525.Az

Ermənistanda məhbuslar da yeni hakimiyyətə etiraz edirlər


 

ONLAR KÜTLƏVİ ŞƏKİLDƏ ACLIĞA BAŞLAYACAQLAR

Ermənistanda məhbuslar da yeni hakimiyyətə etiraz edirlər<b style="color:red"></b>

Ermənistanda yeni hakimiyyətdən narazılıqlar artmaqdadır. Baş nazir Nikol Paşinyanın parlament seçkilərindən sonra ölkədə inqilabi dəyişiklərin ediləcəyinə dair vədlərini yerinə yetirə bilmədi.

Paşinyan hakimiyyətdə olduğu 10 ay ərzində hər hansı bir islahatın, əhalinin durumuna təsir göstərəcək müsbət addımın sahibi olmadı.  Vəd etdiyi investisiya axınına nail ola bilmədi. "Jamanak" nəşrində dərc edilən məqalədə də vurğulanıb ki, parlament seçkilərinin geridə qalmasına baxmayaraq, Ermənistanda nə xarici, nə də yerli investisiyalar var. Məqalədə deyilir ki, keçmişdə başlanan bəzi proqramlar da qeyri-müəyyən müddətə təxirə salınıb: "Bunun səbəbi investorların inamsızlığı və hakimiyyətin sərmayəçilərə laqeydlik göstərməsidir".

Ölkə parlamenti tərəfindən qəbul edilmiş hökumətin beş illik fəaliyyət proqramı da sərt tənqidlərə məruz qaldı. Çünki həmin proqramda konkret tədbirlər, fəaliyyət istiqamətləri, göstəricilər əksini tapmayıb. Proqramı tənqid edən "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" parlament fraksiyalarının üzvləri isə Paşinyanın "Mənim addımım" fraksiyası tərəfindən ciddi təzyiqlərlə üzləşiblər. Bu təzyiqlər Paşinyan ailəsinə məxsus mediada daha güclü şəkildə hələ də davam etdirilir.

Ölkədə artıq məhbuslar da etirazlara başlayıblar. Onlar yeni hakimiyyətdən narazıdırlar. İllərlə Ermənistanda hakimiyyətdə olan cinayətkar rejimlərdən sonra insanlar Paşinyana ümid bəsləyib, onu dəstəkləsələr də, yeni baş nazir və komandası bu inamı doğrulda bilmədi.

Bir neçə gün əvvəl etiraz aksiyası keçirən məhkumların yaxınları Paşinyanla görüş tələb ediblər. Onlar bəyan ediblər ki, bu görüş baş tutmasa, məhkumlar kütləvi şəkildə aclıq aksiyasına başlayacaqlar.

Məhkum Andranik Xaçatryanın qardaşı bəyan edib ki, əgər hakimiyyət demokratik olduğunu deyirsə, bizimlə mütləq  görüşməlidirlər.

Nümayişçilər bildiriblər ki, məhbuslar müsbət cavab gözləyirlər, əks halda, aclıq aksiyasına başlayacaqlar: "100 nəfərdən çox məhbus aclıq aksiyası keçirmək qərarına gəlib, bu, bütün respublika üçün utanc deməkdir, ona görə də məsələyə ciddi yanaşma lazımdır".

Onlar vaxtından əvvəl azadetmə ilə bağlı prosedurun qohumlarına münasibətdə tətbiq edilmədiyindən şikayətləniblər. İntizam tədbirlərinə əməl edən və ya pozuntulara yol verməyən məhkumlar bir neçə dəfə şərti azadlığa buraxılmaqla bağlı müraciət ediblər, lakin əsaslı səbəb olmadan onlara imtina cavabı verilir. Bu məsələ bir neçə dəfə qaldırılıb, amma həllini tapmayıb.

Etiraz aksiyasının iştirakçıları bunun rədd edilməsinin səbəblərini bilmək istədiklərini vurğulayıblar.

Bir qrup ömürlük məhbus isə aclıq aksiyası keçirir. Ermənistan parlamentinin İnsan hüquqları və ictimai məsələlər üzrə komissiyasının sədri Naira Zöhrabyan "Nubaraşen" cəzaçəkmə müəssisəsində aclıq elan edən ömürlük məhkum edilmiş şəxslərə baş çəkdikdən sonra onların vəziyyətinin çox ciddi şəkildə narahatlıq doğurduğunu bəyan edib: "Bir qədər əvvəl "Nubaraşen" həbsxanasından çıxdım. Aclıq aksiyası keçirən ömürlük həbs cəzası almış Armen Ter-Saakyan, Aram Xaçikyan və Alik Qriqoryanla görüşdüm. Həmçinin, fevralın 10-dan etibarən aclıq aksiyasına başlayan Karen Ovannisyanla görüşdüm, onun sağlamlıq durumunun çox ciddi olduğunu düşünürəm. Mən Ovannisyana komissiyada işinin diqqət mərkəzində olacağına, o isə aclıq aksiyasını dayandıracağına söz verdi.

