525.Az

Elmimizin inkişafını dar çərçivəyə salmayaq - Məqalə


 

Elmimizin inkişafını dar çərçivəyə salmayaq - <b style="color:red">Məqalə </b>

"525-ci qəzet"də (24 avqust 2019- cu il. №-116 (5327) savadına və şəxsiyyətinə dərin hörmət bəslədiyim professor Aida Qasımovanın "Humanitar dissertasiyalarda "humanistlik": kodlaşdırmadan üzgörənliyədək" adlı çox maraqlı məqaləsini oxudum.

Məqalədən hiss olunur ki, həmkarım Aida xanım elmimizin, xüsusilə də humanitar sahənin gələcəyinə biganə deyildir. Bu yazıya görə hörmətli Aida xanıma böyük təşəkkürlər düşür. Aida xanım cəsarətlə elmimizə mane olan problemlərin üzərinə gedir və ürək yanğısı ilə bildirir ki, respublikamızda kifayət qədər sanballı bir qurum olan Ali Attestasiya Komissiyasında (AAK) struktur dəyişikliklərinin müzakirəsi vacibdir; yalnız bundan sonra müvafiq qərar verilməliykən, heç bir diskussiya və müzakirə olmadan, "yuxarıların tövsiyəsi və razılığı ilə" struktur və məzmun dəyişiklikləri aparıldı.

Bütövlükdə Aida xanımın təkliflərilə razılaşıram, çünki yalnız həqiqi islahatlar kadr hazırlığı prosesini bir-iki nəfərin inhisarından qurtara bilər, AAK-ın işini müasir tələblərə cavab verən səviyyədə qurmağa imkan verər. Amma eyni zamanda, bəzi mülahizələrimi elmi ictimaiyyətə çatdırmaq istərdim.

İlk növbədə qeyd edim ki, Almaniyanın Zigen Universiteti məni Müdafiə Şurasının üzvü kimi iyunun 27-30-da bütün xərcləri dəvətçi tərəfin ödəməsi şərtilə dəvət etmişdi və orada german dilləri üzrə 3 saat ərzində keçən müdafiədən sonra 4 nəfərin üzvü olduğu Müdafiə Şurası iddiaçıya fəlsəfə doktorluğu verməyi qərara aldı. Bu, kommissiya üzvlərinin açıq səsverməsilə baş tutdu. Bunu ona görə xatırlatdım ki, bizdə bu sahədə çox şey yarımçıqdır. Heç o müdafiədə iddiaçının çap elətdirdiyi məqalələrdən söhbət belə getmədi. İddiaçı 45 dəqiqə ərzində dissertasiyasının əsas müddəaları ilə komissiya üzvlərini tanış etdi, sonra iddiaçıya təxminən 30 dəqiqə ərzində suallar verildi, axırda da iddiaçının dissertasiyası haqqında iki opponent, mən və elmi rəhbər öz mənfi və müsbət fikirlərini bildirdilər. Sonda dissertantın əsərlə bağlı çıxışı və rəyçilərin fikirləri komissiya sədri tərəfindən ümumiləşdirildi və hansı qiymətin verilməsi səsə qoyuldu, iddiaçıya qiymət elan olundu və bildirildi ki, əsər yalnız komissiyada söylənən iradların düzəlməsindən sonra universitet maliyyə xərclərini ödəməklə çap oluna bilər.

Bizdə isə Phd haqqında qərar verildi, amma prosedur əvvəlki, ya da cüzi dəyişikliklərlə saxlanıldı. Guya aparıcı təşkilatı ləğv eləməklə işlər düzələcək? İnanmıram! Doktorant və dissertantların problemləri bununla düzəlməyəcək. Problemin aradan qaldırılmasını necə təssəvvür edirəm? İstəyirəm bu barədə bir qədər ətraflı danışam.

Hörmətli Aida xanım düz qeyd edir ki, ölkəmizdə elmi dərəcə və adların verilməsi sahəsində xeyli iş görülür ki, bunlar da elmi potensialın və layiqli elmi adların verilməsində irəliyə atılmış mühüm addımlardır. Bəzən elmi işlərin müdafiəsində elmi iş qalır bir qıraqda, doktorantın və dissertantın elmi rəhbərilə məsələni çürütməyə çalışırlar. Hətta bəzən deyilir ki, mənim səninlə heç bir problemim yoxdur, mənim işim sənin rəhbərinlədir. Əslində, bu, alimə yaraşmayan xasiyyətdir. Fikrimizcə, dissertantın və doktorantın elmi əsəri və müdafiədə çıxışı qiymətləndirmədə və səsvermədə yeganə kriteriya olmalıdır.

