525.Az

Struktur islahatları Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərini daha da artıracaq


 

Struktur islahatları Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərini daha da artıracaq<b style="color:red"></b>

Azərbaycanda həyata keçirilən islahatlar təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

Ölkəmizdə aparılan məqsədyönlü islahatlar, geniş miqyaslı tədbirlər onun surətli inkişafına, əhalinin sosial rifahının yüksəlməsinə səbəb olmaqla yanaşı, həm də onun beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməkdə, islahatçı, inkişafda olan bir dövlət kimi tanıtmaqdadır. Sevindirici məqam bundan ibarətdir ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlar, iqtisadi tərəqqi yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da tez-tez vurğulanır, hesabatlarda qeyd edilir, ölkəmiz beynəlxalq reytinq göstəricilərində mövqelərini möhkəmləndirir.

Azərbaycan prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks islahatlar onu dünyanın ən islahatçı ölkəsi kimi tanıdıb.

Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb.

Dövlət başçısı tərəfindən yanvarın 14-də imzalanmış mühüm qərarlar struktur islahatları istiqamətində daha bir vacib addım oldu. Belə ki, dövlət başçısının Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən, dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə bir sıra qurumlar ləğv edilib, bəzilərinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil ediləcək. Bu fərman ictimaiyyət, ekspertlər tərəfindən çox yüksək qiymətləndirilir. Çünki Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində yeniləşməsi dövlət idarəçiliyi sistemininin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirmişdi. Ölkə rəhbərliyi tərəfindən zamanın, dövrün tələbinə uyğun olaraq bu cür islahatlar çox yüksək səviyyədə həyata keçirilir. Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir.

Dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir.

Struktur islahatları nəticəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək, dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaqdır. Bir pəncərə və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas xəttidir. Struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb, dövlət başçısı müvafiq qurumlara bununla bağlı  xüsusi tapşırıqlar verib. Beləliklə, bu islahatlar hərtərəfli, düşünülmüş şəkildə aparılıb.

İqtisadçı-ekspert Fuad İbrahimov mövzu ilə bağlı deyib ki, son vaxtlar qəbul edilən qərarlar, aparılan islahatlar birbaşa olaraq makroiqtisadi sferada iqtisadiyyatın bütün sahələrində inkişafa təkan verir, bu inkişafa şərait yaradır. Onun sözlərinə görə, müəyyən zaman çərçivəsində verilən sərəncamlardan irəli gələn fəaliyyətlərin effektivliyi müşahidə olunacaq: "Qərb təcrübəsinə diqqət yetirsək görərik ki, doğurdan da bu cür qərarlar müxtəlif ölkələrdə, fərqli sahələrdə effektivliyi təsdiq edib. Yəni bu qərarlar qazanılmış müsbət təcrübələr əsasında tətbiq olunur. Düşünürəm ki, bu qərarlar makroiqtisadi tarazlığı təmin edəcək və gələcəkdə baş verə biləcəyi ehtimal edilən hər hansı iqtisadi katakilizmlərə qarşı hazırlıqlı olmağa imkan yaradacaq. Şübhəsiz ki, dövlət başçısının imzaladığı bu fərmanlar əksər sahələrdə öz töhfəsini verəcək".

Qeyd edək ki, bu çərçivədə dövlət başçısının imzaladığı digər fərmanla müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Bu fərman ölkənin müdafiə siyasətinin başlıca istiqamətlərindən olan müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi bu sahədə fəaliyyət göstərən yüksək inkişaf potensialına malik müəssisələrin qabaqcıl təcrübə və texnologiyalar əsasında modernləşdirilməsinin həyata keçirilməsini, qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə, mövcud iqtisadi konyunkturada rəqabətədavamlılığının artırılmasını təmin edəcək.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyəti yaradılmasını müsbət addım adlandırıb.

Onun sözlərinə görə, burda söhbət tək Müdafiə Sənayesi Nazirliyindən getmir: "O qədər dövlət qurumları var ki, faktiki olaraq sovetdən qalma mexanizmlə işləyirlər. Yaşadığımız XXI əsrdə isə tamam başqa tələblər var. Yüksək texnologiyaların sürətlə inkişaf etdiyi bir əsrdə insanlar daha mobil, daha çevik iş ortaya qoymalıdırlar. Bu baxımdan ölkə başçısının qərarı çox düzgün qərardır və hesab edirəm ki, bu proses davam etdirilməlidir. Çünki bizim xeyli sayda dövlət qurumuş təşkilat var ki, dövlətdən kifayət qədər maliyyə alsalar da, bunun müqabilində ortaya qoyduqları faydalı iş əmsalı çox aşağıdır. Sadəcə olaraq qərarın mahiyyətini insanlara çatdırmaq üçün izahat verilməli, iş aparılmalıdır. Onda insanlar da sözügedən qərarın əhəmiyyətini və vacibliyini yaxşı dərk etmiş olarlar".

Hərbi ekspert Müdafiə Sənayesi Nazirliyinin yaradıldığı dövrdəki tələblərlə bugünkü tələblərin fərqləndiyini söyləyib: "Müdafiə Sənayesi Nazirliyi yarananda başqa tələblər var idi. Tələblər də o zamana uyğun tələblər idi. Həmin dövrdən xeyli müddət keçib və bu illər ərzində Müdafiə Sənayesi Nazirliyi kifayət qədər iş görüb. "Azərsilah" ASC isə idarəetmənin effektivliyini daha da artırmaq, idarəetməni daha çevik etmək məqsədilə yaradılıb". "Azərsilah" ASC-nin ölkəmizə böyük fayda verəcəyini düşünən Ü.Cəfərovun sözlərinə görə, Azərbaycanda istehsal olunan hərbi məhsulları xarici bazarlara çıxarmaq imkanlarımız da artacaq: "Hesab edirəm ki, bu qurum Azərbaycana böyük fayda verəcək. Çünki yəqin ki, burada hansısa kənar mütəxəssislər deyil, vaxtilə Müdafiə Sənayesi Nazirliyində çalışmış insanlar işlərini davam etdirəcəklər. Bu insanlar işlədikləri müddətdə kifayət qədər təcrübə toplayıblar və bu illər ərzində onların hazırladığı silah-sursatlar tək daxili tələbat üçün istifadə olunmayıb, eyni zamanda, bir sıra xarici ölkələrə ixrac edilib. Ümid edirəm ki, "Azərsilah" ASC üzərinə düşən məsuliyyəti anlayacaq və Azərbaycan məhsullarının daha çox tanınması üçün lazımi işlər görəcək".

PƏRVANƏ

 





18.01.2019    çap et  çap et