uzun illər Televiziya və Radio Jurnalistikası kafedrasının müdiri işləyib və indi həmin vəzifəni mən yerinə yetirirəm. Biz yenə də birlikdəyik. Yalçın müəllim kafedramızın ştatda olan məsləhətçisidir. Kafedramızın bütün əməkdaşları Yalçın müəllimin dəyərli məsləhətlərindən yararlanırlar. Şəxsən mən həmişə olduğu kimi, yenə də müəllimim Yalçın Əlizadənin  məsləhətinə ehtiyac duyuram. Yalçın müəllimi ad günü münasibətilə ürəkdən gələn səmimiyyətlə təbrik edir, ona cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.                                                             

Akif Rüstəmov, professor:

- Uzun illər bir fakültədə işləməyimizə baxmayaraq, mən Yalçın müəllimi dekan olanda bir daha kəşf etdim. Yalçın müəllim sözün əsl mənasında tələbə adamıdı. Tələbələrə münasibəti, qayğılarına qalması, dərsləri ilə maraqlanması bir müəllim kimi onu bizim gözümüzdə ucaltdı. Yalçın müəllimin məşhur bir sözü var, “Fakültə ilə yaşamaq lazımdır!” Bu insan doğrudan da fakültə ilə nəfəs alır.

Yalçın müəllimlə bizim yaşımız arasında cəmi bir ay fərq var. Yaşa dolmuşuq. Bu yaşda əziz həmkarımıza can sağlığı arzulayıram.  

Mahmud Mahmudov, dosent:

- Yalçın Əlizadə ilə tələbəlik illərimiz və iş yerimiz eyni zamana və demək olar ki, eyni məkana təsadüf edib. Buna görə də onun əvvəl tələbə, sonra müəllim kimi sayılıb-seçilənlərdən olmasının şahidiyəm. Lakin haqqında ən dolğun təsəvvürüm jurnalistika fakültəsində dekan olduğu dövrlə bağlıdır. Həmin illərdə o, işgüzarlığı, tələbkarlığı, fakültənin təəssübünü dərindən çəkməsi ilə daha çox fərqlənib, ümumi mənafe naminə fədakarlıq göstərib, lazım gəldikdə ən yaxınlarına belə güzəştə getməyib. Həmçinin, sözün əsl mənasında insanpərvərliyi, xeyirxahlığı da unutmayıb. Lazım gəldikdə müəllimli, tələbəli çoxlarına, o cümlədən, elə mənim özümə dəfələrlə köməklik göstərib. 

Əli Hacıyev, baş müəllim:                                                                            

- Yalçın müəllimi peşəkar jurnalist, gözəl pedaqoq, prinsipial və mərd insan kimi  xarakterizə edərdim. Onu tanıdığım 30 ildən  artıq bir dövr ərzindəki müşahidələrim  bunları Yalçın müəllim haqqında   deməyimə əsas verir. Xüsusilə də,  Jurnalistika fakültəsinin dekanı olduğu müddətdə Yalçın müəllimin öz işinə necə ciddi yanaşdığının, müəllim həmkarlarından da işlərinə məsuliyyətli yanaşma tələb etdiyinin, bacarıqlı təşkilatçı olduğunun, lazım gələrsə müəllim və tələbə kollektivini necə qoruduğunun dəfələrlə şahidi olmuşam. Bu illər ərzində onun mənə verdiyi məsləhətlərdən də daima faydalanmağa çalışmışam.

Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru:

