525.Az

Siruz Abbasbəyli: "Heydər Əliyev dedi ki, mənə telefonla "nə kömək edim" sözü lazım deyil"


 

"... SƏHƏRİSİ PREZİDENT ELÇİBƏYİN RAZILIĞINI ALIB NAXÇIVANA GETDİM"

Siruz Abbasbəyli: "Heydər Əliyev dedi ki, mənə telefonla "nə kömək edim" sözü lazım deyil"<b style="color:red"></b>

"525"in müxbirinin suallarını keçmiş rabitə naziri Siruz Abasbəyli cavablandırır:

- Siruz müəllim, işləriniz, əhval-ruhiyyəniz necədir?

- Əhval-ruhiyyəm hələ ki, işçi vəziyyətdədir (gülür). Adam istəyir ki, nəsə yaratsın, nəsə bir iş görsün. Çünki vaxtilə yarımçıq qalan işlərimiz çoxdur. İşlədiyim dövrdə çox güclü layihələrimiz var idi. Qarşıma qoyduğum o məqsədlər, o problemlər ki var idi, həllini gözləyirdi, onların çoxunu həll elədik, çoxunu axıra çatdırdıq. Ancaq bəzi Avropa, dünya səviyyəli layihələrimiz yarımçıq qaldı. Çatdıra bilmədik, yəni işdən gedəsi oldum. Çox adam mənə sual verir: İşdən getmək məsələsi necə oldu, nə üçün oldu? Min dənə söz deyirlər, ancaq işdən getməyimin səbəbini bir mən bilirəm, bir də bir-iki nəfər yüksək səviyyədə oturan şəxs. İşdən getməyimin səbəbini də heç vaxt açıqlamaq fikrim yoxdur, o fikirdə deyiləm, öz aramızda olan bir məsələdir. Bu yaxınlarda internetdə oxudum ki, rabitə nazirimiz Ramin Quluzadə vaxtilə yarımçıq qalan proyektlərimizin birinin reallaşmasına yenidən start verib, hətta Qazaxıstan və Türkmənistan nazirləri ilə bu layihənin üzərində işləməyə başlayıblar. Layihənin adı o vaxtlar TAE idi. Bu, Çindən başlayıb, Frankfurta qədər gedən dəniz yeraltı, yerüstü kabelin çəkilməsi layihəsidir. Xatırladım ki, 1994-95-ci illərdə biz bu məsələni qaldırmışdıq və bu layihəyə rəhbərlik etməyi öz üzərimizə götürmüşdük ki, müxtəlif Asiya ölkələri, o cümlədən, Almaniya, digər Avropa ölkələri ilə onu həyata keçirək. Bu, bir növ İpək Yolu deyilən layihənin eyni idi. Lakin işdən gedəndən sonra bu məsələ yarımçıq qaldı, axıra çatdıran olmadı.

Ancaq çox sevinirəm ki, 1992-1997-ci illərdə görülən işlər bugünləri öz bəhrəsini tam gücü ilə verir. Bugünkü internet şəbəkəsinin qurulması, mobil rabitə sistemlərinin - "Azərsell"in, "Baksell"in, "Katel"in əmələ gəlməsi, sonra "Ultel", "Azevrotel" birgə müəssisələrinin yaranması, Peyk rabitə sisteminin yaradılması məhz həmin illərə aiddir. Bunlar hamısı ən çətin dövrdə yarandı. Bu elə bir dövr idi ki, təkcə Rabitə Nazirliyində yox, ümumiyyətlə, respublikada maliyyə böhranı idi. Yadınıza gəlirsə, hətta insanların, fəhlələrin maaşını vermək belə, çətin idi, aylarla gecikmələr olurdu. Ancaq biz o vaxtı daxili imkanlar hesabına çox böyük işlər gördük, o cümlədən, illərlə tikintisi dayandırılmış Televiziya qülləsinin tikintisini başa çatdırdıq. O vaxt prezident, rəhmətlik Heydər Əliyev həmin qüllənin açılışını elədi, rabitə işçilərinə minnətdarlığını bildirdi və çox yüksək qiymətləndirdi ki, nəhayət, Azərbaycanın, Bakının simvolu olan Televiziya qülləsi işə düşdü. Bu da həmin dövrdəki fəaliyyətlərimizin bir hissəsidir. Çox danışmaq olar, ancaq verdiyiniz suala cavab olaraq, bir daha qeyd edirəm ki, əhval-ruhiyyəm işçi əhval-ruhiyyəsidir. Hələ enerji çoxdur və mənə belə gəlir ki, vaxtımızı boş yerə sərf eləmirik. Yaratdığımız "Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri" İctimai Birliyinin sədriyəm və o ictimai birlik rabitə sahəsində müəyyən işlər görür, müəyyən işlər aparırıq. Rabitə Nazirliyinə yeni rəhbərlik gələndən bizə əlindən gələn köməkliyi edir. Bizə yer də verib, otaq da verib. Müəyyən texniki avadanlıqla da kömək edir...

