525.Az

Parmaksızın "Süveydaya məktublar"ı


 

Parmaksızın "Süveydaya məktublar"ı<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin "aybKitab" layihəsində daha bir kitab işıq üzü görüb.

Türkiyəli şair Mehmet Nuri Parmaksızın nəfis tərtibatda hazırlanmış kitabı "Süveydaya məktublar" adlanır.

Nəşrdə şairin naməlum bir qadına - Süveydaya sevgi məktubları yer alıb. Vahid sujet xətti altında birləşən bu esselər həm də ayrı-ayrılıqda oxunarkən heç bir anlaşılmazlıq yaratmır. Böyük bir sevgi dastanının tərkibi sayılacaq məktublarda klassiklərə, elmə, ədəbiyyata, incəsənətin müxtəlif sahələrinə istinad var... 

Heyhat! Qara sevda deyilən yol necə dardır!
Eşq bitdisə, dünya kəpənək ömrü qədərdir!  

- misralarının epiqraf kimi seçildiyi kitab müəllifin qısa bioqrafiyası ilə başlayır.

Kitaba ön sözü nəşrin redaktoru, yazıçı Pərvin yazıb. Şairin sevgi məktublarındakı obrazdan - Süveydadan danışan Pərvin, onun real, yoxsa xəyali olduğunu aydınlaşdırmağa çalışır. Eyni zamanda isə M.N.Parmaksızın məhəbbət, eşq haqqındakı düşüncələrini şərh edir. Pərvinin professor Nurulla Çetinin Mehmet Nuri Parmaksız haqqındakı məqaləsindən gətirdiyi sitatdan aydın olur ki, Süveyda ürəyin mərkəzində qara bir nöqtə deməkdir: "Qəlbdəki gizli bir günahı ifadə edir. Həmçinin, qəlbdəki bəsirət və müdriklik yeri deməkdir". Və bu məqamda Pərvin yazır: "Sevgi Mehmet Nuri bəy üçün real və əllə toxuna biləcək bir nəsnə deyildir, o, uzaqdır, əlçatmazdır və elə bununla da sirlidir. Həm ürəyinin içindəki gizli bir nöqtədir, amma həm də min-min kilometrlərlə məsafədə olan əlçatmaz varlıq. Xəyali bir qadına - Süveydaya 33 məktubdan ibarət olan kitab epistolyar bir əsər kimi yox, bütöv sujet xətti olan roman kimi oxunur. Çünki burda zahiri bir süjet olmasa da, hisslərin dramaturgiyası var".

Pərvin bəzi məqamlarda Süveydanın konkret şəxs, real Qadın olduğuna da inanır: "Süveyda nə qədər İlahi, gözəgörünməz bir varlıq olsa da, Günəş kimi, Ay kimi, ulduzlar kimi əlçatmaz olsa da, şairin sirri, həm də real bir Qadına sevgisi bəzi məktublardan sezilir. Şair rəqiblərindən - əğyardan danışdığı yerdə reallıq duyulur. "Səni ətrafındakı bütün adamlardan, bütün heyranlarından daha çox sevirəm" - deyir".

Ön sözdə də qeyd edildiyi kimi, kitab 33 məktubdan ibarətdir. Hər məktubun özünəməxsus başlığı var. Əksər hallarda bitkin fikir bildirən başlıqlar məktubun məzmununa uyğun seçilib, müəllifin hiss və duyğularının ifadəsinə çevrilib.

Məktubları türkcədən dilimizə Aytən Heydərova çevirib. 

Şahanə MÜŞFİQ

 





13.07.2019    çap et  çap et