- Mənim jurnalist kimi formalaşmağımda professor Yalçın Əlizadənin də çox böyük xidmətləri var. Əvvəlcə onun tələbəsi olduq. Fakültəni bitirib “525-ci qəzet”i təsis etdik. Onun əməkdaşlarının əsas tərkibi bu fakültənin məzunları oldu. Tezliklə qəzetimiz media məkanında öz yerini tutdu. Çünki bizim professor Famil Mehdi, professor Tofiq Rüstəmov, professor Nəsir İmanquliyev kimi müəllimlərimiz oldu. Onların içərisində Yalçın müəllimin də xüsusi yeri var. O, Jurnalistika fakültəsinin dekanı kimi bu fakültə ilə bizim qəzetimiz arasında doğma münasibətlər yaratdı. Jurnalist tələbələr “525”i özlərinin imza yeri hesab edirlər. Bu münasibətin əsas bünövrəsi Yalçın Əlizadənin dekanlıq dövründən başlayır. Bizim qəzetimizin kollektivi Yalçın Əlizadəni özlərinin müəllimi və yaxın dostu hesab edir. Biz belə bir müəllimimizin doğum gününü təbrik edir, ona bundan sonra da həmişəki fəal həyat mövqeyini davam etdirməsini arzulayırıq. 

Tahir Aydınoğlu, Əməkdar jurnalist:

- Görkəmli jurnalist, alim və pedaqoq, professor Yalçın Əlizadə artıq beşinci nəslini yetirən jurnalistikamızın üçüncü nəslinin ən parlaq nümayəndələrindən biri olaraq, bu şanlı estafetin davam etdirilməsində həm professional jurnalist, həm zəkalı tədqiqatçı, həm ustad müəllim, həm də bacarıqlı jurnalistika təhsili təşkilatçısı kimi uzun illər vicdanla, yorulmadan fəaliyyət göstərmişdir. Jurnalistikamızın dördüncü nəslinin təmsilçisi olaraq, mən də Yalçın Əlizadəni bilik və bacarığını yetirmələrinə sevgi ilə öyrədən, onları xalq işinə, peşəkar xidmətə məsuliyyətlə hazırlayan, özünün mənəvi övladı və davamçısı sayan mahir qələm sahibi, dəyərli alim, mükəmməl müəllim, qayğıkeş insan və səmimi dost sayıram.

Yalçın müəllim böyük Zərdabi yolunun adlı-sanlı, yüksək rütbəli jurnalistika generallarından sayılmağa layiqdir. Mən tələbələrini sevən və həmişə onların da istəklisi olan əziz müəllimimə möhkəm cansağlığı, bağlı olduğu uca dəyərlərin artıb-çoxalmasından doğan bol sevinc arzulayıram.  

Akif Babayev, müəllim:

- Yalçın müəllimi peşəkar bir jurnalist, ləyaqətli bir insan kimi tanıyıram. Jurnalistika fakültəsinin dekanı kimi səmərəli fəaliyyətini qeyd etmək istəyirəm. Tələbkarlığı və təvazökarlığı daha çox xoşuma gələn xüsusiyyətlərindəndir. Həmişə fakültəmizin imicini qoruyub saxlamaq üçün yorulmadan çalışan bir pedaqoqdur.

Yadıma gəlir, fakültədə saat hesabı müəllim kimi işləmək istəyirdim, bu məsələ ilə əlaqədar olaraq rektorun fakültə əməkdaşları ilə qəbulunda olduq. Rektor mənim haqqımda onun fikrini soruşduqda, Yalçın müəllim məni yaxşı tanımadığını dedi. Sözün açığı, ürəyimdə Yalçın müəllimdən incidim. Sonralar məni daha yaxından tanıdı, hətta Universitet Elmi Şurasında onun dekan kimi fəaliyyətinin hesabatı zamanı hazırladığım slaydşounun hamı tərəfindən rəğbətlə qarşılandığını görəndə, mənə təşəkkürünü bildirdi.

Bu hadisə ona görə yadıma düşdü ki, Yalçın müəllim fakültənin təəssübünü çəkən  adamdır. Dekan olanda onun işə qəbul etdiyi müəllim özünün bu kollektivə layiq olduğunu sübut etməli idi. Onu əsl Universitet patriotu kimi tanıyırıq. 