- Kənardan optimist, nikbin insan təsiri bağışlayırsınız, yoxsa müşahidəmiz yanlışdır, əksinədir?

- Düzünü deyim ki, həmişə optimist olmuşam, hər zaman həyata açıq gözlə baxmışam, hər zaman nəsə yaratmaq istəmişəm. Yəni passiv həyat keçirməyi sevmirəm. Hər zaman aktiv olmuşam və bu aktivliyin də görünür, kökü gedir uşaqlığa. Uşaqlıqda texnika, incəsənət ilə məşğul olmuşam, dram dərnəyində, musiqi dərnəyində, rəqs dərnəklərində iştirak etmişəm. Uşaqlıqdan məndə olan bir xüsusiyyətdir ki, həyatı sevmişəm, yaşamağı sevmişəm, yaratmağı sevmişəm. Bu, mənim qanımda olan bir şeydir. Dediyim kimi, uşaq vaxtı dram dərnəyinə gedirdik. Bizim rəhbərimiz də korifey sənətkarımız, Xalq artisti Ələddin Abbasov idi. Həmçinin, Zülfüqar Baratov, Muxtar Avşarov və nəhayət, ən axırıncı müəllimimiz Hacıbaba Bağırov oldu. Ondan başqa rəqs dərnəyinə gedirdim. O zamanlar da 13-14 yaşım var idi. Həmin vaxt Zülfüqar Baratov məni Gəncə Dövlət Filarmoniyasına apardı, solo rəqsi öyrətdi mənə. O vaxt bizimlə ansambla gedən uşaqlar, filarmoniyanın uşaqları çoxu elmlər doktordur, filosofdur, professordur. Misal üçün Zaur Həsənov Gəncədə Kənd Təsərrüfatı Akademiyasının (Aqrar Universitetin) professorudur. Beləliklə, incəsənətlə bərabər olaraq mən həm də texnika ilə maraqlanırdım. Gənc texniklər stansiyasına, radio, aviakonstruktor, aviamodel dərnəklərinin hamısına gedirdim. Uşaq vaxtı, məktəbdə oxuyanda boş vaxtımız yox idi. Səhər 8-də dərsə gedərdik, saat 1-də, 2-də dərsdən çıxardıq, sonra "Pionerlər evi"nə, Mədəniyyət Evinə, müxtəlif peşə məktəblərinə gedirdik...

- Əhvalınız korlananda, ovqatınız təlx olanda özünüzü necə ələ alırsınız, özünüzü nə ilə ovundurmağa çalışırsınız, ərtafdan, insanlardan uzaqlaşırsınız, yoxsa?..

