525.Az

"Dodaqlarının bir öpüş yanğısı..." - Məhəmməd Turanın şeirləri


 

"Dodaqlarının bir öpüş yanğısı..." - <b style="color:red">Məhəmməd Turanın şeirləri </b>

Dünyanın

Taleh Mansura

İçəndə də sağlığına içirik,
Ölümünə içiləsi dünyanın...
Qardaş, elə biz dalınca qaçırıq
Yaxasından qaçılası dünyanın...
 
Dərd bir deyil, iki deyil, üç deyil,
Bəlkə düşdü... Bəlkə elə düş deyil...
Ölüm belə bu dünyadan köç deyil...
Əsiriyik köçüləsi dünyanın...
 
Hər həvəsi fikir etdik, dərd etdik...
Dar qapıda göydəkini yad etdik...
Körpüsündə yuva qurduq, yurd etdik
Körpüsündən keçiləsi dünyanın...

***

Bütün sevdalar öldü,
Hamı getdi bircə-bircə.
Dən gəzə-gəzə can verir
Qar üstündə qalan sərçə.

Ha yana qaçasan indi,
Axı kimə sığınasan?!
Bilmirsən ürəyin, yoxsa,
Ömrün halına yanasan.

Hər şeydən bezib gəlmişəm,
Yorulub gəlmişəm, Allah.
Gələnlər bulanıq gəlir,
Durulub gəlmişəm, Allah.

Qovur məni bu dünyadan,
Külək qovur, yağış qovur...
Nə durmusan bu göylərdə? -
durma, gəl, mənə yiyə dur!

***

Burda qoluma girmişdin,
Burda üzündən öpmüşdüm.
Gedəndə burayla getdin -
Gedən izindən öpmüşdüm.

Burda birgə gülümsədik,
Bax, elə burda ağladıq.
Ən sonuncu göz yaşını
Biz görən harda saxladıq?!

Burda günəşdən saxladı
Bizi çinarın kölgəsi.
Xan bağında bir səs yatır -
Eşq qoxuyan gülüş səsi.

Sükut çöküb Xan bağına,
Yer də laldı,
Göy də laldı.
Nə sevgimiz var idisə,
Hamısı  Gəncədə qaldı.

***


Dünya başıma fırlanır,
Başım hərlənir, ilahi...
Bir xal düşüb ürəyimə
Ürəyim yanır, ilahi...

Kəsib yolu duman indi,
Sənsən əlac qılan indi,
Laxtalanır zaman indi,
Ömür-gün dönür, ilahi...

Qaralır dünya, qaralır,
Durulur ruhum, durulur,
Düz yollar bir-bir burulur,
İçimə sinir, ilahi...

Gözlərim yorulur daha
Çox da ki eşq var sabaha...
Daha həyat gülmür,
Daha
Əcəl dinir, ilahi...

***

Qürbətin düzünə düşmüşəm indi
Baxışım dağılır ha yana baxsam...
Yuvasına həsrət bir quşam indi -
Kim məni tutası göylərdən axsam?

Mən ki, qəribiydim lap ilk anımdan,
Qürbətdə qəriblik mənim nəyimə?
Vətəndə kök salıb, canım, qanım da,
Burda nəyim var ki? Yanım nəyimə?

Xəyalım kövrəlib, könlüm kövrəlib,
Bir bax, incəlibdi ürəyim necə...
Bir Allah bilir ki, bu qürbətlərin
Keçir boğazımdan çörəyi necə...

Çoxda ki, yozuram yuxumu çin-çin
Təsəlli gəzirəm mən gələn qışa...
Uçunur ürəyim camaat üçün,
Uçunur ürəyim dosta-tanışa...

***

Dodaqlarının bir öpüş yanğısı
                        vardı dodaqlarımda...
Öpdüm, keçdi, getdi...
Bir hənirtilik ehtirası var idi bədəninin...
Çəkdim içimə doyunca,
Çəkdim səni...
Keçdi getdi...
Bir baxışlıq alov vardı gözlərində,
Baxdım, külə döndü...
İndi isə...
İndi isə bircə bağ var aramızda...
Bir də toxunsam sənə qırılacaq
o bağ da...
 
Əllərin üzülmür əllərimd ən,
Ətrim sovuşmur tellərindən...
Məsum gözlərini qurut, yaş tökmə,
Dik saxla qamətini.
Mən utanaram,
Mən utanaram ikimizin yerinə...

 





20.02.2019    çap et  çap et