525.Az

UNEC-də imtahanlar davam edir


 

UNEC-də imtahanlar davam edir<b style="color:red"></b>

Yanvarın 3-dən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) start götürən 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası davam edir.

Yanvarın 22-də UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələri imtahan veriblər. Yazılı şəkildə təşkil olunan imtahanda əsasən 1 və 4-cü kurs tələbələri iştirak edib.  İmtahanın gedişini hər qrup üzrə 2 nəzarətçi izləyib. Tələbələrə sualları cavablandırmaq üçün tələbələrə 100 dəqiqə vaxt verilib.

İmtahan prosesində nizam-intizam, şəffaflıq təmin olunub. Tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər. İmtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmayıb.

Qeyd edək ki, Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) 2015-ci ildə UNEC-in intensiv beynəlmiləşmə və eyni zamanda, tədrisin keyfiyyətinin artırılması məqsədilə UNEC rektoru, professor  Ədalət  Muradov tərəfindən yaradılıb.  Məktəbdə beş ixtisas - Dünya İqtisadiyyatı, Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və Biznes İnzibatçılığı üzrə bakalavr pilləsində, iki ixtisas - Dünya İqtisadiyyatı və Maliyyə üzrə magistr pilləsində tədris aparılır. Məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilindədir. Yalnız Azərbaycan dili, Mülki Müdafiə və nitq mədəniyyəti fənləri Azərbaycan dilində tədris olunur.

İSE-də ingilis dili tədrisinin unikal metodikası yaradılıb və bu da tələbələrə hazırlıq ili oxumadan 4 ilə universiteti bitirmək imkanı yaradır. Məktəbə qəbul Dövlət İmtahan Mərkəzin tərəfindən aparılır. Məktəbdə  ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və başqa ölkələrin aparıcı universitetlərinin məzunları olmuş və eyni zamanda, geniş praktiki biliklərə malik müəllimlər dərs deyirlər.

Məktəbdə dərslər fərqli formada keçirilir. Mühazirələr diskussiyaya açıq olur. Məktəb ingilis dilinin tədrisində yeni interaktiv metodun tətbiqinə başlayıb. Tələbələr tədris edilən mövzuların həyatla əlaqəsini  təcrübədən keçirərək, xarici dilin mənimsənilməsinin əsas çətinliklərindən olan "dil baryeri" problemini qısa müddət ərzində həll edə bilirlər. İSE müəllimləri çalışır ki, tələbələr ingilis dilini peşəkar səviyyədə bilsinlər. Məktəbdə bütün fənn proqramları qərb universitetlərinin proqramlarına uyğunlaşdırılıb. Məktəbdə dərs deyən müəllimlər qərb universitetlərinin məzunlarıdır və onlar fənn proqramlarının hazırlanmasında yaxından iştirak ediblər. Müəllimlərin tədris etdikləri fənlər məzun olduğu universitetdə oxuduğu və ən yüksək bal göstərdiyi fənlərdir. Məqsəd yüksək ixtisaslı kadr hazırlamaqdır.

İSE-nin tələbələri yalnız yazılı şəkildə imtahan verirlər. Tədris inglis dilində olduğu üçün imtahanlar da bu dildə keçirilir. İmtahandan öncə müəllimlər tərəfindən suallar hazırlanır və bu suallar əsasında da biletlər tərtib olunur. İmtahan zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılır.

İSE-nin tələbələri arasında keçirdiyimiz sorğu zamanı onlar imtahanın təşkili, keçirilməsi zamanı tətbiq olunan yazılı üsulundan razı qaldıqlarını bildirdilər. Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı da obyektivlik təmin edilir. Belə ki, təqdim olunan suallara düzgün cavab verən tələbənin biliyi düzgün qiymətləndirilir.

Qeyd edək ki, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib.

Şəffaflığı və obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə UNEC-in "Qaynar xətt"i 1846 müraciət və sorğuları operativ qəbul edir. Hər il olduğu kimi, bu il də UNEC-in "Qaynar xətt" xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. "Qaynar xətt"ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır. Hər sessiya dövründə olduğu kimi, bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də "Qərargah" yaradılıb. "Qərargah" bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərir. İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən "Qərargah"lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdıraraq, cavablandırılır. Bundan başqa, tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb.

İmtahanlara hazırlaşan tələbələrə 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası xidmət göstərir.

S.QARAYEVA

 





23.01.2019    çap et  çap et