525.Az

Azərbaycanlı alimin monoqrafiyası haqqında Rusiyada resenziya dərc olundu


 

Azərbaycanlı alimin monoqrafiyası haqqında Rusiyada resenziya dərc olundu<b style="color:red"></b>

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Almaniyanın LAP LAMBERT Academic Publishing beynəlxalq nəşriyyatı tərəfindən çap edilən “Rus nəsrinin mifopoetikası. XX əsrin ikinci yarısı” monoqrafiyası haqqında Rusiyanın nüfuzlu “Nauçnıy dialoq” jurnalında müsbət resenziya dərc olunub.

Universitetdən verilən məlumata görə, resenziyanın müəllifi Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, filologiya elmləri doktoru Darya Tereşkinadır.

Rusiyalı professor XX əsrin ikinci yarısı rus nəsrinin mifoloji poetikasına həsr olunmuş monoqrafiyada bu məsələnin nəzəri və praktik məsələlərinin vəhdətdə tədqiq edildiyini bildirib. Qeyd edib ki, Asif Hacıyev bədii obraz, müəllif, kompozisiya, süjet, xronotop, janr kimi nəzəri anlayışları və Vasiliy Şukşin, Vasliy Belov, Valentin Rasputin, Vladimir Makanin, Anatoli Kim, Çingiz Aytmatov, Timur Pulatov və digər rus və rusdilli yazıçıların əsərlərini mifopoetika baxımından araşdırıb və şəxsi elmi qənaətini təqdim edib.

Rəydə təcrübəli alim-müəllim tərəfindən yazılmış monoqrafiyanın elmi-nəzəri dəyəri ilə yanaşı, tədris üçün də əhəmiyyəti qeyd olunur, tədqiqatın poetika məsələləri ilə bərabər, həm də XX əsrin ikinci yarısında rus yazıçılarını narahat edən mənəvi məsələləri əhatə etdiyi bildirilir. Rusiyalı professor vurğulayır ki, monoqrafiyada janr, personaj, süjet və kompozisiya kimi ilk baxışda sırf nəzəri anlayışların təhlili də mənəvi məsələlərin əsasında aparılır, bu poetik anlayışların semantik mənaları aşkarlanaraq şərh edilir. Bu baxımdan rəyçi V.Şukşin, V.Astafyev, V.Rasputin kimi yazıçıların əsərlərinin mifoloji poetikası, qəhrəmanları, arxetip mənaları, kompozisiya, bədii zaman və məkan xüsusiyyətləri haqqında Asif Hacıyevin mülahizələrini və qənaətini elmi tapıntı adlandırır.

Darya Tereşkina azərbaycanlı alim tərəfindən aparıcı rus yazıçılarının əsərlərində sovet nəsrinin “avtoritar” xəttindən fərqli olaraq, rus dünyagörüşünə, dünya mənzərəsinə və xalq fəlsəfəsinə əsaslanan semantik məsələlərin tədqiqinə önəm verir, bir sıra anlayışların, eləcə də xronotop və digər poetik məfhumların mifopoetika baxımından məhz nəzəri tədqiqini xüsusilə vacib sayır.

Yekunda rusiyalı alim Asif Hacıyevin monoqrafiyasını rus ədəbiyyatının əbədi problemlərinə yeni baxışı ifadə edən dəyərli tədqiqat əsəri kimi yüksək qiymətləndirir.

 





01.02.2019    çap et  çap et