525.Az

Türk xalqına açıq məktub - Fikrət Qoca


 

Türk xalqına açıq məktub - <b style="color:red">Fikrət Qoca </b>

Türkiyə Cümhuriyyəti bütün Avropanın əvəzinə terrora qarşı müharibə apardığı halda xaricdə də, öz daxilində də bəzi ağzıgöyçəklərin qınaq hədəfi olsa da, yenə də haqq yolundan dönmür.

Eşq olsun qəhrəman Məhmədçiklərə! Eşq olsun sağlam Türk xalqına. Sağ ol Türk xalqının qəhrəman oğlu Rəcəb Tayyib Ərdoğan!

Sən də hər bir kamil insan kimi öz əqidəsinin odda yanmaz, suda batmaz oğlusan! Türkiyədə bu böyük seçkilər ərəfəsində mənim bu şeirim də qoy səsim kimi qəbul olunsun.

Azərbaycan göytürklərindən
Fikrət Qoca Göyüş oğlu

MƏN TÜRKƏM

Türkəm, bu yer üzündə
Neçə yol köç etmişəm.
Şərqdən qərbə getmişəm.
Səhrada, daş içində,
Cücərmişəm, bitmişəm,
Batmaz, yanmaz, alınmaz
Adayam mən, bir ada.
Hər bir Türkün dünyada
Nəfəsi Türkiyədir.
Durduğu yeri - Vətən
Qibləsi Türkiyədir.

***

Qəzəblənib qalxanda
Mən Atilla olmuşam,
Mən Çingiz xan olmuşam.
Evlər yıxan olmadım,
Bütlər yıxan olmuşam.
Arzumu hara əksəm,
O torpaqda dən tutur.
Bir əlim qalxan olur,
Bir əlim əldən tutur.
Türkün işi bütövdür,
Türkün bütöv sözü var.
Boynunun dalında da
Türkün görən gözü var.
Didərgin övladların
Lələsi Türkiyədir,
Dünyada hər bir türkün
Qibləsi Türkiyədir. 

***

Göyüş oğlu Fikrətəm,
Zaman kimi qocayam.
Nə böyüyəm, nə kiçik,
Elə öz boyumcayam.
Dünyanın hər yerində
Azəri türküyəm mən.
Millətimin düşmənə
Göz dağı, görküyəm mən.
Başım üstəki səma
Türkün asimanıdır.
Yer üzünün oğluyam,
Qanım türkün qanıdır.
Türklük piramidadır,
Qülləsi Türkiyədir.
Dünyada hər bir türkün
Qibləsi Türkiyədir.

Bakı-Azərbaycan

 





28.03.2019    çap et  çap et