525.Az

Müxalifətin mitinqinə niyə icazə verilmədi?


 

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN MƏLUMATINA GÖRƏ, MÜXALİFƏTİN ÖTƏN MİTİNQİNDƏN BU GÜNƏ QƏDƏR BUNUNLA BAĞLI HÜQUQ MÜHAFİZƏ ORQANLARINA 200-DƏN ARTIQ ŞİKAYƏT DAXİL OLUB

Müxalifətin mitinqinə niyə icazə verilmədi?<b style="color:red"></b>

Məlum olduğu kimi, "Milli Şura"nın fevralın 23-nə təyin etdiyi mitinqə icazə verilməyib. Əslində, müxalifətin sonuncu mitinqi, yəni yanvarın 19-da "Məhsul" stadionunda keçirdiyi mitinq zamanı yol verdiyi pozuntular və 20 Yanvar ümumxalq hüzn günündə Şəhidlər Xiyabanında qarşıdurma yaratmaq cəhdi belə bir qərarın veriləcəyini istisna etmirdi.

Hər iki hal "Milli Şura" deyilən qurumun məqsədinin sadəcə mitinq keçirmək deyil, ölkədə qarşıdurma yaratmaq, vəziyyəti gərginləşdirmək olduğunu açıq şəkildə göstərdi.

Odur ki, həmin tarixlərə qayıdıb, mənzərəni yenidən nəzərdən keçirməyə zərurət yaranır. Yanvarın 19-da müxalifətin mitinqi ictimai asayişin pozulması, iştirakçıların nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanini tələblərinə müqavimət göstərilməsi ilə yadda qaldı.

20 Yanvar günü hər birimiz üçün müqəddəs məkan olan Şəhidlər Xiyabanında növbəti şou yaratmaq cəhdləri isə insanların ciddi narazılığı ilə qarşılandı. Əli Kərimli və dəstəsi həmin gün bu müqəddəs məkanı xalqımızın kütləvi ziyarətindən, eyni zamanda, xarici diplomatların da orada olmasından öz mənfur maraqlarınə həyata keçirmək üçün istifadəyə can atdı. Əvəzində xalqın gözündən daha da düşdü. Bu cür davranışlar qeyd etdiyimiz kimi, birbaşa vəziyyəti gərginləşdirməyə, qarşıdurma yaratmağa istiqamətlənib. Həmin faktların hüquq-mühafizə orqanları tərəfindən araşdırılması hələ başa çatmayıb. Mitinqin təşkilatçıları isə belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç bir məsuliyyət götürmürlər və bunda maraqlı deyillər.

Belə olan halda Bakı şəhər İcra Hakimiyyəti hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir və hüquq mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi məqsədəuyğun hesab edir.

Bakı şəhər İcra Hakimiyyətinin məlumatda deyilir ki, ötən mitinqdən bu günə qədər hüquq mühafizə orqanlarına 200-dən artıq şikayət daxil olub. "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası qanunun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yarandığından mitinqlə əlaqədar müraciət məqsədə uyğun hesab edilməyib".

Deməli, müxalifətin mitinq adı ilə başqa məqsədlərini həyata keçirmək cəhdi vətəndaşların ciddi narazılığına səbəb olur. Mitinqlər həftə sonuna planlaşdırılır ki, həmin günlər də vətəndaşlar istirahət etmək, öz ailələri ilə şəhərə çıxıb rahat gəzmək istəyirlər. Amma "Milli Şura"nın hədsiz qanun pozuntuları ilə baş tutan mitinqləri vətəndaşları bu hüquqdan məhrum edir. Üstəgəl, deyildiyi kimi, mitinqin təşkilatçıları hər hansı qanun pozuntusuna yol verilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər ki, bunu da etmirlər.

