525.Az

Evoğluda doğulub, el oğluna çevrilmiş vətənpərvər oğlan


 

"SİLAHA SARILMASAYDIQ, O QƏDƏR ŞƏHİD VERMƏSƏYDİK, DAHA ÇOX TORPAQLARIMIZI İTİRƏRDİK"

Evoğluda doğulub, el oğluna çevrilmiş vətənpərvər oğlan<b style="color:red"></b> Onunla təxminən on il qabaq Qaradağ Rayon Hərbi Komissarlığında (indi adı dəyişdirilib) tanış olmuşduq.

Mülki vəzifədə çalışırdı. İş otağında başının üstündən asdığı çərçivəyə salınmış foto isə əvvəllər hərbçi olduğunu sübut edirdi. Elə ilk söhbətimizdəcə Qarabağın mərd mübarizlərindən olduğunu hiss etdim.
Hiss etdiyim başqa bir məqam isə o idi ki, 1988-ci ildən etibarən - əvvəlcə könüllülər batalyonunda, 1992-ci ildən Milli Orduda olmaqla yeddi ilə qədər əlindəki silah, ürəyindəki yurd sevgisi, ruhundakı Vətən eşqi ilə düşmənə qarşı vuruşmuş bu adam öz həyat yolu barədə heç nə danışmaq istəmir. Sonralar dəfələrlə görüşmüşük və həmişə də Ağdamın şəhidlərindən, Qarabağ uğrunda fədakarlıq etmiş əsgər yoldaşlarından, dostlarından, yoldaşlarından danışıb.

Bir dəfə şəkildəki sarğını göstərərək soruşdum ki, neçənci ildə yaralanmışdınız?

Cavabı belə oldu: "Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib".

- Amma mən başqa sual vermişdim.

- Nə fərqi var ki? 1993-cü ildə yaralanmışdım, 97-ci ildə xəstələndim... Əsas odur ki, elliklə silaha sarıldıq, o qədər şəhidlər verdik. Yoxsa daha çox torpaqlarımızı itirərdik. Yaxşı ki, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ordumuz düşmənin gözünün odunu aldı.

... Söhbət 1959-cu ildə Ağdamın Evoğlu kəndində dünyaya gəlmiş, baş leytenant, həm döyüş illərində, həm də atəşkəsdən sonra dəfələrlə Fəxri fərmanlara, təşəkkürnamələrə layiq görülmüş Rövşən Rüstəmovdan gedir. Bu yaxınlarda onunla metronun "Sahil" stansiyası yaxınlığında   görüşdük. Öyrəndim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansısa strukturunda, yenə də mülki vəzifədə çalışır.

Salam-kəlamdan sonra dedi ki, Prezident İlham Əliyevin  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanı hamı gözləyirdi, mən isə hamıdan çox gözləyirdim. Cənab Prezidentin şəhid ailələrinə 11 min manat vəsait verilməsi barədə qərarına hamı sevindi, hamıdan çox isə mən sevindim. Çünki mən o döyüşlərin böyük hissəsində iştirak etmiş adam kimi, necə qeyrətli, mərd, mübariz oğullarımızın şəhid olduğunun canlı şahidiyəm.

Qəribədir, uzun illər əlində silah, hərbi xidmətdə olan bu adam hansısa  imtiyaza malik olduğundan, kimdənsə fərqli qiymətləndirilmək istəyindən qətiyyən danışmır. Elə budəfəki görüşümüzdə də elə oldu: - Mən ata-babamın məzarını, Evoğlu kəndini, Ağdamı, Qarabağı, xalqın hissiyatını qorumaq üçün vuruşmuşam. Bunun isə bircə adı var - vətəndaşın Vətən qarşısındakı borcu. Həmin borcu ödəyən kəs hansı sağ olu gözləməlidir ki?- dedi.

... Daha bir söz deyə bilmədim. Sadəcə  bu sətirləri qələmə aldım və  təxminən on il qabaq, cib telefonumla divardan çəkdiyim şəkili də əlavə edərək, əbədi ərk ünvanımız olan "525-ci qəzet"ə göndərdim.

İttifaq MİRZƏBƏYLİ
Əməkdar jurnalist
 





11.09.2019    çap et  çap et