525.Az

Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğunun siyasi fəlsəfəsi


 

Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğunun siyasi fəlsəfəsi<b style="color:red"></b>

Görkəmli dövlət xadimi, Azərbaycanın müasir dövlətçilik İnstitutunun banisi ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bütövlükdə ölkəmizin ikinci minillik dövrünün tam yarıməsri ilə bir yazılan TARİXdir.

Bu tarix iki mərhələ - sovet və postsovet dövründən ibarətdir. Akademik İsa Həbibbəylinin təbirincə desək, «Heydər Əliyevin çoxillik ictimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir. Sovet dövrünün inkişafında olan dövrü (1969-1986), mürəkkəb keçid prosesləri (1987-1990), Azərbaycanın dövlət müstəqilliyi mərhələsi (1991-2003) kimi səciyələnən 35 illik bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi yol ...ibrətamiz məktəbdir... Heydər Əliyevin simasında böyük, əbədiyaşar siyasətin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə vahid məcrada birləşir”.

Bəli, bu, real bir gerçəklik, günümüzün siyasi fəlsəfəsidir. Böyük strateq ulu öndərin dövlət quruculuğu və siyasətdə keçdiyi yol bu gün «Heydər Əliyev məktəbi» adlanır. Bu yol hansı keşməkeşliklərdən, sərtliklərdən keçməyib ki… Bu yolda isə mətin, siyasi iradəli, mükəmməl və kamil şəxsiyyət Heydər Əliyev xarizması var. Məhz bu müsbət keyfiyyətlər də Azərbaycanın tarixi inkişaf dinamikasının ən mühüm prioritetləridir.

Heydər Əliyev siyasi kursu - bu böyük dühanın böyük adını və çoxcəhətli fəaliyyətini, geniş dünyagörüşünü və tarixi irsini əhatə edən zəngin dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemidir.

Heydər Əliyev siyasi kursu - qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş, düşünülmüş yetkin dövlətçilik təlimidir.

Heydər Əliyev siyasi kursu - müstəqillik qazanmış ölkələrin dövlət quruculuğunu inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün sınaqlardan çıxmış modeldir.

Həqiqətən də Akademik İsa Həbibbəyli söylədiyi kimi, bu siyasi kurs MDB məkanı ölkələri üçün nəinki nümunə, həm də öyrənilən bir məktəb olmuşdur.

Bu mənada Azərbaycanda milli dövlətçilik institutunun formalaşmasında, onun inkişaf istiqamətində, maraqların praqmatikliyində, milli birliyin və milli həmrəyliyin təminatında ulu öndər Heydər Əliyevin xidmətləri ölçüyə belə gəlmir.

Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər 1993-cü ildən başlayaraq ölkəni düşdüyü xaosdan, bölünmə, parçalanma təhlükəsindən xilas etdi. Heydər Əliyev Azərbaycan tarixində xilaskar ölkə başçısıdır.  Professor Əli Həsənov vurğulayır ki: “Heydər Əliyevin xalqı səfərbər edərək öz arxasınca apara bilən lider olması ilə yanaşı, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yaradıcı şəxsiyyət keyfiyyətləri yenidən bariz şəkildə təcəssüm olundu. Ümummilli lider mürəkkəb xarici-siyasi vəziyyətdə, yeni dünya nizamının tələblərini və geosiyası reallıqları nəzərə almaqla Azərbaycan dövlətinin Milli İnkişaf strategiyasını müəyyənləşdirdi və elmi-siyasi, tarixi cəhətdən əsaslandırdı”.

1993-cü ildə Azərbaycanın həm müstəqilliyi, həm də dövlət kimi ərazi bütövlüyü, bəlkə də politoloji anlamda desək, “vertikal” və “horizontal” siyasi bölünməyə məruz qala bilərdi. Yəni hüquqlar və məsuliyyət ayrı-ayrı dövlətlərin hökumətləri və digər beynəlxalq qurumlar arasında bölünə bilərdi. Bu mənada E.Toflerin milli dövlətlərin tədricən transmilli korporasiyaların təzyiqi ilə sıxışdırılıb “əriyib itəcəyi” ideyasının ölkədə proqnozlaşdırması da mümkün variant idi. Bu variantda isə ölkəni yalnız böyük dövlət insanı, dövlət strateqi Heydər Əliyev qurtardı... Və 15 iyun Azərbaycanın Qurtuluş Günü kimi tarixləşdi. “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” deyən ulu öndər gerçək anlamda dövləti xarici müdaxilə və daxili çəkişmələrdən xilas edib qurtardı.

