525.Az

Adı və əməlləri ucalıqda qərar tutan alim


 

Adı və əməlləri ucalıqda qərar tutan alim<b style="color:red"></b>

Hər bir xalqın gələcəyi onun elm və təhsilinin inkişafı ilə şərtlənir. Xalqın milli sərvəti səviyyəsinə ucalmaq, qürur mənbəyinə çevrilmək çox az sayda həqiqi ziyalıya nəsib olur.
 
Elmdə məktəb yarada bilən ziyalılar bu sıradandır. XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan  xalqının maariflənməsində, ziyalı təbəqələrinin formalaşmasında Bakı Dövlət Universitetinin əvəzsiz rolu danılmazdır. Bugünkü inkişaf etməkdə olan müstəqil Azərbaycan Respublikasının intellektual potensialının formalaşmasında, ölkəmizin digər nüfuzlu ali məktəblərinin və AMEA-nın kadr potensialının formalaşmasında Bakı Dövlət Universitetinin payı əvəzsizdir. Azərbaycan və dünya elminə çoxlu sayda elm və siyasi xadimlər verən BDU özünün 100 illik yaşında öz tarixi missiyasını yenə davam etdirir. Azərbaycanda elmi məktəblərin təşəkkülündə, fundamental elm sahələrinin inkişafında Bakı Dövlət Universitetinin rolu əvəzsizdir və onlarla dəyərli alim yetişmişdir. Elmin belə yüksək zirvələrini fəth etmiş alimlərdən biri də Azərbaycanda nəzəri fizika elmi məktəbinin yaradıcısı kimi respublikada elmin inkişafına sanballı töhfələr bəxş etmiş, fizikanın ali və orta məktəblərdə tədrisinin təşkilində, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi   Abdulla İbrahim oğlu Muxtarov olmuşdur. İnsan övladı bu dünyaya bir qonaq kimi gəlir, müvəqqəti bir ömür yaşayır. Bu, təbiətin qanunudur. Lakin öz fəaliyyətilətilə o, xatirələrdə qalıbsa, xalqını, vətənini sonsuz məhəbbətlə sevibsə, gənc nəslin təlim və tərbiyəsində, təhsilin və elmin inkişafında bütün imkan və bacarığını sərf edibsə, bütün şüurlu ömrünü bu amalla yaşayıbsa, o, daim yaddaşlarda qalır və elm tarixində öz layiqli yerini tutur. Abdulla müəlim də məhz bu cür insanlardandır.

A.İ.Muxtarov 1918-ci ilin dekabr ayının 24-də Dağıstanın Rutul rayonunun Saxur kəndində anadan olub. Erkən yaşında anasını itirən balaca Abdulla atası ilə birlikdə 1924-cü ildə Zaqatalaya köçür. Yeddi yaşı tamam olmamış o, Zaqatala şəhər 1 saylı məktəbin birinci sinfinə gedir. Sonra təhsilini Zaqatala Pedaqoji Texnikumunda davam etdirir. Zaqatala Pedaqoji Texnikumu bölgənin qabaqcıl elm ocaqlarından biri idi və Abdulla müəllimin bu texnikumda dörd illik təhsili onun bütün gələcəyi üçün yaxşı bir təməl olur.

1934-cü ildə o, Bakı Kənd Təsərrüfatı Texnikumuna daxil olur və 1939-cu ildə bu texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə imtahansız qəbul olunur.

1945-ci ildə universiteti əla qiymətlərlə bitirən Abdulla müəllim universitetin nəzdindəki fizika-riyaziyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmaga başlayır.

Abdulla müəllim çox gənc yaşlarından başlayaraq istehsalatda çalışıb. O, texnikumda və universitetdə tələbə kimi oxumaqla yanaşı, 1936-1938-ci illərdə "Azərnəşr" mətbəəsində, 1939-1941-ci illərdə "Kommunist" qəzetində, 1941-1944-cü illərdə isə "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində işləyib.

A.İ.Muxtarov ADU-nun aspirantı kimi Moskvaya göndərilib və 1947-ci ildə M.Lomonosov adına MDU-nun aspiranturasına daxil olub. Muxtarov apardığı elmi-tədqiqat işləri sayəsində böyük nüfuz qazanıb. O, Azərbaycanda nəzəri fizika elminin inkişaf etdirilməsində mühüm rol oynayıb. Onun tədqiqatı nəticəsində bir sıra mühüm elmi nəticələr alınıb. Abdulla müəllim elmi rəhbəri A.A.Sokolovla birlikdə, fermionların uzununa polyarlaşmasını, fotonun isə xətti və dairəvi polyarlaşmasını hesablamaq üçün yeni üsul təklif edir. Sonralar bu üsul onun tərəfindən ixtiyari polyarlaşmanı təsvir etmək üçün ümumiləşdirilir. Abdulla müəllimin bu elmi işləri, kvant elektrodinamikasına həsr olunmuş monoqrafiyalara daxil edilir və dünya elm aləmində öz layiqli yerini tutur.

