525.Az

Fəlsəfə və poeziya bir arada


 

Fəlsəfə və poeziya bir arada <b style="color:red"></b>

Ötən gün AMEA-nın Fəlsəfə İnstitutunda "Fəlsəfə və poeziya" adlı tədbir keçirilib.

Tədbirdə institutun əməkdaşları, tanınmış ədəbiyyatşünaslar və media nümayəndələri iştirak ediblər.

Görüşü giriş sözüylə açan AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli tədbirin məqsədi haqqında məlumat verib, qonaqları iştirakçılara təqdim edib. Fəlsəfəylə poeziyanın qarşılıqlı əlaqəsindən danışan E.Mədətli bu tədbirin "Nəsimi ili"ndə keçirilməsinin önəmini vurğulayıb: "Şeir bu və ya digər şəkildə fəlsəfə ilə bağlı olmasa, fəlsəfi fikir daşımasa, o şeirin ömrü uzun olmaz və unudulub gedər. Əsl şeirin poetik gücü ilə yanaşı, fəlsəfi fikir yükü də olmalıdır. Elə buna görə də Fəlsəfə İnstitutunun əməkdaşları arasında da şeir yazan, poeziyanı sevənlər heç də az deyil. Mənim fikrimcə, böyük İmadəddin Nəsimi şairdən daha çox, filosofdur. O, şeirlərini öz fikirlərini, fəlsəfi görüşlərini həm özü, həm də dərvişlər vasitəsiylə yaymaq üçün yazırdı. Ona görə də filosofun şeiriyyətlə məşğul olmasından təbii heç nə yoxdur. Nəsimin dili də təmiz, saf, axıcı Azərbaycan dilindədir. Onun dili həm də könül dilidir ki, bu gün də bu irs davam etdirilir".

O deyib ki, Nəsimi insanı ucaldan şairdir: "Heç kim insanı Nəsimi qədər ucaltmayıb. Əlbəttə, o, insanı göylərə qaldırmırdı, Allahı onunla bir tuturdu. O, bütün gözəllikləri insanın simasında, varlığında axtarırdı. Nəsimi dünyası bütün dinlərdən ucada dururdu. O, bütün dinləri bərabər görür, hamısına eyni hörmətlə yanaşırdı. Biz bunu onun bütün poeziyasında görürük. Təəssüf ki, Sovet ideologiyası onu ateist şair kimi təqdim edirdi. Halbuki Nəsimi imanlı şair idi, amma dinin əsiri deyildi. O, sadəcə dini mövhumatı, dindən sui-istifadə edən, riya, fitnə ilə məşğul olan, ədalətsiz hakimiyyəti dəstəkləyən din xadimlərini ən kəskin şəkildə tənqid edirdi. Onun şeirləri insanı kamilliyə çağırır. Onun vəsf etdiyi insan kamil insandır. O, özü də bu kamillik yolunu keçib, dövrünün ən böyük sufisi, filosofu olmuşdu. Ona görə də Nəsimi poeziyası ədəbiyaşardır".

E.Mədətli tədbir boyunca İ.Nəsimi poeziyasından nümunələr səsləndirib.

Sonra söz institutun əməkdaşlarına verilib.

Çıxışında poeziyanın qüdrətindən danışan Əhməd Qəşəmoğlu özünün "Novruz", "Sevirəm səni", “Yıxıldım" şeirlərini oxuyub.

Radif Mustafa "Poetika və poeziya" məruzəsilə çıxış edib.

Gülşən Allahverdiyeva "Səməni", "Dünya", "Başına dönüm", Telman Quliyev "İçində", "Çörək qazanıram", "Dünya cəhənnəm qapısı", "Təsəllidir", Asya Əhmədova "Utopik düşüncələr", "Bir yol gedir bizim kəndə", "Nəsimin günahı" şeirlərini oxuyublar.

Ruşan Ruşanzadə çıxışında deyib ki, poeziya çağırışdır, hadisədir. O, ədəbiyyat haqqında nəzəri düşüncələrini səsləndirdikdən sonra "Çəkir", "Gəlir", "Qan içrədir" adlı poeziya nümunələrini qonaqların diqqətinə çatdırıb.

E.Mədətli istitutun əməkdaşı Xatirə Quliyevanın "Ölən sevgilər" şeirini, Məmmədağa Sərvərov özünün "Azərbaycan", "Mən Qusara gələndə", Əli İbrahimov "Qadın şeirdir", "Anadır", Zeynəddin Şabanov "Məzunlar gününə", Zöhrə Əliyeva xarici ədəbiyyatdan şeirlər səsləndiriblər.

Daha sonra səslənən şeirlər, "Fəlsəfə və poeziya" mövzusu haqda fikirlərini, eləcə də öz poetik nümunələrini səsləndirmək üçün söz qonaqlara verilib.

Şair, tərcüməçi, professor Şahin Fazil "İşıq", "Səni mənə verməzlər", "Ölək, görək başımıza nə gəlir" qəzəllərini oxuyub.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin sədri şair və tərcüməçi Səlim Babullaoğlu tədbiri yüksək qiymətləndirib, fəlsəfəylə məşğul olan insanların hiss və düşüncələrini şeirlə ifadə etməyinin sevindirici hal olduğunu vurğulayıb. Sonra o, böyük polyak şairi Çeslav Miloşun "Poeziya sənəti" şeirini iştirakçıların diqqətinə çatdırıb.

Tədbiri şeirlə fəlsəfənin qovuşduğu məkan adlandıran "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli çıxışında görüş boyunca səslənən şeirlər haqda fikirlərini bildirib.

Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə "Fəlsəfə ağır yükdür, ona poeziyanın yüngül, xoş havası qarışanda fikir bir növ azadlığa çıxmış olur" deyib.

"Nə qədər insan var, o qədər də poeziya var. Poeziya insan qəlbinin buza çevrilməsinin qarşısını alır" - deyən professor Rəfiqə Əzimova nitqində tədbiri Fəlsəfə İnstitutunun qəlbinin açılmağına kömək edən fürsət kimi dəyərləndirib.

Sonda E.Mədətli tədbir iştirakçılarına və qonaqlara təşəkkürünü bildirib, bir daha Nəsimi poeziyasını xatırlayaraq, belə tədbirlərin davamlı keçirilməsini arzulayıb.

Tədbir, institutun əməkdaşı Əntiqə Paşayevanın Nəsimi poeziyasından səsləndirdiyi "Neylərəm?!" qəzəli ilə yekunlaşıb.

Şahanə MÜŞFİQ

 





19.03.2019    çap et  çap et