Əslində, bu gün, Əli Kərimlinin və onun dəstəsinin xalqa deyiləcək hər hansı sözləri yoxdur. Mitinqdə səsləndirməyə artıq nə tələbləri, nə şüarları qalıb. Əvvəl bir neçə min tərəfdar tapıb "Məhsul"a yığa bilirdilərsə, indi bu da mümkünsüzdür. Çünki Əli Kərimlinin əlində heç bir kart qalmayıb. Azərbaycanın dövlət başçısnın xüsusilə son aylar ərzində qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanıb və bu addımlar xalqın prezidentinə olan dəstəyini, etimadını daha da gücləndirib. Ölkə başçısının dediyi kimi, 2019-cu il doğurdan da Azərbaycanda surətli islahatlar ili olacaq. Artıq bu islahatlar həyata keçirilməkdə və böyük dəstək almaqdadır. Digər tərəfdən, islahatla bütün məqamlar nəzərə alınmaqla aparılır. Məsələn, struktur islahatlarında ölkə rəhbərliyinin ilk tapşırığı vətəndaşların iş yerlərini itirməməsi ilə bağlı olub. Yaxud da sosial dövlət olan Azərbaycanın bu il ərzində əhalinin rifahının yüksəldilməsi üçün həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət kəsb edir.

2019-cu ilidə görülmüş işlərin miqyası olduqca böyükdür, müxalifətin radikal qanadı bunu görür, xüsusilə dövlət başçısının xalqla birbaşa ünsiyyətdə olub, onları dinləməsi, problemərinin həllinə yerindəcə göstərişlər verməsi həmin qüvvələrdə qıcıq yaradır. Çünki bunlar dağıdıcı xislətə malikdirlər, prezident-vətəndaş ünsiyyətini, birbaşa təmasını istəmirlər. Bütün müsbət hadisələrə ancaq əks prizmadan baxırlar, qərəzli mövqe ortaya qoyurlar. Onların düşüncəsində müxalifətdə olmaq kəskin radikalizm, dağıdıcılıq, hər şeyi qara rəngdə görmək, öz maraqları naminə xalqın maraqlarını qurban vermək deməkdir.

Azərbaycan xalqı 90-cı illərin ab-havasından çoxdan çıxıb. Yeni dövrün isə öz reallıqları, tələbləri var. 30 ildir eyni tərzdə "mübarizə" aparan eyni insanlar hələ də eyni şüarlar, eyni radikal yanaşma sərgiləyirlər. Bununla nəyə nail olduqlarını isə düşünmək belə istəmirlər.

Burda başqa bir məqam isə həmin qüvvələrin ölkə rəhbərliyi tərəfindən atılmış müsbət addımları öz adlarına çıxmaq cəhdidir. Guya ki, bunlar min nəfəri "Məhsul" stadionuna yığmasaydılar, ölkədə islahat olmayacaqdı, sosial siyasətin gücləndirilməsi istiqamətində addımlar atılmayacaqdı. Halbuki bu islahatlar 2003-cü ildən, İlham Əliyev prezident seçiləndən sonra həyata keçirilməyə başlayıb və yeni dövrün tələblərinə uyğun olaraq bu gün də daha geniş şəkildə davam etdirilir. Onların vaxtilə dağıtdığı, məhv etdiyi dövləti isə Ümummilli lider Heydər Əliyev xilas edib.

Yeri gəlmişkən, "Milli Şura"nın fevralın 23-nə təyin etdiyi mitinqdə tələblər arasında problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, həbsdə olan bəzi şəxslərin azadlığa buraxılması və s yer alıb. Onlar bununla xalqdan az da olsa dəstək almağa ümid edirlər. Ancaq yanılırlar. Xalq onları necə lazımdırsa tanıyır, xislətlərinə də yaxşı bələddir.

Və bu tələbləri ilə bağlı onlara verilən cavab da özünü çox gözlətmədi. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov vurğulayıb ki, özünü müxalifət adlandıran bəzi qüvvələr, erməni lobbisindən vəsait alanlar, xaricdə oturub bloqerlik edənlər Azərbaycanda aparılan uğurlu islahatlara kölgə salmağa cəhd edirlər: "Onlar bu islahatları öz adlarına çıxırlar. Deyirlər ki, "Biz çıxış etdik, dedik, hökumət addımlar atdı". İddia edirlər ki, guya hökumət yanvarın 19-da keçirilən mitinqdən qorxduğuna görə bu addımları atır. Bir daha qeyd edirəm ki, hökumətin atdığı addımlar ötən il 2019-cu ilin dövlət büdcəsi müzakirə olunan zaman nəzərə alınmışdı. Onlar xalqı aldadaraq öz tərəflərinə çəkməyə çalışırlar. Deyirlər ki, mitinqə çox insan gələrsə, əməkhaqqı daha çox artar. Bunların hamısı yalandır, şayiədir. Bilirsiniz ki, Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Hökumət bu istiqamətdə addımlar atır. Məhbusların azadlığa çıxmasını istəməyənlər isə Milli Şurada toplaşanlar və xaricdə özünü müxalifət adlandıranlardır. Çünki həmin qüvvələr həbsdə olan şəxslərin adından istifadə edib ətraflarını genişləndirməyə çalışırlar. Yəni onlar istəmir ki, həmin şəxslər azadlığa buraxılsın".