Zəif qarşılıqlı təsirdə cütlüyün saxlanmaması nəticəsində fermionların spirallığa malik olması və müasir sürətləndiricilərdə kifayət qədər intensiv, yüksək enerjili fermion, bozon dəstələrinin alınması, polyarlaşmış zərrəciklərin kvant elektrodinamikasının yaradılması problemi mühüm əhəmiyyət kəsb edirdi. Bu məsələni həll etmək üçün Muxtarov-Sokolov üsulu ən əlverişli üsul idi. A.İ.Muxtarovun demək olar ki, bütün elmi fəaliyyəti bu məqsədə yönəlmişdi.

A.İ.Muxtarovun elmi işlərinin bir qismi pozitronium atomuna, yüksək enerjili elektron-pozitron dəstələrinin fermionlara, hadronlara və eləcə də spini 3/2, 5/2, 7/2 olan yüksək spinə malik zərrəciklərə çevrilməsi prosesinin tədqiqinə həsr olunmuşdu. Bu işlərdə Abdulla müəllim qeyd olunan hadisələrin nəzəriyyəsini vermiş və aldığı nəticələr təcrübədə təsdiq edilmişdi.

1950-ci ildə "Pozitronium atomunun parçalanmasına iki zərrəcikdən ibarət sistemin spin hallarının təsiri" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən Abdulla müəllim Bakıya qayıdır və elmi-pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetinin (indiki BDU)  Nəzəri fizika kafedrasında davam etdirir. Burada baş müəllimlikdən AMEA-nın müxbir üzvlüyünə qədər böyük bir elmi-pedaqoji yol keçir. Məhz bu illərdə A.Muxtarov tərəfindən Azərbaycan nəzəri fizika elmi məktəbinin təməli qoyulur. O, yetirmələri olan gənc nəzəri fiziklərlə (S.A.Hacıyev, İ.M.Nəcəfov, F.S.Sadıxov, R.X.Muradov, S,Q,Abdullayev və b.) birlikdə elementar zərrəciklər və sahə nəzəriyyələrinin o dövr üçün aktual olan məsələlərinin həllində dünya elminə öz töhfəsini verir.

A.Muxtarovun sonrakı bütün səmərəli elmi və pedaqoji fəaliyyəti respublikanın qocaman elm və təhsil ocağı olan BDU ilə sıx bağlı olub. O, 1950-67-ci illərdə baş müəllim, dosent vəzifələrində işləyib və 1967-ci ildən ömrünün sonuna qədər  BDU-nun nəzəri fizika kafedrasının professoru və məsləhətçi professoru vəzifəsində calışıb. Bütün bu illər ərzində o, intensiv elmi-tədqiqat işləri aparıb. Onun elmi araşdırmaları sahənin kvant nəzəriyyəsi, elementar zərrəciklər və nüvə fizikası, yüksək enerjilər fizikası və s. kimi nəzəri fizikanın mürəkkəb sahələrini əhatə edir.  A.Muxtarov 1962-ci ildə doktoranturaya daxil olur və doktorluq dissertasiyasını tamamlamaq üçün Moskva Dövlət Universitetinə ezam olunur. O, 1964-cü ildə müvəffəqiyyətlə "Elektromaqnit və zəif qarşılıqlı təsirlərdə polyarlaşma və spin effektləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Bakıya qayıdır.

Abdulla müəllimin aldığı elmi nəticələr 150-dən çox məqalə şəklində xarici, keçmiş ittifaqın çox nüfuzlu jurnallarında və respublikanın jurnallarında çap edilib. Bu məqalələr dünyanın tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilib və bir sıra monoqrafiyalara daxil edilib.

A.İ.Muxtarov 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib. Onun rəhbərliyi altında 20 nəfər fizika-riyaziyyat elmləri namizədi, 5 nəfər fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb. Onun yetişdirdiyi nəzəriyyəçi fiziklər nəslinin nümayəndələri respublikanın müxtəlif elm mərkəzlərində, ali məktəblərində və həm də respublikadan kənarda müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

A.Muxtarovun Dağıstan və Orta Asiya regionu üçün yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi rolu vardır. Nəzəri fizikadan mühazirələr oxumaq üçün o, periodik olaraq Dağıstan (Mahaçqala), Aşqabad, Səmərqənd universitetlərinə və Düşənbə pedaqoji institutuna dəvət olunmuş və bu respublikalar üçün nəzəri fizika üzrə ixtisasçılar hazırlanmasında aktiv iştirak etmişdi.

