525.Az

Vasim Məmmədəliyev vəfat etdi


 

Vasim Məmmədəliyev vəfat etdi<b style="color:red"></b>

Görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib.

V.Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. O, 1964-cü ildə BDU- nun Şərqşünaslıq fakültəsini bitirib.

Akademik Vasim Məmmədəliyev müsəlman Şərqinin müdrikliyini özündə birləşdirərək İslam dininin, İslam dəyərlərinin təbliğində, geniş yayılmasında və düzgün yozulmasında böyük xidmətlər göstərib.

Şərqşünas alim bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr edib. O, İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Konfransı Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.

Alimin ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının istifadə etdikləri 30 kitabı nəşr olunmuşdu.

O, elm və xalq qarşısındakı böyük xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdü.

Böyük alim V.Məmmədəliyev 1991-ci ildə akademik Ziya Bünyadovla birgə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə etmişdi.

Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Vasim Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

 





14.10.2019    çap et  çap et