İndi keçirəm Aida xanımın qaldırdığı digər məsələlərə. Ən çox mübahisə doğuran məsələ dissertasiyada kodlaşma qaydaları ilə bağlıdır. Doğrudan da, hazırkı sistem iddiaçının əl-qolunu bağlayır, alimin manevr etmək imkanları məhdudlaşır, oxucuya isə imkan vermir ki, əsəri oxuyanda səhifəaltı qeydlərə və çıxarışlara diqqət yetirsin. Səhifəaltı çıxarışlar daha çevik hərəkət etməyə şərait yaradır, əsəri oxuyan zaman vaxt itkisinə yer qalmır, burada elmlikdən çox texniki məsələ mühüm əhəmiyyət daşıyır. Bilmirsən ədəbiyyat siyahısında verilmiş mənbəyi axtarasan, yoxsa elmi dəyəri olan fikri tutasan. Əlbəttə, əsl mütəxəssis söhbətin nədən getdiyini o saat tutur, amma belələri azdır axı. Çox təəssüf ki, bizdə xaricə meyl güclüdür. Üç dəfə Beynəlxalq Fonetika Elmləri Konqresində və bir o qədər də Ümumdünya Alman Dili Müəllimlərinin qurultayındakı məruzələrimdə mən xarici ölkə alimlərini tənqid etmişəm, bizdə isə həmin alimlərin tərtib etdikləri dərslikləri od qiymətinə alıb tələbələrin istifadəsinə verirdilər. Etiraz eləyəndə, deyirdilər ki, xaricdə çıxıb. Heç sovet imperiyası dövründə dildən və dilçilikdən əsərlərin mərkəzdə çap olunmasına nail ola bilmədilər. Sətiraltı çıxarışlar, fikrimizcə, daha münasibdir, dissertasiyanın sonunda isə yeni nəşrləri və yaddan çıxmış mənbələri vermək olar.

Aida xanım düz qeyd eləyir ki, dissertasiyaların müdafiə olunduğu şuralar əsərləri öz saytlarında yerləşdirməlidirlər, bütün maraqlı dairələr bu əsərlərdən xəbərdar olmalıdır. Bu, plagiatın da qarşısını alar, həm də dissertasiya şuralarının məsuliyyətini artırar. AAK, fikrimizcə, texniki məsələlərlə məşğul olmalıdır. Necə olur ki, mütəxəssislərin toplaşdığı Müdafiə Şurası iddiaçıya yekdilliklə dərəcə verməyi qərara alır, AAK isə məsələni uzadır. AAK bunu həll etmək üçün müəyyən addımlar atır, ancaq yenə son sözü özündə saxlayır.

Dissertasiyaların səviyyələrini mütəxəssislərin toplaşdığı kafedralar müəyyənləşdirməlidir. İndi qəribə bir tendensiya yaranıb, yerindən qalxan özünü german dilləri mütəxəssisi hesab edir. Dil üzrə bakalavr və magistr mərhələsini bitirmiş adam necə germanist ola bilər axı?! Vaxtilə germanist olmaq üçün Moskva, Leninqrad universitetlərində, Berlində, Londonda oxumaq tələb olunurdu. İndi ingiliscə bir-iki kəlmə deyən özünü germanist hesab edir. Dissertasiyalara verilən rəylər də, mənfi-müsbət olmasından asılı olmayaraq, universitetin saytında çap olunmalıdır. Bəyənmədiyimiz sovet dövründə opponent rəyini 10 gün əvvəldən iddiaçıya təqdim edirdi. İndi isə rəyləri yazan da, cavabları hazırlayan da ya opponent olur, ya da rəhbər.

Məni ən çox narahat edən məsələlərdən biri mütaliənin olmamasıdır. İxtisas imtahanlarının səviyyəsi artırılmalı, tanışlıq və tapşırılma aradan çıxmalıdır. Bir yerə bir neçə namizəd verilməlidir.

Dissertasiyanın keyfiyyətinə birinci cavabdeh kafedralar və bölmələr olmalıdır. Dissertasiyası təsdiqlənməyən kafedra və ya bölmə ciddi tənqid olunmalıdır, hətta onlara rəhbərlik etmək yasaq olmalıdır.

Biz Aida xanımla son üç ildə Filologiya elmləri üzrə Koordinasiya Şurasının üzvü olmuşuq. Əksər hallarda elə mövzular təklif olunurdu ki, adam mat qalırdı. Yadıma düşür, mən doktorluq dissertasiyasının seçimindən qabaq dünyanın məşhur alimlərilə müzakirə eləyəndən sonra onu təsdiq etdirməyə özümdə cəsarət tapmışdım. İndi isə mütəxəssis fikrinə əhəmiyyət vermirlər. Əksərən kimsə mövzunun adını təklif edir, müzakirəsiz-filansız gəlir Şuraya. Şurada bir azca etiraz eşidiləndə, aləm qarışır bir-birinə. Biz aktual olmayan mövzuları qəbul eləmirdik. Təklif edirdik ki, mövzunu bir az xırdalasınlar, onda da başlanırdı əzbərlənmiş, savadsız izahlar, yersiz hücumlar. Bu yolla elmimizi inkişaf etdirmək qeyri-mümkündür.