- Əlbəttə, hər bir insanda belə anlar, məqamlar əmələ gəlir, ovqatı təlx, nəsə bir qanqaraçılıq olur. Bu, hamıda var, amma onu mənə belə gəlir ki, o qədər də ürəyə yaxın qəbul etmək lazım deyil. Həyat problemlərlə doludur. Heç kəsin problemsiz həyatı yoxdur. Yəni nəsə bir qanqaraçılıq olanda, nəsə bir problemli məsələ ortaya çıxanda, xoşagəlməz hadisələr baş verəndə çıxış yolunu tapmağa cəhd edirsən, çalışırsan ki, nəsə eləyəsən. Çıxıb şəhəri gəzirsən, dənizkənarı bulvara gedirsən, dostları axtarıb tapırsan, telefonla zəngləşirsən, gedib bir çay içib, dərdləşib söhbət edirsən, nəvələrlə oturub-durursan, danışırsan, söhbət edirsən və sairə. Ən nəhayət, hansısa narahatlıq olanda, özümə yer tapmayanda musiqi ilə məşğul oluram. Mənim ən çox sevdiyim, boş vaxtlarımı sərf elədiyim musiqidir.

- Nəyə, kimə qulaq asırsınız?

- Bilirsiniz, əlimə harada nə keçdisə, mən onda ifa edirəm. Tardı, kamandı, nağaradı, qarmondu, pianodu, sintezatordu, nə olsa, nəfəs alətlərindən başqa bütün alətlərdə həvəskar kimi ifa edirəm.

- Lirik, yoxsa şən, oynaq musiqilər?..

- Lirikanı çox sevirəm. Flora xanımın ifasını, Alim Qasımovu ifasını çox sevirəm. Oynaq mahnılara, musiqilərə gəlincə, məsələn, Səməd Səmədovu dinləyirəm, özü də mənim yaxın dostumdur. Eyni zamanda, özüm mahnı bəstələməyi sevirəm. Bu həvəs məndə lap uşaqlıqdan var.

- İndiyədək mahnılarınızı tanınmışlardan kimlər ifa edib?

- Mənim mahnılarımı rəhmətlik İlhamə xanım oxuyub. "İlhamlı Azərbaycan" adlı bir mahnım olub. Cənab İlham Əliyevin yenidən prezident seçilməyi münasibətilə biz İlhamə xanımla oturub belə bir layihə üzərində işlədik. Sözlərini də bizə hörmətli şairimiz İsmayıl Dadaşov kömək elədi. Çox gözəl bir mahnı alındı, marş formasında. Onu oxudu, həmçinin, "Gəncə" mahnımı ifa elədi. Ondan sonra Flora xanım "Həyatımın son zəngi" adlı bir lirik mahnımı ifa elədi. Aybəniz Haşımova bir neçə mahnımı ifa etməkdədir.

Elza Seyidcahan 2015-ci ildə ölkəmizdə keçirilən İlk Avropa Oyunlarına aid bir mahnımı ifa elədi. O da marş formasındadır, bütün televiziya kanallarında getdi. Sonra Firuzə İbadova bir neçə mahnımı ifa edib. Eləcə də Günel Ziya, Nadir Qafarzadə, Rəşad İlyasov, həmçinin, Gülüstan Əliyeva, Zöhrə Abdullayeva mənim mahnılarımı ifa ediblər.

- Siruz müəllim, uşaqlığınız Tehranda, Təbrizdə keçib. Ötən illər ərzində heç olubmu, ürəyinizdən belə bir fikir keçibmi ki, köçüb oralarda yaşayasınız, uşaqlığınız keçən yerlərdə?

