525.Az

Hakimiyyətin uğurlarından yuxusu ərşə çəkilənlər


 

Hakimiyyətin uğurlarından yuxusu ərşə çəkilənlər<b style="color:red"></b>

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun bir neçə gün əvvəl öz feysbuk səhifəsində yer alan "Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları" sərlövhəli məqaləsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə çox detallı şəkildə mövzuya yanaşılıb və maraqlı təhlil ortaya qoyulub. Qeyd olunub ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır. Prezident köməkçisinin qənaətincə, belə olan halda onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar. Ə.Həsənov bildirib ki, onlar sağlam müxalifətçilik zehniyyəti ilə yürüdülən siyasəti təhlil etmək, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmağa deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar. Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir.

Ə.Həsənov qeyd edıb ki, son 15 ildə Azərbaycanın qazandığı uğurlar Əli Kərimli və ətrafının yuxusunu ərşə çəkib. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 3,3, maaşlar 7, pensiyalar 9, valyuta ehtiyatları 24 dəfə artıb, işsizlik və yoxsulluq həddi 5 faizə düşüb. Əli Kərimli bundan narahatdır. Əli Kərimli İlham Əliyev hakimiyyətinin uğurlarını etiraf etmək üçün özündə cəsarət və güc tapa bilmir. Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi? Azərbaycan xalqı 1990-cı ilin əvvəllərində ölkə ərazisini "qızılla örtməyi" vəd edərək onu aldadanları da yaxşı xatırlayır, verdiyi hər vədi bircə-bircə yerinə yetirərək Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq möhtəşəm islahatları inamla davam etdirən lideri - İlham Əliyevi də görür və dəstəkləyir.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mövzu ilə bağlı bildirib ki, əslində, müxalifət təmsilçilərinin dərin düşüncələri olarsa, Əli Həsənovun bu təkliflərindən, səsləndirdiyi fikirlərdən istifadə edər, düzgün istiqamət götürərlər. Çünki Əli Həsənov çox yüksək intellektli və siyasi prosesləri dərindən bilən bir şəxsdir. O vurğulayıb ki, Azərbaycanda bir siyasi aktivlik olanda, ölkəmizin inkişafı üçün addımlar atılanda, eləcə də dövlətimizin nüfuzuna yüksək imic gətirəcək və Azərbaycanı təbliğ edəcək bir addımlar olanda həmişə bu müxalifət qabarır və ölkəmizin əleyhinə fəaliyyət göstərməyə başlayır: "Baxın, bu dəfə də eyni şeylər təkrar olunur. Onlar yenə də Azərbaycana uğur gətirəcək addımların gözdən salınmasına və dövlətimizin əleyhinə fəaliyyət göstərirlər. Bunun kökündə nə dayanır? Azərbaycanda hal-hazırda cənab prezidentin iradəsi ilə ciddi islahatlar prosesi başlayıb. Bu islahatlar uğurla tamamlanacaq. O islahatlar uğurla tamamlanarsa, Azərbaycanı olduğu yerdən bir neçə addım önə götürəcək və ölkəmizi daha da inkişaf etdirəcək. Onun həm beynəlxalq imicini yüksəldəcək, həm də Azərbaycanda idarəetmənin optimallaşması ölkəmizdə sosial, iqtisadi inkişaf baş verəcək, siyasi sistem təkmilləşəcək və s. Bu proses başlayıb və bunu başladan da cənab prezidentdir. Yeni etap islahatlar başlayandan da yenə də müxalifətin aktivləşməsi müşahidə olunur. Bunlar ciddi şəkildə bəhanələr gətirirlər. Hətta bəzən utanmaz-utanmaz deyirlər ki, bu islahatlar prosesi guya ki, onların iradəsi ilə başlayıb. Təbii ki, bunlar tamamilə yanlış fikirlərdir. Azərbaycan prezidenti Azərbaycanda ictimai rəyə diqqət yetirir və ictimai rəyi nəzərə alır. Amma zaman göstərir ki, indiki müxalifətin bu ictimaiyyətə heç bir aidiyyatı yoxdur. Çünki ictimaiyyət vətəndaşlardır və Azərbaycanın inkişafını istəyən şəxslərdir. Verdikləri təkliflər və bildirdikləri iradlar da Azərbaycanın inkişafına yönəlib. Amma bu müxalifət bu ictimaiyyətə aidiyyatı yoxdur. Onların nə sosial bazası var, nə də verdikləri təklif Azərbaycanın xeyrinədir. Bunlar yalnız xaricdən gələn sifarişlə və fəsildən-fəsilə baş qaldırırlar".

"Səs" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev isə deyib ki, milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də ciddi fiaskoya uğramaqda davam edəcəklər. Onun sözlərinə görə, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun bu günlərdə yazdığı məqalə belə deməyə əsas verir ki, son vaxtlar müxalifətin tamamilə siyasətdən kənar və cəmiyyətə layiq olmayan davranışlarının qarşısı məhz xalq tərəfindən alınmalıdır: "Daha dəqiq desək, xalq-dövlət birliyi dağıdıcı təfəkkürə malik müxalifətin uğursuzluğunu daha açıq şəkildə göstərir. Bu gün istər AXCP, istər "Milli Şura" kimi qurumlarda toplaşan "demokratlar" dövlətin xalq üçün gördüyü işlərdən, inqilabi islahatlardan ciddi şəkildə narahat olmağa başlayıblar. Əbəs deyil ki, istər buradakı siyasətbazlar, istərsə də onların xarici ölkələrdəki havadarları bu cür "fəallaşmaqla" Azərbaycan dövlətinin milli maraqlarına qarşı açıq-aşkar düşmənçilik mövqeyi sərgiləyirlər. Xalqın hakimiyyəti dəstəkləməsi, xalq-iqtidar birliyi radikal və dağıdıcı təfəkkürlü müxalifətin öz məğlubiyyətini etiraf etməsi ilə nəticələnir. Yəni əldə edilən uğurlara qarşı müxtəlif cəhdlər olursa, bunun özü məğlubiyyət etirafı kimi qiymətləndirilməlidir".

B.Quliyev qeyd edib ki, istər Əli Kərimli, istərsə də digər milli xəyanətkarlar toplumu xalq, dövlət vəhdəti qarşısında öz cılız siyasətlərini yürüdə bilməyəcəklər: "Güclü dövlət, güclü xalq amili məhz bu cür düşünməyə zəmin yaradır. Bu, həm də bir reallıqdır ki, dövlətimizin əldə etdiyi nailiyyətlər, istər beynəlxalq arenada, istərsə də daxili siyasətdəki uğurlu nəticələr radikalizmin, milli xəyanətin və bu xəyanətdə iştirak edən bir qrup ünsürün qarşısını kəsməkdədir. Xalqımız dövlətinin və prezidentinin yanında olmaqla xəyanətkarların, antidövlətçilərin fəallaşmasına imkan vermir. Xalqımız öz müdrikliyi ilə bundan sonra da dövlətimizin, prezidentimizin ətrafında sıx birləşəcək. Buna heç bir şübhə yoxdur".

AZAD

 





22.02.2019    çap et  çap et