525.Az

"Yad et məni"


 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN SABAH QRUPLARINDAN UĞURLU LAYİHƏ

"Yad et məni"<b style="color:red"></b>

Ölkənin aparıcı təhsil müəssisələrindən biri olan Azərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarının təşkilatçılığı ilə "Yad et məni" adlı layihə həyata keçirilir.

Layihənin əsas məqsədi tələbələrin və tədbirin əsas məqsədi yazarlarımızı, alimlərimizi və görkəmli dövlət xadimlərimizi unutmamaq, onları daima yad etmək və yeni nəsilə tanıtmaqdır.

ADU-nun SABAH mərkəzinin rəhbəri Aynur Budaqovanın dediyinə görə, layihənin məqsədi görkəmli şəxsiyyətlərin yad edilməsi və tanıdılmasıdır: "Bu layihənin həyata keçirilməsi ilə bağlı təklifi universitetimizin 4-cü kurs tələbəsi Röya Mirzəli irəli sürdü. Bu təşəbbüsu SABAH qruplarının tələbələri müsbət qarşıladılar. ADU SABAH mərkəzinin rəhbəri olaraq mən tələbələrin bu həvəsini dəyərləndirməli idim. Eyni zamanda, "Yad et məni" silsilə tədbiri çərçivəsində Azərbaycanımızın görkəmli şəxsləri haqqında tələbələri maarifləndirməyi özümə borc bildiyim üçün bu layihənin reallaşmasına dəstək verdim. Layihə uğurlu alındı və hər kəs tərəfindən böyük maraqla qarşılandı. Layihə çərçivəsində ilk tədbir böyük elm adamı və ictimai-siyasi xadim, AMEA-nın müxbir üzvü. mərhum Xudu Məmmədova həsr olundu. Tədbirdə universitetin rəsmi şəxsləri və görkəmli qonaqlar Paşa Qəlbinur, Xudu Məmmədov adına məktəbin müdiri Vasif Qurbanzadə, Türkiyə səfirliyinin kültür müşaviri İrfan Çiftçi, Şahmar Əkbərzadənin ailə üzvləri və başqaları iştirak edib. İştirakçılar Xudu Məmmədov haqqında xatirələrini, fikirlərini bölüşdülər. Bildirildi ki, böyük alim Xudu Məmmədov yaxın tariximizdə xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. O, kristalloqrafiya, kristallokimya, quruluş mineralogiyası, simmetriya nəzəriyyəsi, quruluş təhlili sahələrində dünyada tanınmaqla bərabər, fəlsəfə, mədəniyyətşünaslıq sahələrində tədqiqatları alimə dünya şöhrəti gətirib.

X.Məmmədov ilk dəfə "Bakı kristalloqrafiya məktəbi" yaradıb, onun rəhbərliyi ilə 40-dan çox yüksək səviyyəli alim hazırlanıb, onlardan 30-u namizədlik, 10-u isə doktorluq dissertasiyası müdafiə edib. 1955-ci ildə X.Məmmədov SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun Elmi Şurasında "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə "Ksonotlit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini alıb. X.Məmmədov bir neçə dəfə görkəmli alim Con Bernalın qonağı olub, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb. Onun Con Bernalın laboratoriyasında apardığı araşdırmalar London laboratoriyası əməkdaşlarının məqalələrində yer alıb və alimi kristalloqrafların görkəmli liderlərindən biri kimi tanıdıb. SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun aspiranturasını bitirib 1955-ci ilin oktyabrında elmlər namizədi kimi Bakıya qayıdan X.Məmmədov Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna baş elmi işçi kimi qəbul olunub. Elə həmin ildə yaradılan kristallokimya laboratoriyasına rəhbərlik X.Məmmədova tapşırılıb. X.Məmmədov 1969-cu ildə Azərbaycan EA-nın Geologiya İnstitutunda "Kalsium silikatlarının və hidrosilikatların kristallokimyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və geokimya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1970-ci illərdə "Bakı kristalloqrafiya məktəbinin" nailiyyətləri də ölkəmizdə yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin bilavasitə yardımı ilə keçmiş SSRİ-də ikinci olaraq "Sindex P2" cihazı Bakıya gətirilib. Bu cihaz müxtəlif istiqamətlərdə elmi tədqiqatlar aparmağa imkan yaradıb".

A.Budaqova bildirib ki, layihə çərçivəsində ikinci tədbir bəşəri duyğular şairi, mərhum Şahmar Əkbərzadəyə həsr olunub. Tədbirin qonaqlarından olan tibb elmləri doktoru, professor, şair Paşa Qəlbinur Şahmar Əkbərzadənin dost kimi sədaqətindən, dönməz vətəndaşlıq mövqeyindən, çox dəyərli poeziyasından danışıb, tələbə və gənclərin mənəviyyatını zənginləşdirən belə tədbirlərin nə qədər gərəkli olduğundan söhbət açıblar: "Tədbirdə bildirilib ki, Ş.Əkbərzadə xeyli müddət "Azərbaycan gəncləri", "Xalq qəzeti" redaksiyalarında çalışıb. "Araz", "Qızıl qələm" mükafatlarının laureatı olub. 1991-ci ildən ömrünün sonunadək "Mədəniyyət" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Ümid edirik ki, dəyərli şairə həsr olunan bu ədəbi-bədii gecə onu sevənlərin yaddaşında gözəl bir xatirə kimi qalacaq".

A.Budaqova əlavə edib ki, ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplar zənciridir. Bu layihə innovativ layihədir və bu layihənin tələbələri yaradıcı düşüncələrə malikdir. Layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir: "İstənilən ali təhsil müəssisəsində SABAH mərkəzlərinin strukturu SABAH mərkəz rəhbəri, koordinatoru və tyutorlardan ibarətdir. SABAH qruplarının baza ali təhsil müəssisələrindən biri də Azərbaycan Dillər Universitetidir. ADU-da SABAH Mərkəzi 2014-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb. ADU-nun SABAH qruplarına iki ixtisas - Xarici dil (İngilis dili) müəllimliyi və Tərcümə (İngilis dili) ixtisasları daxil edilmişdir".

Onun sözlərinə əsasən, SABAH qruplarına qəbul prosesi üç mərhələdən ibarətdir. Tələbələr I mərhələdə qeydiyyatdan keçirlər (akademik borcu olmamaq və ümumi orta müvəffəqiyyət göstəricisi 61 baldan az olmamaq şərti ilə), II mərhələdə məntiq və ingilis dilindən test imtahanı verirlər, III mərhələdə isə Təhsil Nazirliyinin müəyyənləşdirdiyi komissiya üzvləri tərəfindən müsahibə yolu ilə seçilir.

SABAH qruplarında tədris aparan müəllimlər də Təhsil Nazirliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən müsahibə yolu ilə qəbul olunur: "Hal-hazırda Azərbaycan Dillər Universitetində SABAH layihəsi üzrə Təhsil fakültəsnin tələbələrindən ibarət qruplar fəaliyyət göstərir. İstənilən ali təhsil müəssisəsində SABAH mərkəzlərinin strukturu SABAH mərkəz rəhbəri, koordinatoru və tyutorlardan ibarətdir".

S.QARAYEVA

 





23.01.2019    çap et  çap et