Lalə Hacıyeva, dosent:

- Həyatda bəxtim onda gətirib ki, həmişə yaxşı müəllimlərim olub. Universitetdə ustadımız, professor Şirməmməd Hüseynov başda olmaqla bütün müəllimlərimizin üzərimdə böyük əməyi var. Ad gününü bu gün qeyd etdiyimiz professor Yalçın Əlizadənin bir müəllim kimi formalaşmağımda və praktik jurnalistikadan elmə gəlməyimdə əvəzsiz xidmətləri var. Son on beş ildə böyük həvəslə və şövqlə məşğul olduğum mətbuat tariximizi mənə Şirməmməd müəllim sevdiribsə, bu dəryada hansı istiqaməti tutmağı Yalçın müəllim göstərib. Mən bütün müəllimlərimin dəyərli məsləhətləri ilə elmə, təhsilə gəldim. Fakültəyə müəllim qismində ayaq basdığım gündən Yalçın müəllimin tələbə-müəllim-professor heyətinə qayğıkeşliyini görmüşəm. Bu da onun özünün böyük müəllim, böyük insan, böyük ziyalı olduğunun  göstəricisidir. Allah əziz və sevimli müəllimimə can sağlığı versin! 

Sevinc Əliyeva, dosent:

- Hər kəs müəllim ola bilər. Ən azından ali məktəbi bitirib müəllim diplomu ala bilər. Amma USTAD olmaq xoşbəxtliyi hamıya nəsib olmur. Yalçın müəllim Əlizadə mənə dərs deməyib. Onun tələbəsi olmamışam. Fakültəyə ilk dəfə müəllim gələndə də məni o qədər qəbul etməmişdi. 2006-cı ildə isə gözləmədiyim halda məni elmi işlər üzrə dekan müavini, yəni özünün müavini etdi. Və... həmin gündən idarəetmə sahəsində, tədris işlərində, təlimdə, maarifləndirmə sahəsində nə öyrəndimsə, məhz Yalçın müəllimdən öyrəndim. O insanın yuksək mədəniyyəti, işlərində səliqəliyi, nizam-intizamı sevməsi, tələbələrə qarşı çox həssas olması, hamıya obyektiv münasibət göstərməsi, ədalətli olması bir məktəb, bir dərsdir. Bu gün elm və tədris sahəsində nə öyrənmişəmsə, hansı uğurları əldə etmişəmsə, Yalçın müəllimə borcluyam.  

Könül Niftəliyeva, dosent:

- Tələbə olanda Yalçın müəllim mənə dərs deməyib. Fakültədə işləyəndə dekanım olub. Yalçın müəllimin etimadını qazanmaq çətin və uzun proses olurdu təzə işə başlayanlar üçün. O, cavanları sınayırdı həmin mərhələdə. Mən də o uzun prosesdən keçmişəm. Mənə elə gəlirdi ki, heç vaxt Yalçın müəllimə özümü sübut edə bilməyəcəm. Hərdən hətta ruhdan da düşürdüm. Bir gün rektorun qəbul otağında işimlə bağlı Yalçın müəllimin dedikləri məni yaxşı mənada təəccübləndirdi. Onda başa düşdüm ki, onun sınaq mərhələsindən keçmişəm. Anladım ki, bunlar hamısı bizim daha da məsuliyyətli olmağımız və daha çox çalışmağımız üçün imiş. Yalçın müəllim fakültə daxilində bizimlə nə qədər "sərt" davranırsa da, fakültədən kənarda həmişə bizim yanımızda, arxamızda olur. Və bu gün də o, bizim məsləhət yerimizdir. 

Sevil Həsənova, dosent:

- Elə bil dünən olmuşdu. Universitetin jurnalistika fakültəsinə qəbul olduğum, əziz və hörmətli müəllimlərimizlə tanış olduğum, sevimli müəllimlərimizin dərin və mənalı mühazirələri - seminarları bizi həyat unuversitetinə hazır jurnalist kimi yetişdirdi.

Biz tələbələr xoşbəxt idik ki, mənəvi cəhətdən pak, təmiz, savadlı və novator müəllimlərimiz var idi. İxtisaslaşmada televiziya və radio jurnalistikasını  seçməyimin əsas səbəbi Yalçın müəllimin həssaslığı, hər bir tələbəyə pozitiv münasibəti, ixtisasımıza sevgi yaratması, onu incəliklərinə qədər bizə oyrətməsi oldu.