Müstəqillik qazandıqdan sonra qarşıda duran vəzifə isə artıq:

- ölkənin demokratikləşdirilməsi;

- bazar iqtisadiyyatına keçidin formalaşdırılması;

- ictimai-siyasi sabitlik;

- idarəetmə və hakimiyyətin, ən əsası isə qanunvericilik bazasının yaradılması mexanizmi idi.

Böyük təcrübəyə və fenomen idarəetmə ustadlığına malik ulu öndər az müddətdə ölkədə əsaslı dəyişikliklərə başladı. Bu isə bir neçə mərhələdə aparıldı. İlk öncə:

- siyasi-ictimai sabitlik;

- dövlət quruculuğu prosesinə istiqamət götürüldü. Ulu Öndər güclü dövlət qurucusudur. Heydər Əliyev güclü Azərbaycanın təməlçisidir.

Artıq XX əsrin 93-cü illərindən ölkədə strateji prioritetlər müəyyənləşdirildi. Bu mənada:

- inzibati strukturların demokratik əsaslarda və milli qanunvericiliyə əsasən yenidən qurulması;

- məhkəmə və parlamentin formalaşdırılması;

- vətəndaş cəmiyyətinə keçid;

- çoxpartiyalı siyasi sistem;

- əsaslı iqtisadi islahatlar da sonrakı mərhələni təşkil edir. Heydər Əliyev  yenilənən Azərbaycanın milli lideridir.

Üçüncü mərhələdə isə böyük strateq dövlətçiliyin milli əsaslarının təminatını qurdu. Ölkədə məskunlaşan hər xalqın öz mədəniyyətinin, adət-ənənəsinin, həyat tərzinin hifz edilməsi, inkişafi onların hüquqlarını qoruyan qanunlarla tənzimləndi. Bu zəmində isə milli ideya, milli ideologiya  azərbaycançılıq məfkurəsi ətrafında ölkə vətəndaşları sıx birləşdi. Heydər Əliyev azərbaycançılıq ideologiyasını milli baxışlar sisteminə çevirdi. Dosent Sona Vəliyeva bu mənada azərbaycançılığa həsr etdiyi əsərində yazır: “Azərbaycançılıq 1993-cü ildən başlayır. Məhz bu dövrdən başlayaraq azərbaycançılıq etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyərlərlə yanaşı, sosial-siyasi məzmun kəsb edərək ümumi ideyalar sistemi kimi milli dövlət quruculuğunun ayrılmaz  komponentinə çevrilir”.

Ulu öndər Heydər Əliyev Dövlət rəhbəri olduğu müddətdə 1941-45-ci illər II Dünya müharibəsinin qələbə ilə bitdiyi günü 9 mayın bayram günü olmasını bərpa etdi. Eləcə də 28 may Respublika günü, 26 may Ordu günü kimi qeyd edilməsini təsdiqlədi. Daim milli dəyərlərə, mənəvi adət ənənələrə hörmət qoyan ümummilli lider həmçinin, müsəlmanların müqəddəs Ramazan, Qurban bayramlarını da təqvimdə bayram günü olmasını da reallaşdırdı. Bu islahatlar mili dirçəliş, milli oyanış, milli özünüdərk fəlsəfəsinin azərbaycançılıq ideologiyası mətnində vəhdəti idi. Azərbaycan ərazisində bütün vətəndaşlar üçün bu ölkədə yaşamaq üçün münbit zəmin yaratdı. Ulu öndərin siyasi və dövləti fəaliyyət strategiyası çoxmillətli ölkənin xalqlarının milli dövlətçilik haqda istəklərini gerçəkləşdirdi. Belə ki, Azərbaycan vətəndaşlarının, xalqının və bu ərazidə yaşayan  xalqların Milli Dirçəliş Fəlsəfi Konsepsiyası zəruriləşdi.

Ulu öndər Heydər Əliyev Milli dövlətçilik institutunun siyasi arxitekturasını, siyasi-hüquqi idarəçilik nəzəriyyəsini, dövlətiyaratma siyasi fəlsəfəsini, dünyaya inteqrasiya istiqamətlərinin beynəlxalq əlaqələr strategiyasını müəyyənləşdirdi.

