525.Az

Yaqub Mahmudova həsr olunan növbəti kitab çapdan çıxdı


 

Yaqub Mahmudova həsr olunan növbəti kitab çapdan çıxdı <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə həsr olunan növbəti əsər - “Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov” kitabı nəşr olunub.

Tarix İnstitutundan verilən məlumata görə, kitaba ön sözü AMEA-nın Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev yazıb.

Kitaba Milli Məclisin deputatları, görkəmli alimlər, tanınmış jurnalistlər və başqalarının Y.Mahmudov haqqında məqalələri, xatirələri daxil edilib. O, yazılarda Azərbaycan tarix elminin patriarxı adlandırılıb.

Əsərdə qeyd olunub ki, görkəmli tarixçi alim 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent və 1981-2004-cü illərdə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib. Onun yetirmələri arasında tarixçi alimlər, yüksək vəzifəli məmurlar, diplomatlar və başqaları var. Onlar qədimdən müasir dövrədək Azərbaycan tarixinin aktual problemlərinə həsr olunmuş dissertasiyalar yazıblar. Yetirmələrinin coğrafiyası Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Türkiyə, İran, Özbəkistan və digər ölkələri də əhatə edir.

Kitabda yazılıb ki, Y.Mahmudov 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. 2012-ci ildə Prezidentin müvafiq sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə institutun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib. Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədi gətirilib. 2007-ci ildə 40 illik fasilədən sonra “Tarix İnstitutunun elmi əsərləri” jurnalının nəşri bərpa edilib, 2019-cu ildə isə institutun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

Kitabda, həmçinin, qeyd edilib ki, akademik bir sıra mükafatlara, o cümlədən, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenlərinə layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl Y.Mahmudova həsr olunan 4 kitab - “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)”, “Yaqub Mahmudovun tarixçilər məktəbi”, tarixçi alim Nazim Məmmədovun “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu” və jurnalist Lətif Şamxalın (Mustafayev) “Azərbaycan naminə” kitabları çap olunub. 

C.ABASOV

 





15.07.2019    çap et  çap et