525.Az

Nazir: "Dövlət büdcəsindən təhsilə ayrılan xərclər artıb"


 

Nazir: "Dövlət büdcəsindən təhsilə ayrılan xərclər artıb"<b style="color:red"></b>

"Müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması və internatura modelinə keçid, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi əsas hədəflər kimi müəyyən edilib".

Bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, elm sahəsində növbəti illərdə həyata keçiriləcək əhəmiyyətli təşəbbüslərdən biri ali təhsil müəssisələrində "təhsil-tədqiqat-innovasiya" formatında inkişafın təşviqi olacaq. Bu baxımdan, bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, "təhsil-elm-istehsal" əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı hədəflərə nail olunmalıdır.

C.Bayramov bildirib ki, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

Nazirin dediyinə görə, keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən, beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də başlıca hədəflərdəndir. Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin daha da genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanıb: "Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişləndirilib, 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Bu da X-XI siniflərdə təhsil alan şagirdlərin təxminən 30 faizini təşkil edib. Təmayül siniflər üçün tədris planları və proqramları hazırlaıb və tətbiq edilib. İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirir və akademik nailiyyətləri ilə fərqlənirlər. Hər bir şagirdə təmayül istiqamətinə uyğun peşəkar bacarıqların aşılanması məqsədilə "Ümumi təhsil haqqında" Qanunda təmayül siniflərində şagird sayı əvvəlki 20 nəfərdən 15 nəfərə endirilib".

C.Bayramov vurğulayıb ki, dərslik hazırlığı sahəsində daha bir yenilik ondan ibarətdir ki, Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılıb və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanıb: "İlkin mərhələdə I siniflər üçün Ana dili və riyaziyyat dərslikləri hazırlanıb və hazırda 100-dən çox məktəbdə sınaqdan keçirilməkdədir. Növbəti addım həmin dərsliklərin pilot tətbiqi və II siniflər üçün dərsliklərin hazırlanması olacaq".

Nazir qeyd edib ki, növbəti illərdə məktəbəhazırlığa cəlbedilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir: "Son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olub. Qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizdən 75 faizə çatdırılıb. Aparılan tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib".

C.Bayramov əlavə edib ki, son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb, 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılmışdır. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artıb: "2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilib. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcək".

Nazirin söylədiyinə görə, dövlət xətti ilə cari ildə Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxana binalarının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir: "Prezident İlham Əliyevin sərəncamlarına əsasən, əvvəlki illərdə bəzi ali təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsi həmin universitetlərdə hesabatlılığın və yeni idarəetmə prinsiplərinin tətbiqinə, akademik və maliyyə muxtariyyətinə əlverişli imkan yaradıb.Cari ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni Nümunəvi Nizamnaməyə əsasən, bütün dövlət ali təhsil müəssisələri publik hüquqi şəxs statusu əldə etməklə qeyd edilən imkanlardan faydalana biləcəklər: "Qeyd edim ki, ölkədə ali təhsilalma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olub, bu göstərici ötən il 41 mini ötüb. Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib, bakalavriat səviyyəsinəqəbul planı 48 506 nəfərə yüksəlib, yəni 6.4 faiz artıb".

C.Bayramov bildirib ki, əmək bazarında dəyişikliklər və ölkəmizin iqtisadi inkişaf strategiyası nəzərə alınaraq cari ildə bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı Nazirlər Kabineti tərəfindən təsdiq olunub, ixtisasların sayı 175-dən 148-ə qədər azaldılıb, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, təsnifata 46 yeni ixtisas əlavə edilib.

S.QARAYEVA

 





16.06.2019    çap et  çap et