Növbəti mitinqin problemli kreditlərə həsr olunmasına münasibət bildirən YAP rəsmisi qeyd edib ki, hökumət Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına müvafiq tapşırıqlar verib: "Bu məsələ araşdırılır, həlli istiqamətində addımlar atılır. Kreditlərlə bağlı məsələyə yanaşma iki cürdür: Birincisi, kənd təsərrüfatının inkişafı üçün fermer təsərrüfatı yaratmaq, kiçik sahibkarlıq obyektləri yaratmaq və digər bu qəbildən olan sahələr üçün götürülən kreditlər. İkincisi, bahalı avtomobillərin alınması üçün və digər oxşar məqsədlə götürülən kreditlər. Tutaq ki, kimsə kredit götürüb, kənd təsərrüfatına sərmayə qoyub, amma hava şəraiti imkan verməyib, ona görə də borcu yaranıb. Buna yanaşma fərqli olmalıdır. Amma digəri isə əyləncə məqsədilə 200 min manatlıq maşın almaq üçün kredit götürüb və qaytara bilməyib. Bu isə tam fərqli yanaşma tələb edir. Yəni bu məsələlər araşdırılır. Bilirsiniz ki, Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı qərar qəbul edib ki, bu məsələ bankla razılaşdırılmalıdır. Təbii ki, kommersiya bankları var ki, uzun illərdir fəaliyyət göstərir, kifayət qədər gəlir götürüblər. Ona görə də problemli kreditlərlə bağlı banklar güzəşt etməlidirlər. Bunlar isə mitinq edir ki, problemli kreditlər həll ediləndə desinlər ki, "Biz mitinq keçirdik, hökumət problemi həll etdi".

YAP rəsmisi bir daha vurğulayıb ki, insanlar müxalifətin yalanlarına uymamalıdır: "Digər bir müxalifyönlü qüvvə deyir ki, imza toplayaq, müraciət edək, təqaüdlər artırılsın. Təqaüdlər kifayət qədər artırılıb, ehtiyac olacaqsa, yenə də artırılacaq. Təzyiqlə əməkhaqqı, təqaüd artırıla bilməz. Dövlət başçısı çıxışlarında həmişə deyir ki, hər şey vətəndaşın layiqli yaşaması üçündür".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə hesab edir ki, ümumiyyətlə, müxalifətin keçirmək istədiyi və əslində, heç bir mahiyyət, məzmun daşımayan mitinqlər bu gün Azərbaycanda heç kimə lazım deyil: "Əgər nəzərə alsaq ki, həmin aksiyalarda ölkənin böyük problemləri bir yana qalsın, hətta ən xırda problemlərin belə həlli üçün hər hansı bir mühit, şərait yaranmırsa, eləcə də hansısa problemin həlli üçün yeni bir imkan, şərait artırmırsa, onda doğurdan da bu aksiyaların kimə lazım olması həqiqətən sual doğurur. Əlbəttə ki, belə aksiyaların keçirilməsi üçün diqqət göstərən dairələrin özlərinin məqsədləri var. Onlar Azərbaycan siyasi mühitində hələ də mövcud olduqlarını və ya mövcud olmaq istədiklərini nümayiş etdirirlər. Onlar cəmiyyəti radikallaşdırmaq və radikal bir dalğanın üstündən özlərinin siyasi məqsədlərinə nail olmaq istəyirlər: "Amma bu məqsədlərin hər birini ayrı-ayrılıqda təhlil etdikdə, onların hər hansı bir perspektivinin olması qəti şəkildə inkar olunur. Çünki bu məqsədlərin həyata keçirilməsi üçün çox gərəkli olan geniş sosial baza onlarda yoxdur".

AZAD

 





22.02.2019    çap et  çap et