Universiteti bitirdikdən sonra Dövlət Televiziya və Radio verilişləri Komitəsində işlədim, fakültəmizdə dərs deməyə, Yalçın müəllimin dəstəyi ilə elmi işlə məşğul olmağa başlasdım.

Xoşbəxtəm ki, hazırda BDU-nun jurnalistika fakültəsinin Televiziya və Radio jurnalistikası kaferdasında çalışıram. Bu gün əldə etdiyim hər bir nailiyyətlərə görə müəllimlərimə və xüsusi ilə də Yalçın müəllimə minnətdaram. 

Sevinc Məmmədova, dosent:

- Yalçın müəllim gözəl pedaqoq, yüksək təşkilatçılıq bacarığı olan insandır. Elə buna görə də Yalçın müəllimin dekan işlədiyi illər qayda-qanun və düzgünlüyü ilə seçilib. Bu dövrdə müəllim heyəti ilə də aralarında isti münasibətlər qura bilib. Bu münasibətlərdə ilk növbədə hörmət və sayğı vardı. Bütün bu keyfiyyətlərlə yanaşı, o, gözəl ailə başçısı və mükəmməl bir dostdur. Mənim atamla professor Tofiq Rüstəmov arasındakı möhkəm dostluq heç kimə sirr deyildi. Atamın dünyadan köçməsindən illər keçsə də, Yalçın müəllim bir an belə onun xatirəsini unutmayıb, hər zaman yad edib, qayğı və dəstəyini əsirgəməyib. Mən Yalçın müəllimdən çox şey öyrənmişəm və öyrənirəm... Bu gün də onun müdrik məsləhətlərindən, tövsiyələrindən bəhrələnirəm. Buna görə də Yalçın müəllimə minnətdaram, bu sevgi və səmimiyyətini ömrüm boyu unutmayacağam.  

Sima Rəhimova, dosent:

- Yalçın müəllimi 1975-ci ildən tanıyıram. Onun rəhbərliyi altında 8 il dekan müavini işləmişəm. Bu müddətdə onun məsulliyyətli, çox ciddi xarakterə malik olduğunu görmüşəm. İş müddətində onun səliqə səhmanı, qanun-qaydanı sevməsi bizə həmişə nümunə olub. Yalçın müəllimin kollektiv arasında ayrı-seçkilik salmaması, ədalətli olması bizim üçün əsl önəkdir. Yalçın müəllim bu gün də hamımızın sevimlisi, doğması və əzizidir.  

Gülnarə Sadıqova, dosent:

- Yalçın müəllim haqqında o qədər danışmaq istərdim ki... Sevimli müəllimlərimdən biri olan Yalçın müəllimin ürəyimdə xüsusi yeri var...

Həm ciddi, həm də mehriban bir insan olması qeyri-adi xüsusiyyətdir - qəribə subardinasiya yaradır. Şəxsən mənə olan isti münasibəti (təbii ki, qarşılıqlı) dekan vəzifəsində çalışan dövrdə məndə işimə məsuliyyəti daha da artırmışdı. Mənə elə gəlirdi ki, işdə nizam-intizamı pozsam (dərsə geciksəm), birbaşa Yalçın müəllimə hörmətsizlik etmiş olaram. Yalçın müəllimə hörmətim hədsizdir! 

Xalidə Cavadova, baş metodis:

- Yalçın müəllimlə işləmək mənim üçün  çox xoş idi. Belə ki, Yalçın müəllim  Televiziya və radio jurnalistikası  kafedrasının müdiri olduğu illərdə mən baş laborant idim. Sonralar dekan olduğu müddətdən qiyabi şöbədə baş metodistəm.  Yalçın müəllimlə işlədiyim müddətdə  mənim gördüyüm işlərlə demək olar ki, hər  saat maraqlanar lazımi məsləhətlərini verərdi. O, bu gün də fakültə ilə nəfəs alır, çalışır ki, fakültənin adı həmişə yaxşıların  sırasında olsun. Sözü bütöv müəllimdir.  Tələbələrə münasibəti ata-övlad münasibətidir.

Yalçın müəllim, Allah Sizi qorusun, ömrünüz uzun olsun!                 