- Ata tərəfdən əslimiz Naxşıvandan, Ordubaddan olsa da,Təbrizdə anadan olmuşam. Çünki atam uzun müddət, hələ Böyük Vətən Müharibəsindən əvvəl və müharibədən sonra uzun müddət Təbrizdə, Tehranda müxtəlif sovet idarələrində, "SovİranBank", "SovİranNeft"də, konsulluqda və sairədə işləyib. 1940-cı ildən 1953-cü ilə kimi orada yaşamışıq. Sonra Gəncəyə köçmüşük, çünki iki əmim orada yaşayırdı. Orta məktəbə də Gəncədə getmişəm. Sonra Bakıya köçmüşəm. Onu da deyim ki, rəhmətlik anam bakılı, içərişəhərli idi. Ana babam sovetlər yaranandan sonra buradan ailəsi ilə birlikdə İrana, Təbrizə köçüb getmişdi. Mən də axırıncı dəfə dayılarımı 1953-cü ildə, uşaq vaxtı görmüşdüm, bir də dayılarımı düz 31 il sonra, İrana göndərilən sovet nümayəndə heyətinin tərkibində olarkən görə bildim. Həmin vaxt Azərbaycanın Cənub zonasında İran telekanalları tuturdu, öz kanallarımız pis göstərirdi, bu da istər-istəməz narahatlıq yaradırdı. Bununla bağlı məsələni həll etmək üçün o zaman nümayəndə heyəti yaradıldı və mən də həmin heyətə salındım. Həmin vaxt dayım da İran ordusunda böyük vəzifədə, general səviyyəsində idi. Mən düz 31 ildən sonra onunla görüşdüm və deyim ki, bu, həm mənim, həm də dayım üçün bir az riskli idi. Sonra digər dayım da gəldi, onunla da görüşdük. Sonra, yəni müstəqillik əldə etdikdən sonra dəfələrlə İrana, Təbrizə, Tehrana getdim, qohumlarla görüşdüm, xalamın yas mərasimində iştirak etdim, uşaqlığımız keçən yerlərə baxdım, yaşadığımız məhəlləyə, konsulluğa getdim. Onun divarları indiyə kimi də necə varsa, elə qalıb. O vaxt palçığa saman qatırdılar, yapırdılar divarlara. Bax həmin o samanlı divardan bir ovuc götürdüm, cibimə tökdüm, özümlə gətirdim. Ancaq köçüb orada yaşamaq yox, ora tez-tez getməyi özümə borc bilirəm.

Gedib oranı gəzirəm. Necə olmasa da, doğulduğum bir yerdir. Nə olsun ki, keçmiş sovet konsulluğudur… Torpaq, torpaqdır. Bir də ki, nə vaxtsa Cənubi- Şimali Azərbaycan birləşəcək. O torpaq da bizimdi, bu torpaq da. Ancaq yenə deyirəm, oralarda yaşamaq fikri düzü, fikrimdən keçməyib. Mən Azərbaycandan, Bakıdan kənarda yaşaya bilmirəm..

- Səhv etmiriksə, 1992-ci ildə rabitə naziri təyin olunmuşdunuz...

- Bəli, 1992-ci ildə rabitə naziri təyin olunmuşdum. Bir gün məni çağırdılar ki, bəs prezident, rəhmətlik Elçibəy səninlə görüşmək istəyir. Mən də açığını deyim ki, heç zaman siyasətlə məşğul olmamışam, bu gün də siyasətdən kənarda dayanıram. Mən daha çox öz işlərimlə məşğul olmağı sevmişəm və sevirəm. Yəni o zaman AXC-nin də üzvü deyildim, ümumiyyətlə, keçmiş Kommunist Partiyasından savayı heç bir siyasi qurumun üzvü olmamışam. Nə isə, Elçibəyin qəbuluna getdim, dedi ki, bəy, rabitəni qaldırmaq lazımdır, bu işin öhdəsindən gələ bilərsizmi? Dedim ki, Mərkəzi Komitədə çalışmışam, rabitə nazirinin müavini, Ali Nəzarət İnspeksiyasının birinci müavini işləmişəm və sairə. Həmçinin dedim ki, sizin bu cəbhəçilər mənə işləməyə qoymayacaqlar, əgər siz mənə qarantiya verirsizsə, məni onlardan qoruyacaqsızsa, rabitəni altı aya yox, üç aya qaldıracağam. Dedi, bəy, o, bizlikdir. O gün mənim sərəncamımı verdilər, gətirib təqdim elədilər. Səhərisi gündən cəbhəçilər mənə qarşı mitinqlərə başladı. Amma mən fikir vermədim, hətta, yoldaşım deyirdi, neynirsən, hisrlənirsən, az qalıblar evimizə gəlsinlər ki, çıx get. Dedim, getməyəcəyəm, ya mən rabitəni qaldıracağam, ya mənim oradan ölümü çıxaracaqlar. Nə isə üç aydan sonra çox böyük nailiyyətimiz oldu. Nəinki Azərbaycanda, demək olar ki, keçmiş SSRİ məkanında ilk elektron digital sistemi yaratdıq. 98-93 nömrəli 30 min nömrəlik ATS tikdik. Bir qəpiksiz, Türkiyənin köməkliyi ilə. Türkiyənin "NETAŞ", "Teletaş" firması bizə kömək elədilər. Yeni stansiyalar tikməyə başladıq.