Akademik Ramiz Mehdiyevin yazdığı kimi: “... həyatda ən böyük nailiyyət kimi yeni dövlətçilik, müstəqil respublika, yeni Konstitutsiya, əvvəlki heç bir idarəçilik formasına bənzəməyən Milli quruculuq yolunun siyasi fəlsəfəsi sonrakı nəsillərə nemət və irs kimi qalır”. Bu mənada müstəqil Azərbaycan ulu öndərin rəhbərliyi ilə modern, dünyəvi, dünya birliyi ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığa inteqrasiya yolunu tutan suveren və demokratikləşməni həyata keçirən respublika olaraq tanınmağa başladı. Modernliyin ilkin siyasi göstəricisi olaraq, ölkənin yeni iqtisadi inkişafının yüksəlməsi xətti oldu. Heydər Əliyevin dövlətçilik strategiyası tariximizin ən parlaq və önəmli səhifələri oldu.

Ulu öndərin dövlət gənclər siyasəti, dövlət qadın siyasəti, dövlət ailə siyasəti, dövlət uşaq siyasəti bütövlükdə dünya siyasi genderşünaslıq elm tarixində də öyrəniləsi məktəbdir.

Ulu öndər Heydər Əliyevin həm də dərin fəlsəfi təfəkkür, düşüncə, idraki duyuma malik olan fikirləri, ifadələri, hər sözü bu gün kəlama çevrilmişdir. Bu konteksdə, gender tədqiqatları baxımından Heydər Əliyevin ibrətamiz kəlamları dünya gender elmi üçün də qiymətli töhfədir. Ümummilli liderin fikrincə: «Kişilər qadınları gərək həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar... Mən bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, millətimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm». Elmi araşdırmalarda müdriklərin aforizmlərindən istifadə olunur və əsasən də filosofların fikirləri aforizm statusu almışdır. Heydər Əliyev fəlsəfəsində onun baxış və fikirləri, ulu öndərin əksər ifadələri müdrik deyim hüquqi qazanmışdır. Onun nəzəri təfəkkürün məhsulu kimi bu gün istifadə etdiyimiz fikirləri Şəxsiyyət fəlsəfəsində daxili istedadın bəhrəsidir.

Ulu öndər ölkənin Ali Qanunverciliyini  Azərbaycanın Konstitusiyasını yazdı, Müstəqil Respublikanın Kostitusiyasını təsbit etdi.

Ulu öndər 1994-cü il 20 sentyabrda müstəqil Azərbaycanın ilk neft müqaviləsini  “Əsrin kontraktını” imzaladı. Və nəinki ölkədə, regionda, hətta beynəlxalq enerji strategiyasında “Yeni neft siyasəti” başladı. Qeyd edək ki, Xəzər hövzəsi dövlətlərarası münasibətlərdə maraqların toqquşduğu yerdir. Ulu öndər Heydər Əliyev o zaman Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan İlham Əliyevi də enerji layihələri ilə bağlı aparılan mübahisəli müzakirələrə dəvət etdi. Burada əsas vacib məsələ Azərbaycanın milli mənafeyini qoruyaraq, milli və dövlətçilik baxımından bu saziş imzalanarkən, öz milli maraqlarını qoruyub saxlamaq idi. Gənc və çevik, diplomatik bacarıqlı Prezident İlham Əliyevin isə problemə bələd olması, bu əhəmiyyətli müqavilənin müvəffəqiyyətlə başa çatmasına kömək oldu.

Ulu Öndər bazar iqtisadiyyatına keçid dövründə tənəzzülə uğramış idman,  mədəniyyət, təhsil, elm, səhiyyə, ümumilikdə sosial və humanitar sahənin də dirçəlişinə stimul verdi.

Ulu öndər Heydər Əliyev beynəlxalq dünya birliyinə inteqrasiyanın təməlini yaratdı. Belə ki, Müstəqil Azərbaycan BMT kimi qurumdan sonra, ATƏT-in Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun, İqtisadi Əməkdaşlıq Təşkilatının və s. nüfuzlu qurumların üzvü oldu.

Hər bir tarixləşən liderə zaman və məkan kontekstindən yanaşdıqda, onun yaşadığı dövrün ictimai-siyasi mühitinə də həmin prizmadan baxılır. Olur ki, Şəxsiyyət özü  tarix yazır, zamandan da uca olur, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edərək, gələcək üçün belə vətəninin inkişaf yolunu göstərir. Ulu öndər Azərbaycanın milli inkişaf konsepsiyasını tərtib edən, tarixi özü yazan əbədiyaşar liderdir.

