525.Az

Artıq sənədsiz və qeydiyyatsız bina qalmayacaq


 

"PREZİDENTİN BÖYÜK HUMANİZM GÖSTƏRƏRƏK İMZALADIĞI YENİ FƏRMAN İNSAN, VƏTƏNDAŞ AMİLİNƏ VERİLƏN BÖYÜK DƏYƏRDİR"

<b style="color:red">Artıq sənədsiz və qeydiyyatsız bina qalmayacaq</b>

Fevralın 19-da Prezident İlham Əliyevin "Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" imzaladığı fərman bu sahədə mövcud problemlərinin aradan qaldırılmasına, o cümlədən, mənzil sahibi olan vətəndaşların qeydiyyat məsələsinin həllinə imkan verir.

Fərmanda qeyd olunduğu kimi, əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən, inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir.

Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə qərar qəbul edib.

Fərmana əsasən, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilib.

Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etməli, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib etməli, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim etməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verməli və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərməlidir.

Fərmanın 1.1-ci bəndinə əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, Fövqəladə Hallar Nazirliyi müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini bu fərmanın 1.1-ci bəndində göstərilən müddətdə tərtib edib çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim etməlidir. Müvafiq rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda, bu fərmanın 1.1-ci bəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət oluna bilər.

Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi bu fərmanın icrası ilə bağlı görülmüş tədbirlər və işlərin gedişatı barədə hər ay prezidentə məlumat verməlidirlər.

Prezidentin sözügedən fərmanı ilə bağlı "525"ə fikirlərini bildirən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi, tikinti sektoru da inkişaf edir: "Bakı şəhərində qədimliklə müasirliyi birləşdirən memarlıq üslubuna uyğun yaşayış və digər təyinatlı binalar tikilir. Bununla yanaşı, regionlarda aparılan tikinti-quruculuq işlərini də ümumi inkişafın mühüm tərkib hissəsi kimi səciyyələndirmək olar. Təbii ki, bu sektorun inkişaf etdirilməsində məqsəd insanların sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə Azərbaycan prezidentinin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərman on minlərlə ailənin sevincinə səbəb olub. Bu inqlabi fərman həmin sahədə illərdir həllini gözləyən problemə son qoyub. Artıq sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bundan sonra heç vaxt belə problemlərlə qarşılaşmayacaqlar".

V.Rəhimzadənin sözlərinə görə, fərmanda qeyd edildiyi kimi, əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir: "Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Sözsüz ki, bu mühüm sənəd sayəsində bir çox insanın problemi öz həllini tapacaq".

Baş redaktor bildirib ki, fərman uğurlu sosial siyasətin bariz nümunəsidir: "Prezidentin imzaladığı fərmanda bir sıra mühüm məqamlar öz əksini tapıb. Sənəddə qeyd edilir ki, bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib. Bununla belə, prezidentin böyük humanizm göstərərək həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzaladığı yeni fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edib ki, "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərman dövlət başçısının vətəndaşları narahat edən bütün məsələləri diqqət mərkəzində saxladığının, ölkə həyatının bu və ya digər sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində çevik və təxirəsalınmaz tədbirlər həyata keçirdiyinin göstəricisidir. O, "Azərtac"a bildirib ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi ilə bağlı fərmanla müəyyən edilmiş qaydalar ciddi araşdırmaların və mövcud vəziyyətin ətraflı təhlili nəticəsində ortaya çıxan konseptual yanaşmanın nəticəsidir.

Baş redaktorun sözlərinə görə, fərmanda yer alan bütün müddəalar və problemlərin aradan qaldırılması üçün tətbiqi tələb olunan mexanizmlər ilk növbədə Azərbaycan vətəndaşının maraqlarının təmin olunmasına, hüquqlarının qorunmasına xidmət edir: "Fərmanla tikinti şirkətlərinə müvafiq dövlət qurumu tərəfindən verilmiş rəyə əsasən mövcud çatışmazlıqları aradan qaldırmaq üçün 5 ay möhlət verilməsi nəzərdə tutulur ki, bu da ilk növbədə çoxmənzilli yaşayış binaları və komplekslərinin sakinlərinin daha təhlükəsiz, daha rahat mənzillərdə yaşaması, onların maraqlarının hərtərəfli təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həm də tikinti şirkətlərinə bu və ya digər binanın inşası zamanı yol verdikləri xətaları aradan qaldırmağa imkan verir".

E.Mirzəbəyli əlavə edib ki, fərmanda müvafiq dövlət qurumlarının qarşısında qoyulan bütün vəzifələrin icrası üçün konkret müddət nəzərdə tutulub: "Bu, verilən tapşırıqların icrası, vətəndaşların rahat həyatının təmin edilməsi, problemlərinin tez bir zamanda həll edilməsi üçün nəzərə tutulan imperativ tələbdir. Azərbaycan prezidentinin bundan öncə imzaladığı bütün hüquqi-normativ aktlar kimi "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanın da fəlsəfi mahiyyətində Azərbaycan vətəndaşının maraqları, insan amili, humanizm prinsipləri dayanır".

Bu fərmanın çoxmənzilli yaşayış binalarında mənzil əldə edən Azərbaycan vətəndaşlarının olduqca mühüm, bəlkə də həyati əhəmiyyət kəsb edən problemlərinin həllinə imkan yaratdığını bildirən ekspert deyib: "İmzalanmış yeni fərman bu sahədə mövcud olan çatışmazlıqlara nöqtə qoyur. Hər bir insan üçün öz evində rahat və problemsiz yaşamaq mühüm sosial-psixoloji əhəmiyyət daşıyır. Bu, olduqca həssas məsələdir. Ölkəmizdə güzəştli mənzil sisteminin tətbiqi, İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydalarının müəyyənləşdirilməsi, ipoteka şərtlərinin asanlaşdırılması, əhalinin ən müxtəlif təbəqələrinin mənzillərlə təmin edilməsi istiqamətində həyata keçirilən çoxsaylı layihələr Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının həssaslıqla qəbul etdikləri bütün məsələlərə xüsusi diqqət və qayğısının göstəricisidir".

Qeyd edək ki, sözügedən fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir.

Ceyhun ABASOV

 





21.02.2019    çap et  çap et