Şəxsən mənə Türkiyənin rabitə naziri Yaşar Topçu üç min nömrəlik telefon stansiyası hədiyyə elədi. Mən də getdim prezidentin yanına, soruşdum ki, üç min nömrəlik telefon stansiyamız var, bunu hara qoyaq, hara məsləhət bilirsiniz. Dedi, nazirsən, haranı məsləhət bilirsən, ora da qoy. Dedim, Əhmədlidə bizim bir dənə telefonumuz yoxdur, dedi, apar qoy Əhmədliyə. Əhmədlidə üç min nömrəlik telefon stansiyasını quraşdırdıq. Rabitə naziri təyin edilən günün səhərisi ilk zəng etdiyim şəxs rəhmətlik Heydər Əliyev oldu. Zəng etdim, dedim ki, Siruz Abasbəylidir, Heydər Əliyeviç, məni rabitə naziri qoyublar. Dedi, hansı Abasbəylisən? Dedim, siz məni o vaxt Mərkəzi Komitəyə işə götürəndə nazirimiz Rəsulbəyovla qəbul etmişdiniz. Dedi, hə, yadıma düşdü, çox yaxşı, təbrik edirəm, uğurlar olsun, ancaq mənə telefonla kömək lazım deyil, kömək eləmək istəyirsizsə, durun gəlin Naxçıvana. Hələ indiyə kimi Azərbaycandan, Bakıdan mən burada nə qədər varam bir nəfər gəlib soruşmayıb ki, nə var, nə yox. Gəlmək istəyirsən, dur gəl. Mənə telefonla "nə kömək edim" sözü lazım deyil. Bunları dedi və dərhal telefonu qapatdı. Mən də səhərisi gəldim Elçibəyin yanına, dedim ki, cənab prezident, mən Naxçıvana getməliyəm. Dedi ki, bəy, xeyir ola, bəy, nə var orda? Dedim, bəs orada rabitə yoxdur, ermənilər kəsiblər, rabitə üçün görüm nə edə bilərəm, iki günə gedib-gələcəyəm. Cavab verdi ki, hə, bəy, gedin.

Beləliklə, mən Naxçıvana getdim. Orada məni baş nazir Şəmşəddin müəllim qarşıladı, əvvəl getdik onun otağına, sonra isə Heydər Əliyev məni qəbul elədi. Aramızda müəyyən söhbətlər oldu, soyuqdan, istidən danışdıq. Özü də otaq soyuq olduğu üçün mən içəriyə dublyonkada, papaqla girmişdim. Köməkçisi dedi ki, Heydər Əliyev belə deyib, içəri soyuqdu. Heydər Əliyev isə oturmuşdu pencəkdə, paltonu atmışdı çiyninə. Dedim, Heydər Əliyeviç, buranı isitməyə, yandırmağa bir şey yoxdur? Dedi ki, mənim heç nəyim Naxçıvan əhlindən artıq deyil, onlar necə, mən də elə. Nə isə, sonra göstəriş verdi Şəmsəddin müəllimə ki, nə istəyir nazirə kömək edin. Bizə rabitə versin, sonra keçsin Azərbaycana. Rabitə verməsə, onu buradan buraxmayın. Mən də bunun məsuliyyətini bilirdim, başa düşürdüm. Həmin vaxt da həftənin 5-ci gün idi, mən də keçməliydim İran tərəfə. 5-ci gün isə İran tərəfi işləmirdi. Şəmsəddin müəllim xahiş elədi İrandan, sərhədçilərdən kimsə gəldi, sərhədi açdı. Məni buraxdılar İran tərəfə, getdim orada müəyyən adamlarla, rabitə sahəsində məsul insanlarla görüşdüm, onlardan xahiş elədim, sağ olsunlar, bizə bir kanal verdilər. O kanalı aldıq, əlaqə yaratdıq. Onun da əvəzinə Elçibəydən neft, mazut istədilər İran Astarasına vermək üçün. Nə isə bu hökumət səviyyəsində həll olunan məsələydi. Ancaq mən rabitə məsələsini həll edib qayıdıb gəldim. Bax belə bir məqamlar da olub...

