525.Az

"Dərdindən öldüyüm bir qadın olub..." - Kəmaləddin Qədimin şeirləri


 

"Dərdindən öldüyüm bir qadın olub..." - <b style="color:red">Kəmaləddin Qədimin şeirləri </b>

UZAQLAR YAXINLAŞIR...

Keçib getdi nə çağlar,
Nə çağlar yaxınlaşır...
Nə qarmaqlar, tələlər,
Duzaqlar yaxınlaşır...

Düşən elə haqq düşür,
Tənha, yalquzaq düşür.
Böyüklər uzaq düşür,
Uşaqlar yaxınlaşır.

Öz küncün, köşən olur,
Darıxmaq peşən olur.
Kürəklər nişan olur,
Bıçaqlar yaxınlaşır.

Eşq könlünün məbədi,
Dön başına, Kəbədi.
Yaxınlaşır, əbədi
Qucaqlar yaxınlaşır...

Qəm yemə xəstə canım,
Gedirsən dosta, canım.
Hər gün bir az da, canım,
Uzaqlar yaxınlaşır...

NƏ VARDI ÖZÜNƏ YAŞASAN ÖMRÜ...

Sayılı günləri çoxdu sadəcə,
Boşuna yaşadın, boşa, sən ömrü.
Özünə ha elə gəlin-göbək ol,
Say da paşalardan-paşa, sən ömrü...

Dərdini dərmanı çəkib apara,
Olasan qurbanı, çəkib apara.
Apara, sarbanı çəkib apara,
Bir uzun karvana qoşasan ömrü...

İtiyin ola da qəfil tapasan,
Özünə şip-şirin dünya yapasan.
Ya köhlən at ola minib çapasan,
Yel kimi keçəsən, aşasan ömrü...

Çəkmə, hər yetəni başa çəkmə sən,
Sonra çiləsini boşa çəkmə sən.
Əcəl şərbətitək başa çəkməsən,
Dərd kimi çəkərsən başacan ömrü...

Nə fərqi yasnandı, toynandı, bitdi,
Bir cürə oyundu, oynandı, bitdi.
Oğluna, qızına paylandı bitdi,
Nə vardı özünə yaşasan ömrü...

MƏN SƏNİ YAZMIRAM Kİ...

Sən bir ömrə bədəlsən,
yaşamla tən gəlirsən,
Çəkirsən yurd yeritək,
mənə vətən gəlirsən.
Əlimə qələm keçir,
ağlıma sən gəlirsən,
Mən səni yazmıram ki...

Söykəyib bir ümidə
kürəyimi, yazıram,
Arzumu, istəyimi,
diləyimi yazıram.
Sənsən ürəyimdə, sən
ürəyimi yazıram,
Mən səni yazmıram ki...

Bir cürə car olmuşam
dostun, yadın dilində,
Nə deyirlər görəsən
buna qadın dilində?
Əzbərə çevrilsə də,
hər gün adın dilimdə,
Mən səni yazmıram ki...

Hər gün vaxtla, zamanla
küsürəm, barışıram,
Hər gün baxtın, taleyin
işinə qarışıram.
Həsrətinlə gizlicə
yanıram, alışıram,
Mən səni yazmıram ki...

O nur dolu surətin
əslini çəkirəm mən,
Təbiətin sən adlı
fəslini çəkirəm mən.
Üzündəki gülüşün
rəsmini çəkirəm mən,
Mən səni yazmıram ki...

Bir kəlmə söz deyirsən
sözünü köçürürəm,
Yana-yana odunu,
közünü köçürürəm.
Tanrı yazısısan sən
üzünü köçürürəm,
Mən səni yazmıram ki...

GƏLƏCƏK

Daha gözünü çək göydən,
Gəlsə, duman, çən gələcək.
Nə ruzi gələcək göydən,
Nə zəfər göydən gələcək.

Baxma dərdi, qəmi asan,
Yol azıb, gecikib haçan?
Sevinc gəlib çıxanacan
Düşəcək heydən gələcək.

Heç olmayıb belə köçən,
Süpürgədən kibritəcən.
Ha gözlə bu sülh bitəcək,
Savaşa meydan gələcək.

Hər gələn sıxıb gedəcək,
Dağıdıb, yıxıb gedəcək.
Bir hoydan çıxıb gedəcək,
Başqa bir hoydan gələcək.

Bax, beləcə vaxt keçəcək,
Keçəcək, vallah, keçəcək.
Qəlbindən Allah keçəcək,
Önünə şeytan gələcək...

MƏN OLMAMIŞAM

Tanrım uzaq tutub şöhrəti məndən,
Şöhrət olan yerdə mən olmamışam.
Salıblar hardasa söhbəti məndən,
Qeybət olan yerdə mən olmamışam.

Nəyim var sözdədi, sözdən nə gizli,
Düzdə qalmağım da düzdən, nə gizli.
Allahdan gizli yox, sizdən nə gizli,
Xəlvət olan yerdə mən olmamışam.

Daim adam bilib sardım adamı,
Vallah, bir başqadı yardım adamı.
Xalq dövlət olanda vardım, adamı
Dövlət olan yerdə mən olmamışam.

Yerim yox, adıma yazılıb qayıb
Harda abır-həya, ismət olmayıb.
Mən olan yerlərdə qismət olmayıb,
Qismət olan yerdə mən olmamışam.

Başımdan tac kimi salınıb Şuşa,
Qəlbim Xocalıda çəkilib şişə.
Qanımı almağa fürsət gəzmişəm,
Fürsət olan yerdə mən olmamışam.

