525.Az

Mühəndislik Universitetində tələbələrin yaradıcılıq sərgisi


 

Mühəndislik Universitetində tələbələrin yaradıcılıq sərgisi <b style="color:red"></b>

Bakı Mühəndislik Universitetində (BMU) 2018-2019-cu tədris ilinin payız sessiyasının nəticəsi olaraq universitetin Memarlıq, şəhərsalma və dizayn ixtisaslarında təhsil alan tələbələrin yaradıcılıq-hesabat sərgisi keçirilib.

Sərginin açılışında universitet əməkdaşları ilə yanaşı,  Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və KİV rəhbərləri iştirak ediblər.

Universitetin rektoru, professor Havar Məmmədov rəsmi qonaqlarla birgə sərginin açılış lentini kəsib və qonaqlara universitetin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sürətli inkişaf gedir, yeni innovativ texnologiyalı istehsalat müəssisələri açılır. Bakı Mühəndislik Universiteti də “Sahibkar Universitet” olmaq istiqamətində fəaliyyət göstərir. Universitetdə müasir sənayenin tələbinə uyğun kadr hazırlığına mühüm diqqət yetirildiyini bildirən rektor əlavə edib ki, digər universitetlərdən fərqli olaraq, Bakı Mühəndislik Universitetində Memarlıq, Şəhərsalma və Dizayn ixtisasları üzrə tələbələr qabiliyyət imtahanı vermədən universitetə qəbul olunurlar. Buna baxmayaraq, müəllimlərin zəhməti nəticəsində əldə olunmuş nailiyyətlər təşkil olunan sərgidə öz əksini tapıb.

Qonaqları sərgi ilə tanış edən Memarlıq və inşaat kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucov sərgini BMU-da olan mühitin, əsasən də tələbə-müəllim münasibətinin bəhrəsi kimi xarakterizə edib. İnkişafımızın təməl prinsipləri kontekstində sərgidə Memarlıq və inşaat kafedrasının müəllimlərinin və tələbələrinin yaradıcılıq işləri nümayiş olunur. Sərgi əsasən memarlıq layihələndirilməsi və onun əsasları, dizaynın əsasları, kompüter qrafikası, rəsm və rəngkarlıq sahələri üzrə təşkil olunub. Bakı Mühəndislik Universitetində təşkil olunan sərgidə Memarlıq, Şəhərsalma və Dizayn ixtisaslarında təhsil alan tələbələrin ümumilikdə 200-ə yaxın işi nümayiş olunub.

 





17.02.2019    çap et  çap et