Elmi-pedaqoji fəaliyyətilə yanaşı, A.Muxtarovun respublikada ali və orta təhsil sisteminin təkmilləşməsi və inkişafında, elmi biliklərin geniş yayılmasında böyük rolu olub. 1965-67-ci illərdə ADU-nun fizika fakültəsinin dekanı vəzifəsində işlədiyi müddətdə o, nəzəri fizika kafedrasından üç yeni sərbəst kafedranın: bərk cisimlər fizikası, maddə quruluşu və kimyəvi fizika kafedralarının ayrılmasının təşəbbüskarı kimi çıxış edib. 1967-1988-ci illərdə o, BDU-nun nəzəri fizika kafedrasının müdiri olub. O, fizikadan doktorluq dissertasiyasının müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının fizika üzrə ekspert şurasının sədri kimi də çalışıb. A.Muxtarov 20 ildən artıq Təhsil Nazirliyinin Elmi Metodiki Şurasına, Respublika "Bilik" cəmiyyətinin fizika bölməsinə, məktəblilərin fizika üzrə respublika olimpiadasına başçılıq edib. O, Azərbaycan Ensiklopediyasının Elmi Redaksiyası Şurasının üzvü olub.

Respublikanın həm ali və həm də orta təhsil ocaqları üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasında professor A.Muxtarovun böyük əməyi vardır. O, fizika fakültəsində uzun müddət nəzəri fizikanın bütün bölmələri və ixtisas fənləri üzrə mühazirələr oxuyub. Onun Azərbaycan dilində "Statistik fizika" və "Kvant mexanikası" dərslikləri fizika ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Abdulla müəllim yalnız tədris ilə kifayətlənməmiş, həm ali, həm də orta məktəb dərsliklərinin də ən fəal tərcüməçisi və redaktoru olub, uzun müddət orta məktəblərdə olimpiadaların keçirilməsinin təşəbbüskarı olaraq orta məktəb şagirdlərinə kömək məqsədilə "Fizikadan olimpiada məsələləri" adlı vəsaiti yazıb.

Həm də gözəl ailə başçısı, qayğıkeş ata, mehriban baba olan Abdulla müəllim 70 ilə yaxın bir müddətdə Bakı Dövlət Universitetində çalışıb. Universitet rəhbərliyi tərəfindən həmişə qayğı ilə əhatə olunub, 75, 80, 85, 90 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilib.

Geniş elmi diapazona və zəngin pedaqoji təcrübəyə malik olan Abdulla İbrahim oğlu Muxtarov özünə və ətrafındakılara qarşı tələbkarlığı, işgüzarlığı və qayğıkeşliyi ilə elm, mədəniyyət, ali təhsil və respublikanın bütün yaradıcı ziyalı ictimaiyyətinin dərin hörmət və nüfuzunu qazanıb.  

Fizika elminin inkişafında və yüksək ixtisaslı kadrların yetişdirilməsində xidmətlərinə görə A.Muxtarov Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri fərmanı"na, SSRİ-nin "Şərəf nişanı" ordeninə, SSRİ-nin "Maarif əlaçısı" və Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adlarına layiq görülüb. Anadan olmasının 80 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyi ilə əlaqədar olaraq Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə A.İ.Muxtarov "Şöhrət" ordeninə layiq görülüb. Ona həm də Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdü verilib.

2013-cü ilin may ayının 17-də Azərbaycan elminə və təhsilinə ağır itki üz verdi. Azərbaycanda elm və təhsilin inkişafında böyük xidməti olan görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Abdulla İbrahim oğlu Muxtarov ömrünün 94-cü baharında vəfat etdi. 95 illik yubleyini keçirmək ona nəsib olmadı. Abdulla müəllim sevərək yaşadı və sevilərək bu dünyadan köçdü. Öz zəngin elmi-pedaqoji fəaliyyəti ilə insanların qəlbində heykəlsiz möhtəşəm bir abidə qurdu və onun həyatı müstəqil Azərbaycan Respublikasının gənc nəsli üçün bir nümunədir. O, şirin bir xatirətək onu sevənlərin qəlbində daim yaşayacaqdır.

Məhəmmədəli RAMAZANOV
BDU-nun Fizika fakültəsinin dekanı, professor
Məmməd RƏCƏBOV
BDU-nun Nəzəri Fizika kafedrasının müdiri, dosent

 





23.01.2019    çap et  çap et