Ulu öndər BMT tribunasından Ana dili - Azərbaycan dilində ilk çıxış edən Azərbaycan rəhbəridir. İstər ilk hakimiyyəti illərində (sovet), istərsə də postsovet dövründə ulu öndər Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi. Ulu Öndər ali baş komandan, general idi. Heydər Əliyev ölkənin milli təhlükəsizliyinin qarantı, Azərbaycanın 1 nömrəli vətəndaşı, ailəsi, davranışı, siyasi mədəniyyəti, fenomen insanlıq təfəkkürlü, milli düşüncəli, dünyəvi mənəviyyatlı, tolerant və əzmli, diqqətcil və cəsarətli, səmimi və cəsur, mətin və qətiyyətli, universal bilikli, hərtərəfli hazırlıqlı milli lider idi.

Ümummilli lider Ermənistanın torpaqlarımıza təcavüzünü dünyaya bəyan edən, xarici ölkələrdə diaspor və lobbiçilik İnstitutunu formalaşdıran beynəlxalq səviyyəli rəhbər idi. Bu mənada Rusiya Prezidenti Vladimir Putin onun haqda: “O, böyük dövlət xadimi idi... Siyasi nəhəng idi, mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim” deyir,  ABŞ-ın sabiq prezidenti Bill Klinton isə: “Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında xidmətləri yüksəkdir” söyləyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Bir millət iki dövlət tezisi ona məxsusdur” kimi qiymətləndirirdisə, Fransanın sabiq prezidenti Jak Şirak “Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirəm. Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir" deyə söyləmişdir. Bu və digər çoxsaylı deyimlər də təsdiq edir ki, ulu öndər dünya səviyyəsində qəbul edilən dahi şəxsiyyət olmuşdur. Bəli, həqiqətən o, əfsanəvi lider, xarizmatik dövlət qurucusu, siyasi məntiqin sözlə ifadə edilə bilmədiyi siyasətin marşal strateqi olmuşdur.

Ulu öndər milli liderliklə siyasi rəhbərliyi, siyasi liderliklə milli rəhbərliyi inteqrasiya edən fenomen strateqdir. Başdan ayağa unikal siyasətçi, hər bir azərbaycanlının hamisi, dəstəkçisi, güvənən yeri, qüruru ölkə sərhədlərindən kənarda yaşayan hər bir azərbaycanlının doğması, əzizi idi. Bu, onu son dəfə ölümündən sonra yola salan milyonların dəfn mərasimində iştirakında, Azərbaycanın hər bir kəndi, qəsəbəsi, rayonu, şəhərində onun adına verilən ehsan məclisləri və oxunan dualarda özünü əks etdirdi. Ulu öndər ilahidən seçilmişlərin seçilmişi, qüdrətli, öz ölkəsini sevən və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” söyləyən nəhəng siyasi xadim, dövlət qurucusu, Azərbaycanda dövlətşünaslığın əsasını yaradan yaradıcı prezident idi.

XX əsrin 70-ci illərindən Azərbaycanın dirçəlişi, qurtuluşu, intibahı məhz fenomenal şəxsiyyət böyük Heydər Əliyevin böyüklüyünün məntiqi yekunudur.

XXI əsrin əvvəlindən isə bu tərəqqi, bu yüksəliş ulu öndər Heydər Əliyev siyasi kursunun, dövlətçilik institutunun ən layiqli aparıcısı, modernləşən yeni Azərbaycanın Prezidenti İlham Əliyevdir. Ulu Öndər Heydər Əliyev ideyaları, bitkin siyasi praqmatizm, insan rifahına söykənən sosial siyasətin həyata keçirilməsi dövlət quruculuğunun siyasi fəlsəfi nəzəriyyəsidir. Bu siyasi fəlsəfə ulu öndər Heydər Əliyev milli inkişaf strategiyasının nəzəri konseptidir, təcrübi konsepsiyasıdır.

Akademik Ramiz Mehdiyev yazır ki: «İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın».

Fikrimizi Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fikirləri ilə bitirək: “Onun həmyaşıdları Heydər Əliyevin həyat dərslərinin mahiyyətini bu gün də öyrənirlər. Heydər Əliyev - tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir... Vətənin - Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı”.

 





16.07.2019    çap et  çap et