525.Az

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda


 

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda <b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb.

Kollektivin səfəri Qazaxıstandan başlayıb. Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Bunun ardınca kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edib. Ayın 6-da yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verib. Daha sonra isə Bakıya gəlib.

Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov müsahibəsində bildirib ki, turne Türk Şurasının 10 illiyinə həsr olunur və avqustun 27-dən başlayan silsilə konsertlərlə Bakıda tamamlanır. On ölkəni təmsil edən gənc ifaçılardan ibarət orkestrə Qazaxıstandan Ənvər Əkbərov və Tatarıstandan Renat Salavatov rəhbərlik edirlər. Orkestrin tərkibində adları çəkilən ölkələrlə bərabər, Rusiya, Türkiyə və Türkmənistan təmsilçiləri də var.

Repertuarın fərqli olduğunu deyən D.Kaseinov qeyd edib ki, konsertdə Qərb klassik əsərləri ilə yanaşı, türk xalqlarının musiqisi də səslənir. Burada, həmçinin, gənc musiqiçilər də iştirak edir. "Fikirləşirəm ki, tamaşaçılar bugünkü konsertdən razı qalacaqlar", - deyə D.Kaseinov əlavə edib.

Qeyd olunub ki, gələn il orkestrin 10 illiyidir. Bu münasibətlə orkestrin Avropa və ABŞ-a qastrol səfərləri planlaşdırılır.

Bu günə qədər 10 fərqli ölkədə 100-ə yaxın sənətçini bir araya gətirən TÜRKSOY Gənclik Kamera Orkestri Türkiyə, Qazaxıstan, ABŞ, Almaniya, Avstriya, Fransa, İngiltərə, İtaliya, Şotlandiya və Balkan ölkələrində 60-a yaxın konsert verib. TÜRKSOY Gənclik Kamera Orkestri müxtəlif qitələrdə həyata keçirilən bu konsertlərlə türk dünyası bəstəkarlarının əsərlərini uğurla ifa edərək tamaşaçıları heyran edib.

Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Konsertin sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinov səhnəyə çıxaraq Mədəniyyət naziri Əbülfəs Qarayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı - Türk Şurasının 10 illiyi münasibətilə xatirə plaketi təqdim edib.

Baş katib TÜRKSOY-da Azərbaycanın yüksək səviyyədə fəallığından söhbət açıb. Bildirib ki, Bakıda keçirilən bir çox tədbirlərdə, eləcə də beynəlxalq forumlarda, müxtəlif konfranslarda, mərasimlərdə TÜRKSOY-un təmsil olunması bu təşkilatın üzvləri arasında əməkdaşlığı daha da artırır və onları bir-birinə yaxınlaşdırır: "Biz hamımız türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək, ortaq mədəniyyətimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı  yerinə yetiririk. Biz birgə mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu dünyanın hər yerində təbliğ edirik".

2009-cu ildə yaradılan Türk Şurasının 10 illik fəaliyyətinin əhəmiyyətindən bəhs edən baş katib nazir Əbülfəs Qarayevə birgə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Nazir Əbülfəs Qarayev TÜRKSOY-un həyata keçirdiyi genişmiqyaslı tədbirlərin, eləcə də Azərbaycan mədəniyyətinin bu təşkilat səviyyəsində dünyada təbliğinin böyük önəm daşıdığını vurğulayıb. Diqqətə çatdırıb ki, türkdilli dövlətlərin başçıları bu qurumun fəaliyyətini təqdir edir və hər zaman dəstək olurlar. Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirdiyini və hər zaman diqqətdə saxladığını deyən nazir dövlət başçısına minnətdarlığını bildirib.

Əbülfəs Qarayev TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Bakı konsertinin böyük maraqla qarşılandığını qeyd edərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 





11.09.2019    çap et  çap et