525.Az

"ARTIM"ın növbəti tədbiri: "Şaxta baba ucqar kəndlərdə"


 

"ARTIM"ın növbəti tədbiri: "Şaxta baba ucqar kəndlərdə"<b style="color:red"></b>

Yanvarın 25-də "YARAT" Müasir İncəsənət Məkanının "ARTIM" layihə məkanında "De/Konstruksiya" müzakirələri çərçivəsində "Camping Azerbaijan" ilə görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində "Camping Azerbaijan"nın həyata keçirdiyi "Şaxta baba ucqar kəndlərdə" layihəsi haqqında ətraflı məlumat veriləcək.

"Camping Azerbaijan" komandası artıq 4-cü ildir ki, Azərbaycanın Quba və Qusar rayonlarının ucqar kəndlərinə "Şaxta baba ucqar kəndlərdə" layihəsi ilə qonaq gəlir. Onlar əvvəlcə uşaqlar üçün hədiyyələr, oyuncaqlar, müxtəlif əşyalar toplayır və sonra Şaxta baba geyimində uşaqlara təqdim edirlər. Sonuncu səyahət fotoqraflar Zaur Mirzəyev, Elşən Baba və Eldar Əkbərov tərəfindən səfalı dağ mənzərələri fonunda sevinc, həyəcan və dostluq hissini göstərən rəngarəng fotolar ilə sənədləşdirilib. Tədbir zamanı Camping Azərbaycan komandasının həyata keçirdiyi sosial layihələri haqqında fəaliyyətindən danışılacaq və "Şaxta baba" layihəsinin sənədli foto təqdimatı keçiriləcək.

"Camping Azerbaijan" ucqar kəndlərə, təbiət guşələrinə, yüksək dağlıq ərazilərə və Böyük Qafqaz dağlarındakı zirvələrə ictimai və fərdi turlar həyata keçirən ekoturizm şirkətidir. 2014-cü ildə bir nəfərlə fəaliyyətə başlayan təşkilatın hazırda on üzvü var. Həmçinin sadiq və səxavətli müştərilərin və könüllü dostlardan ibarət şəbəkə qurmağı bacarıblar. Şirkət ekoturizm brendinin məsuliyyətini dərk edir və bacardıqca ekoturizm prinsiplərini qoruyaraq təbiətə tur zamanı təsirlərin minimumda saxlamağa çalışır. Azərbaycanın təbiət turizminə ən çox yeni marşrut töhfəsini məhz "Camping Azerbaijan" verib.

Nümayiş olunan fotolar satışdadır. Əldə edilən gəlir gələcəkdə kəndlərdəki uşaqların üç günlük paytaxta gəlmələri üçün istifadə olunacaq.

 





23.01.2019    çap et  çap et