525.Az

Sosial şəbəkələr necə tənzimlənəcək?


 

ZİYAFƏT ƏSGƏROV: "CƏZALAR SƏRTLƏŞDİRİLƏ BİLƏR"

Sosial şəbəkələr necə tənzimlənəcək?<b style="color:red"></b>

"Sosial şəbəkələr təyinatına uyğun istifadə edilsə, yaxşı olar. Sosial şəbəkələrdən qanunsuz istifadə etmək cəhdləri qəbulolunmazdır".

Bunu "525"ə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

"Burada baş verən qanunazidd hərəkətlərin, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin təhqir olunması yolverilməzdir, cinayət qanunvericiliyi ilə təqib olunur. Belə halların qarşısının alınması üçün qanunvericilikdə, o cümlədən, "Kütləvi informasiya vasitələri haqqında" qanunda müəyyən dəyişikliklər edilə bilər" - deyən, birinci vitse-spiker bu məsələdə ictimai qınağın gücləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.

Onun sözlərinə görə, insanların özləri bunu dərk etməlidirlər, ictimai qınaq güclü olmalıdır:

"Jurnalistlər fəal olmalıdırlar ki, əxlaqa zidd olan hallar baş verməsin. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəza nəzərdə tutulur. Əgər təkliflər olarsa, cəzalar sərtləşdirilə bilər. Amma cəmiyyətin təpki göstərməyi əsasdır, insanların mədəni səviyyəsi yüksəlməlidir. Əgər sənin kiminləsə mübahisən düşübsə, nədənsə narazısansa, söyüşə əl atmamalısan. Bu, çıxış yolu deyil". 

Z.Əsgərov qeyd edib ki, bunun normal və sivil yolları var:
 
"Kompüterin arxasında oturub müxtəlif yazı yazaraq kimisə niyə təhqir etməlisən ki? Xaricdə oturub kimisə təhqir etmək hansı əxlaqa sığır? Bu yazıları sənin və digərlərinin ailəsi - anası, bacısı, qardaşı oxuyur. Bu, biabırçı vəziyyətdir. Bu məsələdə hamının barışmaz mövqeyi olmalıdır".

Parlament seçkilərinin vaxtı dəyişdirilməyəcək

Z.Əsgərov sonra növbəti parlament seçkilərinin vaxtının irəli çəkiləcəyi ilə bağlı iddialara da münasibət bildirib:

"Əgər mənim şəxsi fikrmi bilmək istəyirsinizsə, ölkədə 2020-ci il parlament seçkilərinin vaxtının dəyişdirilməsinə, onun irəli çəkilməsinə ehtiyac görmürəm. Buna zərurət yoxdur".

Bir daha növbəti parlament seçkilərinin vaxtının irəli çəkilməsinə zərurət olmadığını deyən Z.Əsgərovun sözlərinə görə, Azərbaycanda seçkilərin keçiriləcəyi tarixlər (2024-2025-ci illərdəki bələdiyyə, prezident və parlament seçkiləri nəzərdə tutulur) üst-üstə düşmür:

"Bunlar Seçki Məcəlləsi ilə tənzimlənir. İddialar başqa, qanunvericilik başqa şeydir".

Kamil HƏMZƏOĞLU

 





22.02.2019    çap et  çap et