Günahdı dörd yanım, günah olan yer,
Günahdan görünmür vallah, olan yer...
Demirəm olmayıb Allah olan yer,
Əlbət olan yerdə mən olmamışam...

ƏLİMDƏN YAXINI YOX

Səmtim, yönüm hayana,
Yolum hara, bilirəm.
Çiyinlərimdən yaxın
Başım gora, bilirəm.

Yaman çəkir uzaqlar,
Ağlımı alıb gedir.
Günlər, aylar ağzımın
Tamını çalıb gedir.

Gözlərim həsrətlə tən,
Təşnədi ki can yana.
Könlüm dərddən, qubardan,
Dilim duadan yana.

Qoynumda isidirəm,
Dolanıram başına;
Əlimdən yaxını yox
Gözlərimin yaşına...

GƏL DƏ YUVA QURMAĞA...

Gəl də könül ver sözə,
Bir danış, dil aç, adam...
Çıx içindən, çıx üzə,
Çıx, içindən qaç, adam...

Bu nə baxt, bu nə yazı,
Bitdin içində yasın.
Həm başımın bəlası,
Həm başıma tac adam...

Bəlkə mümkün dərdimə,
Gün doğa, gün, dərdimə.
Ay mənim min dərdimə
Minbir də ilac adam...

Seç, səninçün seç, ayır
Yananı cayır-cayır.
Gör necə susuzlayır,
Necə olur ac adam?..

Son yerinəm varmağa,
Dayanmağa, durmağa.
Gəl də yuva qurmağa,
Gözləyir ağac adam...

UĞRUNDA CANINDAN KEÇƏNİ YOXSA

Gör hardan haraya köç eləmişəm,
Hesaba qoymurlar köçəni yoxsa?
Zamanmı dəyişib, yolmu dəyişib,
Dəyişik salmışam küçəni yoxsa?

Deyirsən adamdı, büstdü - nə fərqi,
Axırda düz çıxır tüstü - nə fərqi...
Ya altı olsun, ya üstü - nə fərqi,
Torpağın əkəni-biçəni yoxsa...

Əzəli əzəldən əzəlmi görən,
Canmı tez yaranıb, əcəlmi görən?
Fəsilmi dəyişib, məsəlmi görən,
Payızda saymırlar cücəni yoxsa?

Bu yönsüz, yöndəmsiz bəstəyə lənət,
Hələ bu bəstəni dəstəyə lənət.
Lənət o arzuya, istəyə lənət,
Uğrunda canından keçəni yoxsa...

ÖLÜB AÇARAM SİRRİNİ

Tanrım, verdiyin qüdrətdən
Bilib açaram sirrini.
Doqquz aylıq bir zülmətdən
Gəlib açaram sirrini.

Şərt kəsilər şərt üstündən,
Çəkərəm bir xətt üstündən.
Dərd də gələr dərd üstündən,
Gülüb açaram sirrini.

Özümü başdan çıxarram,
Gözümü yaşdan çıxarram.
Çörəyi daşdan çıxarram,
Bölüb açaram sirrini.

Dürdanən, dürründü ölüm,
Ən uzun hürründü ölüm.
Gizlinin, sirrindi ölüm,
Ölüb açaram sirrini...

HƏLƏ BİR DUANIN ÜSTDƏYƏM...

Əli dəyənəkli, qılınclı vardı
Fələk mən astanın, yavanın üstdə.
Tək bircə davalıq qələbə vardı,
Mən gedə bilmədim davanın üstdə.

Meydan meydan idi, fürsət tək əldi,
Axı, kim tək əlin səsinə gəldi?
Hələ də həvəs yox yuva dikəldim
O uçub, dağılan yuvanın üstdə.

Boşuna hər arzum, istəyim elə,
Bir kövrək, bir yanıq bəstəyəm elə.
Hələ bir duanın üstdəyəm elə,
O sən eylədiyin duanın üstdə.

Həmin dilsizinəm, o həmin lalın,
O həmin dərdlinəm, həmin bəlalın.
Yenə saatda bir dəyişir halım,
Atırlar yenə də havanın üstdə...

TOZ BASIB ÜSTÜNÜ XATİRƏLƏRİN...

Deyirlər çoxalıb işvən bir az da,
Naz gəlib bir az da nazın üstünə.
Mənsə üşüyürəm gülüm, bu yazda,
Payız gətirmişəm yazın üstünə.

Adicə duyğumu bu duyğu görən,
Neynəsin bu qəfil soyuğu görən?
Axı, nə yatdım ki, nə yuxu görəm,
Ta yoxun nəyini yozum üstünə?..

Gəl də gör şəstini xatirələrin;
Yapmışam büstünü xatirələrin.
Toz basıb üstünü xatirələrin,
Adını yazmışam tozun üstünə...

DƏRDİNDƏN ÖLDÜYÜM BİR QADIN OLUB...

Baxma ki, ən çətin oxunan kitab,
Ən çətin çözülən sirr qadın olub...
Adına həmişə and içiləsi,
Ən təmiz, ən qutsal yer qadın olub...

Qadın təbəssümü, qadın gülüşü,
Tanrının ən gözəl rəsmi, əl işi.
Adəmdi bəlkə də ən azad kişi,
Həvva da ən azad, hür qadın olub...

Gəlmişəm, gələsi bu dağılmışa
Nə ürək yaxıb, nə könül qırmışam.
Sevib ətəyində namaz qılmışam,
Olub da bir ocaq, pir qadın olub...

Gəlsin Tanrı haqqı gözümdən desəm
Nəyi kəsir desəm, nəyi kəm desəm...
Kimsə inanmasın sevirəm desəm,
Dərdindən öldüyüm bir qadın olub...

 





18.06.2019    çap et  çap et