Məqalələrin həcmi haqqında ayrıca danışmaq lazımdır. Məsələ həcmdə deyil, məzmundadır. Ancaq dissertasiyanın və məqalələrin həcminə konkret limit qoymaq da elmi buxovlamaq deməkdir. Ümumi şəkildə həcm qeyd oluna bilər. Amma konkret elm sahələri həcmi aşa da bilər, ondan az da olar. Hər halda keyfiyyət həcmlə ölçülmür. Dissertasiya və məqalələrdə kəmiyyət yox, keyfiyyət həlledici olmalıdır.

O ki qaldı nüfuzlu jurnallarda məqalə çap etdirmək məsələsinə, burada da fərqli yanaşma lazımdır. Yadımdadır, ötən əsrin 80-ci illərində ozamankı AAK-ın sədri, mərhum alimimiz A.Mirzəcanzadə belə bir fikir irəli sürmüşdü ki, qoy alimlərimizi dünya tanısın, ona görə onların nüfuzlu jurnallarda çap olunmasını arzu edirdi. Ancaq sonralar məlum oldu ki, bu kriteriya kasıb-kusubun yolunu elmə bağlayır. Məlumdur ki, o jurnalların çoxu məqalələri pulla çap edirlər. Bu gün Azərbaycan alimi nə qədər maaş alır ki, ondan yığsın, xaricdə məqalə çap elətdirsin. Alman alimləri son on ildə nüfuzlu jurnallarda çap olunan məqalələrə istinad məsələsini tədqiq ediblər. Məlum olub ki, həmin jurnallarda çap olunan məqalələrə istinad yox dərəcəsindədir. Ancaq sahə jurnallarında çap olunan məqalələrə istinad həddindən çoxdur. Maraqlı burasıdır ki, o nüfuzlu jurnallarda çap olunan alimləri heç ölkəmizdə tanıyan yoxdur.

Aida xanım çox düzgün qeyd edir ki, bugünkü elmdə beynəlxalq səviyyədə qəbul edilmiş transliterasiyasız keçinmək olmaz. Bircə misal deyim. Müasir dilçiliyin atası sayılan N.Xomski ingilis orfoqrafiyasında "Ch" -lə yazıldığı üçün onu şəxsən tanımayanlar ona Çomski deyə müraciət edirlər. Ancaq o, özü-özünü Xomski kimi təqdim edir.

Tamamilə doğrudur ki, elmdə oğurluq qəti şəkildə rədd edilməlidir, oğurluq edənlərin havadarları nə qədər pullu və imkanlı olsalar da, onlara qarşı kəskin mübarizə aparılmalıdır. Oğru alimlərə cəmiyyətimizdə yer olmamalıdır. Onsuz da ictimaiyyət kimin kim olduğunu yaxşı bilir. Ancaq onlara havadarlıq edəndə bu, adama toxunur. Özünə hörmət eləyən alim oğurluğa rəvac verməməlidir. Bunun üçün vicdan təmiz olmalıdır. Plagiat proqramları bir ölkənin dili üçün nəzərdə tutulubsa, o, başqa ölkə üçün yaramaz. Plagiatı ən yaxşı halda mütəxəssis görə bilər. Elmdə oğurluğun qarşısını almaq üçün tədqiqatlarda eksperimentə böyük yer ayırmaq lazımdır. Eksperiment mövzuya daha əhatəli girməyə şərait yaradar. Birbaşa mövzunun şərhindən və açılmasından başlamaq lazımdır. Elmi yenilik də eksperiment sahəsində daha yığcam ifadə oluna bilər.

Asan yollarla müdafiənin qabağını almaq üçün mövzunun seçimində prinsipiallıq göstərmək lazımdır. Elmdən uzaq adamları yerində oturda biləcək prinsipial kadrlara bu gün böyük ehtiyac vardır. Universitetlərdə kafedraların başında sahənin görkəmli mütəxəssisi oturmalıdır, çünki gənc kadrların hazırlanması onların fəaliyyətindən asılıdır. Adicə rəy yazmağı bacarmayan adamın kafedra və dekanlığa rəhbər gətirilməsi yolverilməzdir.

Sonda bir daha vurğulamaq istərdik ki, gərək müasir gəncliyimiz oxumaqdan yorulmasın, daim axtarışda olsun, bir şeyə nail olmaq üçün asan yollar axtarmasın. Onda həyat maraqlı və cazibədar olar.

 





11.09.2019    çap et  çap et