- Hazırda necə dolanırsınız, güzəranınızdan razısınımı?

- Hamı necə, mən də, biz də elə. Bütün rabitə işçiləri, Azərbaycanın tanınmış insanları, məni tanıyanların əksəriyyəti bilirlər ki, həyatımda rüşvətin nə olduğunu bilməmişəm. İndi təəccüblənirəm ki, axı, necə işləyəsən ki, belə milyonların sahibi olasan. İndi çoxları işdən gedəndən sonra aləm qarışır bir-birinə, yəni filankəsin filan yerdə villası, şirkəti, göydələnləri var və sair. Buna görəsən, o insanların vicdanı necə yol verib?! Əslində isə o yığılan pullar, var-dövlət Azərbaycan xalqı üçün nə qədər xeyir verərdi, nələr tikmək olardı, zavodlar, fabriklər, otellər, nələr, nələr, nələr. Nazir vəzifəsinə təyin olunan şəxs heç vaxt yadından çıxarmamalıdır və deməlidir ki, mən dövlətin quluyam, mən millətimin quluyam, mən xalqıma, vətənimə, dövlətimə, prezidentimə borcluyam, onlar üçün işləməliyəm, xalqım üçün işləməliyəm, dövlətim üçün işləməliyəm. Ancaq əfsuslar olsun ki, bəziləri özləri üçün işləyirlər. Belə fikirləşirəm ki, o rüşvətxorluq edən vəzifə sahibləri həm xalqına, həm dövlətinə, həm torpağına, həm millətinə, həm prezidentinə xəyanət edir. Bu sözləri cənab Prezident İlham Əliyev də demişdi ki, bu, bizim millətə, xalqa, Azərbaycana və prezidentə xəyanətdir. Mən də belə fikirləşirəm. Eyni zamanda, fəxr edirəm ki, mənim yaratdığım şirkətlər bugünləri çox yüksək səviyyədə bəhrəsini verir və fəxr edirəm ki, rabitə sahəsində qazandığım hörmət mənim üçün yaşayışdı, var-dövlətdi, milyonlardı. Şükür, dolanmaq imkanımız var. Balalarımız oxuyur, nəvələrimiz oxuyur. Nə olsun ki, villamız yoxdu, nə olsun ki, "novostroyka"da evlərimiz yoxdu. Allaha qurban olum, bugünümüzə min şükür. Bu gün yaşadığımız mənzil də mühəndis işləyəndə yaşadığımz evdir, qayınanamın evidir. Mərkəzi Komitədə işləyərkən ora gələnlərin əksəriyyəti ordan ev aldılar. Özümə, mənliyimə sığışdırıb gedib şöbə müdirinə və yaxud da mənim kuratorum olan Həsən Həsənova demədim ki, mənim də evim yoxdur, mənə ev verin. Amma mən həyatımdan, ömrümdən razıyam. Allahıma da şükür edirəm ki, əşşi, insana nə lazımdır, nəvə var, bala var, ev var, maşın var, dolanışıq var, gərək elə göydən töksün, sən də gecə yatmayasan ki, qapımı kimsə döyəcək və yaxud gəlib evi aparacaqlar... Həyatda alnıaçıq, başıuca olmaq və özündən sonra bir iz qoymaq insan üçün böyük şərəfdir.

Kamil HƏMZƏOĞLU

 





23.01.2019    çap et  çap et