525.Az

Sarkisyanın komandasının Paris narahatlığı


 

Sarkisyanın komandasının Paris narahatlığı <b style="color:red"></b>

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında bu il ilk görüş baş tutdu.

Danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endrü Sxofer - ABŞ) vasitəçiliyi ilə yanvarın 16-da Fransanın paytaxtı Parisdə baş tutub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

Xatırladaq ki, nazirlər görüşdən əvvəl həmsədrlərlə ayrılıqda müzakirələr aparıblar. Ötən il isə XİN rəhbərləri üç dəfə bir araya gəliblər. Onlar Brüsseldə, Sankt-Peterburqda və Milanda görüşüblər. Paris görüşündən sonra həm iki ölkənin XİN-ləri, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilən bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən ümidlər yaradır. Belə ki, Azərbaycan XİN-in görüşün yekunu ilə bağlı yaydığı açıqlamada deyilir ki,  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən, hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

İrəvan da Mnatsakanyan-Məmmədyarov görüşünü konstruktiv adlandırıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir ki, nazirlər Parisdə konstruktiv fikir mübadiləsi aparıblar:  "Görüşdə qarşılıqlı anlaşma və inamın artırılmasına xidmət edən faydalı və konstruktiv fikir mübadiləsi aparılıb. Dörd saatdan çox davam edən danışıqlarda xalqların sülhə hazırlanması, təhlükəsizlik və regionun sabit inkişafı daxil olmaqla, münaqişənin sülh yolu ilə həlli üzrə geniş spektri əhatə edən məsələlər müzakirə olunub. Yeni görüşün tarixi hələ təsdiqlənməyib. Ancaq xarici işlər nazirləri ardıcıl ünsiyyəti davam etdirməyə razılaşdılar".

ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda isə deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Qeyd olunur ki, Fransanın Avropa və xarici işlər naziri yanında dövlət katibi danışıqlara yekun vurub: "Həmsədrlər Yelisey sarayında qəbul edilib, orada onlar prezident Emmanuel Makronun əsas diplomatik müşavirlərinə məlumat veriblər.

İştirakçılar nazirlərə tərəflərin nəticələrə yönəldilmiş intensiv danışıqlara xidmət vəziyyətin qorunub saxlanılması üçün daim göstərilən səylərinə görə minnətdarlıqlarını bildiriblər.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox məsələni müzakirə ediblər, əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər".

Bəyanatda həmçinin qeyd olunur ki, görüş zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və parametrləri, həmçinin, danışıqların dinamikasına güclü təkan vermək üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyü ilə bağlı növbəti addımları müzakirə ediblər: "Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılmasına yönəldilmiş mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini vurğulayıblar. Həmsədrlər yaxın vaxtlarda iki ölkənin başçıları ilə görüşməyi planlaşdırır".

Paris danışıqları ilə bağlı verilən açıqlamalar sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyasında narahatlıqla qarşılanıb. Belə ki, partiyanın sədr müavini  Armen Aşotyan verilmiş bəyanatların çaşqınlıq yaratdığını deyib.  O, baş nazir Nikol Paşinyana, həmçinin, Mnatskanyana bir sıra suallar da ünvanlayıb: "Mən soruşmaq istəyərdim, görüşdə münaqişənin həllinin müzakirəsi hansı  prinsiplər əsasında aparılıb? Hansı əsasda xalqların sülhə hazırlanması, təhlükəsizliyin və regional sabitliyin inkişafı məsələlərinə toxunulub? Azərbaycan tərəfindən hansı kompromislərdən söhbət gedib? "DQR"in danışıqlar masasına gətirilməsi müzakirə edilib".

Aşotyan digər separatçı, işğalı təşviq edən suallar da ünvanlayıb. Amma görünən odur ki, illərdir Qarabağ məsələsindən cinayətkar hakimiyyətinin ömrünü uzatmağa çalışan Sarkisyan rejimi hakimiyyətdən uzaqlaşdıqdan sonra da münaqişənin həllində hər hansı irəliləyişin olmamasına çalışır, Paris danışıqlarından isə əməlli başlı vəlvələyə düşüblər.

Bir gün əvvəl isə "Mənim addımım" blokundan olan millət vəkili Ruben Rubinyan maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər də bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin mövqeyindən deyil, yalnız Ermənistanın mövqeyindən çıxış edərək aparacaq və bu prinsipə sadiqdir.

Erməni deputat bildirib ki, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar Ermənistan tərəfinin gündəmində qalmaqdadır: "Nikol Paşinyan və İlham Əliyevin Düşənbədəki qeyri-rəsmi danışıqları kontekstində heç bir ziddiyyət yoxdur. Məsələ ondan ibarət idi ki, təmas xəttində tərəflər arasında silahlı toqquşmalar aradan qaldırılsın və bu ünsiyyət nəticəsində Yerevanla Bakı arasında xüsusi əlaqə yarandı. Bu, hazırkı mərhələdə gərginliyin əhəmiyyətli dərəcədə azalmasına imkan verdi".

İstənilən halda, Paşinyan hakimiyyəti birinci vəzifəsinin Qarabağ münaqişəsinin mərhələli həllinə gətirəcək danışıqlar aparmaq olduğunu yaxşı anlayır. Ermənistanın iqtisadi inkişafı, əhalisinin sosial vəziyyətinin artması, təcriddən xilas yolu da məhz budur. Qarşı tərəf Azərbaycanın gücünü, imkanlarını da yaxşı bilir. Paşinyan hakimiyyətinin həqiqətən də nəticəyə gətirən danışıqlar aparacağı, yaxud vaxt uzatmaq məqsədilə əvvəlki rejimlər kimi münaqşədən istifadə edib-etməyəcəyini isə zaman göstərəcək.

PƏRVANƏ

 





18.01.2019    çap et  çap et