525.Az

Leyla Gərayzadə: "15 İyun müasir tariximizdə parlaq məqamdır"


 

Leyla Gərayzadə: "15 İyun müasir tariximizdə parlaq məqamdır"<b style="color:red"></b>

"Tarixən böyük şəxsiyyətlərin üzərinə xalqı, milləti birləşdirmək, dövləti bütövləşdirmək, cəmiyyəti inkişafa, rifaha, sabitliyə, əmin-amanlığa aparmaq kimi tarixi bir missiya düşüb. Belə liderlər dövlətin, millətin gələcəyini tənəzzüldən qorumağın yolunu hərtərəfli tərəqqidə görüblər. Müxtəlif dövrlərin reallıqlarını nəzərə alaraq bunu həyata keçirmək nə qədər çətin olubsa, bir o qədər güc, qüvvə və iradə tələb edib. Bu mənada, müasir Azərbaycanın taleyində tarixi dönüş mərhələsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır".

Bu fikirləri Bakı Dövlət Universitetinin professoru, "Əsgər Anaları" Şurasının sədri Leyla Gərayzadə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Professor L.Gərayzadə bildirib ki, ilk dəfə 1969-cu il iyulun 14-də respublikanın rəhbəri seçilən Heydər Əliyev Azərbaycanın Sovetlər İttifaqı kimi nəhəng bir imperiyanın tərkibində olmasına baxmayaraq, böyük uzaqgörənliklə gələcəyə hesablanmış mühüm və zəruri addımlar atmağa nail oldu: "Təəssüf ki, Ulu öndər respublika rəhbərliyindən getdikdən sonra onun yolu, yürütdüyü müdrik siyasi xətt davam etdirilmədi. Nəticədə, 1993-cü ilin iyununda Azərbaycan çox ciddi fəlakətlə, dərin hakimiyyət böhranı ilə üz-üzə qaldı. Azərbaycanın müstəqilliyini istəməyən xarici güclərin dəstək verdiyi silahlı birləşmələr və onların müdafiəsinə qalxan bəzi siyasi qurumlar hakimiyyətin zəifliyindən istifadə edib ölkəni xaosa sürükləyirdilər. Belə bir çətin şəraitdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev antiazərbaycan qüvvələrin planlarını alt-üst edərək ölkəni uçurumdan qurtardı, müstəqil Azərbaycanın idarəçilik sükanı arxasına keçərək sabitliyin, sosial-iqtisadi inkişafın və tərəqqinin qarantına çevrildi".

L.Gərayzadənin fikrincə, Ulu öndərin yaratdığı müstəqil Azərbaycan dövləti əslində, 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır: "Bu yol bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdiyi yoldur. Ümummilli liderin hakimiyyətə gəlişi ilə Azərbaycan xalqı işıqlı, nurlu sabahına qovuşdu. ABŞ-ın keçmiş prezidenti Corc Buş Ümummilli lider haqqında xatirələrində qeyd etdiyi kimi, "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olub". Məhz Ümummilli liderin apardığı ardıcıl və uzaqgörən siyasətin nəticəsidir ki, bu gün onun yaratdığı sənət əsəri - müasir və müstəqil Azərbaycan dünyanın ən mütərəqqi ölkələrindən biridir. Bu, aydın bir həqiqətdir ki, 15 İyun 1993-cü il tarixi həm Ulu öndərin siyasi fəaliyyətində, həm də Azərbaycanımızın inkişaf yolunda, müasir tariximizdə son dərəcə parlaq məqamdır".

S.QARAYEVA

 





16.06.2019    çap et  çap et