Elmira Mehdiyeva, “Zaqatala” qəzeti, Əməkdar mədəniyyət işçisi:

- Şahidiyəm ki, tələbəlik illərini biz, jurnalistika fakültəsinin məzunları kimi heç də bütün məzunlar xoş xatirələrlə yada salmır. Ona görə ki, heç də bütün ali təhsil müəssisələrində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindəki kimi ab-hava olmurdu. Mən sevimli müəllimlərimdən biri, Yalçın Əlizadə haqqında xatirələrimi demək istəyirəm. Yalçın müəllim bizə radio jurnalistikasından dərs deyirdi. Bu, onun sahəsi idi. Yalçın müəllim radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biridir. Bəlkə də mənə radio jurnalistikanı o sevdirmişdi ki, ömrümün 28 ilini Azərbaycan Radiosundakı fəaliyyətimə həsr etmişəm. Tələbəlik illərimizdə Yalçın müəllim bizim üçün əsl pedaqoq idi. Müdrik bir müəllim kimi onu tələbələr həm sevir, həm də dərindən hörmət edirdi. 2006-cı ildə Əməkdar Mədəniyyət İşçisi Fəxri adını almağımda da ondan öyrəndiklərimin rolu böyük olmuşdur.

Ağsaqqal, müdrik, səmimi müəllimimi ad günü münasibəti ilə təbrik edirəm. Nə yaxşı ki, sənət yolumu seçəndə sizin kimi müəllimlərlə rastlaşdım. Sizlər bizə insanlıq dərsi keçdiniz ki, bu gün o fakültənin məzunlarının hər birinin həyat amalı bu mizanlar üzərində quruldu. Onların hər biri öz qələmi ilə sizlərdən - şəxsən Sizdən, Yalçın müəllim, aldıqları o həyat dərslərinə sədaqətini təsdiq etməkdədir.                              

Arzu İsayeva, tyutor:

- Ömür də silsilə dağlara bənzəyir. Hər il bu silsilədən biri fəth edilir. Biləndə ki, Yalçın Əlizadənin ömür silsiləsində artıq 78-ci zirvəsi ötməkdədir, əvvəlcə bu dolğun rəqəmin yaratdığı heyrətə inanmadım. Ömürdü, bir göz qırpımında ötüb keçir. İndi saçları seyrəlmiş, qarlı zirvələri xatırladan Yalçın Əlizadə ömrünün 79-cu silsiləsi görünməkdədir.

Yalçın Əlizadə ləyaqətli ömür sahibi olmaqla bərabər öz müəllimlərinin ümidlərini, həmkarlarının, eləcə də tələbələrinin inamlarını doğrultmuş alim, müəllim, əsl ziyalı və bacarıqlı dekan olub və bu gün də həmin keyfiyyətləri müəllimlik vəzifəsində davam etdirir. Bu fakültədə kimi dindirsən, istər müəllim olsun, istərsə tələbə, fərq etməz, hamısı böyük hörmət və səmimiyyətlə Yalçın müəllim haqqında xoş sözlər danışar. 

Orxan Quluzadə, Füruzə Hüseynova, Günel Mehdizadə, Xəyalə Bünyatova, Aynurə Vəliyeva, magistrantlar:

- Yalçın müəllimin elektron informasiya vasitələri ilə bağlı dərs vəsaitləri, elmi məqalələri dərslərimizdə və imtahanlarda bizə dayaq olub. Onun radiojurnalistikaya dair əsərləri hazırda əlimizdə yazmaqda olduğumuz magistr dissertasiyalarımızın ədəbiyyat siyahısında mühüm yer tutur. Onun kitablarındakı elmi üslubu bizə məhz belə yazmağı öyrədir. Fakültəmizin bütün müəllimləri onu özlərinə bilik mənbəyi, peşəkar jurnalist kimi nümunə sayır. Belə bir insanın, müəllimin, alimin ad günündə söz deməyi özümüzə şərəf sayırıq.

Səhifəni hazırladılar:
professor Cahangir Məmmədli və Esmira Rövşənova

 





17.01.2019    çap et  çap et