525.Az

"Hazırda müharibə yoxdursa..." - Bəyanat


 

"Hazırda müharibə yoxdursa..." - <b style="color:red">Bəyanat </b>

"Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir. Bu cəhdlər 2019-cu ilin martın 9-da həmsədrləri bəyanat verməyə vadar etdi. Bu bəyanatda onlar münaqişə tərəflərini digər tərəfin razılığı olmadan danışıqların formatında birtərəfli dəyişikliklərin edilməsi tələbindən çəkinməyə çağırdılar".

APA-nın məlumatına görə, bu sözlər Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumun Daimi Şurasının noyabrın 7-də keçirilmiş iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı səsləndirdiyi bəyanatında əksini tapıb.

Bəyanatda xatırladılıb ki, ATƏT-in Minsk Konfransının formatı konsensus yolu ilə ATƏT-ə üzv ölkələr tərəfindən razılaşdırılıb, BMT-nin müvafiq qətnamələri tərəfindən dəstəklənib və formatın dəyişməsi müzakirə mövzusu ola bilməz.

"Minsk Konfransı çağıracağı və bununla bağlı konsensus əldə olunacağı təqdirdə Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları ilə məsləhətləşmə aparıla bilər. Lakin biz bu mərhələdən hələ uzağıq, çünki Ermənistan Azərbaycanın bu regionunun azərbaycanlı icmasının mövcudluğunu tanımaqdan imtina edir.

Ermənistan Baş Nazirinin qızışdırıcı "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələr tərəfindən haqlı olaraq hiddətlə qarşılandı. Bu cür bəyanatlar, həmçinin Ermənistan Müdafiə naziri tərəfindən səslənən sonuncu "Qarabağ məsələsi həll olunub" bəyanatı sülh prosesi üçün zərərlidir.

Üstəlik, Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi, ATƏT-in qəbul etdiyi qərarlara əks gedərək israrla statusla bağlı məsələni irəli sürür. Lakin münaqişənin həlli prosesi addımbaddım prinsipinə əsaslanır. Birinci mərhələdə Azərbaycan torpaqlarının işğalı daxil olmaqla münaqişənin köklərinə xitab edərək, Ermənistan başa düşməli və digər ölkələr xatırlamalıdır ki, bu həll yolu qaçılmazdır, alternativi yoxdur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT qərarlarına, xüsusilə də 1994-cü ildə qəbul olunan Budapeşt Sammitinin qərarına əsaslanır. Budapeşt Sammitinin qərarı münaqişənin siyasi həlli üçün çərçivə formalaşdırır. ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı bu yanaşmaya əsaslanır.

ATƏT-də münaqişənin həlli prosedurları ilə bağlı fərqli atmosfer müşahidə edirik. Türkiyə, Ukrayna və Gürcüstana minnətdarlığımızı ifadə edirik ki, onlar münaqişənin həlli prinsiplərini müdafiə etdilər. Bu prinsiplər ATƏT regionundakı bütün münaqişələrə istisnasız olaraq bərabər tətbiq edilməlidir.

Lakin baxmayaraq ki, biz beynəlxalq hüquqa zidd olmamağı, ATƏT-in prinsipləri və normalarını tanıyırıq, bəzi ölkələr uzadılmış münaqişələrin həlli ilə bağlı açıq ikili standartlar nümayiş etdirir. Bu prinsiplər bütün iştirakçı ölkələrə və münaqişələrə aid edilməlidir, istisnasız, ikili standartlar olmadan, coğrafi və digər üstünlüklər nəzərə alınmadan. Bu ikili standartlar aradan qaldırılmadıqca ATƏT münaqişələrin qarşısının alınması və həll yolları üçün effektiv mexanizm ola bilməyəcək", - deyə bəyanatda vurğulanır.

Bəyanatda qeyd olunub ki, Azərbaycan ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının məcburi köçkünə çevrilməsindən əziyyət çəkən ölkə kimi, münaqişənin ən tez və davamlı həll yolunun tapılmasını istəyən ən maraqlı tərəfdir: "Bu gün siyasi, iqtisadi, hərbi sahələrdə söz sahibi olan Azərbaycan və onun rəhbərliyidir. Hazırda müharibə yoxdursa, bu, Azərbaycanın münaqişənin siyasi həll yolunu axtarma siyasəti ilə bağlıdır. Lakin bir daha təkrar etmək istərdik ki, münaqişənin Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa zidd olan sülh yolu ilə həlli mümkün deyil. Azərbaycan ərazisinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək.

Biz gözləyirik ki, sizin münaqişənin həlli istiqamətində vasitəçilik fəaliyyətiniz heç bir kompromis və müzakirə mövzusu olmayan, beynəlxalq səviyyədə qəbul edilən sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və  suverenliyini bərpa etməyə yönələcək. Azərbaycan bu anlayışa əsaslanan münaqişənin həlli prosesinə sadiq qalır".

 





08.11.2019    çap et  çap et