Aclıq elan edən digər üç ömürlük məhbusa gəlincə, burada probasiya xidmətinə ümumi inamsızlıqdan başlayaraq, ölüm cəzasını ömürlük həbslə əvəzetməyə qədər bəzi hallarda baxılması lazım olan çox ciddi hüquqi problemlər var".

Zöhrabyan ədliyyə nazirinə müraciət edərək, mümkün olan ən qısa müddətdə "Nubaraşen" penitensiar müəssisəsində aclıq aksiyası elan edən məhkumlara baş çəkməyə çağırıb: "Onların sizinlə müzakirə olunmalı müəyyən problemləri var. Yalnız sizinlə. Qalan çətin məsələləri biz komissiyanın iclasında müzakirə edəcəyik".

Ümumiyyətlə, Paşinyan hakimiyyətə gələndən sonra məhkumların şikayətləri daha da artıb. Xatırlatmaq yerinə düşər ki, ötən ay Ermənistan həbsxanasında 52 günlük aclıq aksiyasından sonra siyasətçi və jurnalist Mqer Yeqizaryan öldü. "Erməni qartalları: vahid Ermənistan" partiyasının sədr müavini və "Haynyus.am" internet portalının xəbər bölməsinin rəhbəri uzun müddət aclıq aksiyası keçirsə də, onun durumu ilə maraqlanan olmamışdır.

Ölən şəxsin oğlu Vazqen Yeqizaryan ölkənin baş nazirinə ünvanladığı açıq məktubda bunları yazmışdı: "Nikol Paşinyan, bu cinayət işində sizin rolunuzu müəyyən etmək yəqin ki, heç vaxt mümkün olmayacaq. Lakin siz "nəyin bahasına olursa olsun, bu adamı məhkum etmək lazımdır" prinsipi ilə hərəkət etmisinizsə, onda mənim anamın və qardaşımın yaşadıqları əzabları sizin xanımınıza və oğlunuza da arzulayıram. Xatırladıram ki, bu məsələdə icraçı olan şəxslər sizə tabedirlər".

Bundan əvvəl isə daha bir ömürlük məhbus Armenak Mncoyan həbsxanada dünyasını dəyişib.

"Jurnalistlər insan hüquqları naminə" QHT-nin sədri Janna Aleksanyan etiraf edir ki, Ermənistanda məhkumlara qarşı əvvəldən mövcud olan pis münasibətin dəyişməyib. Yəni yeni hakimiyyət də məhbusları hesaba almır, onlara qarşı insani rəftar göstərmir. Aleksanyan Ermənistan həbsxanalarında yeganə və dəyişməz tibbi yardımın ağrıkəsici inyeksiyaların tətbiq olunmasından ibarət olduğunu deyib.

Bu arada respublikaçılar yenidən Paşinyanın istefasını tələb edirlər. Respublika partiyasının mətbuat katibi, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Paşinyan yanılır və xalqı da yanlış yola aparır. O qeyd edib ki, Nikol hakimiyyəti vəziyyəti ayıq başla qiymətləndirmək imkanında deyil. Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir: "Özünüz mühakimə edin. ABŞ-ın Ermənistandakı səfiri Mills "sülh üçün ərazi" formulası barədə birbaşa və açıq danışır. Nikol isə deyir ki, bu, getməkdə olan səfirin şərhidir. Bolton İrəvanda erməni cəmiyyətini tarixi şablonlardan imtina etməyə çağırır, Nikol isə susur.

Bütün bunlar onu göstərir ki, Paşinyan ya yanlır və ya xalqı yanlış istiqamətdə yönəldirir. Hər iki halda, onun yüksək dövlət vəzifəsindən istefası aktuallıq kəsb edir. Paşinyan istefa verməlidir".

Nikol Paşinyan hələ ki, "korrupsiya ilə mübarizə" adı altında Sarkisyan, Koçaryan ailəsinin oğurladığı pulları geri qaytarmaqla məşğuldur. Bir neçə gün əvvəl sabiq prezident Serj sarkisyanın qardaşı Aleksandr Sarkisyan büdcəyə 18,5 milyon dollar qaytarıb. Yəqin Paşinyan çox yaxşı anlayır ki, bu pullarla büdcəni müvəqqəti doldurmaq çıxış yolu deyil. Çıxış yolu iqtisadi inkişaf, köklü islahatların aparılmasıdır. Bu, heç korrupsiya ilə mübarizə də deyil. Korrupsiya ilə mübarizə də ciddi və düşünülmüş tədbirlər tələb edir. Bunların heç biri yoxdur, əvəzində, Ermənistanda hər gün artan narazılıqlar  müşahidə olunmaqdadır.

PƏRVANƏ

 





21.02.2019    çap et  çap et