525.Az

14 nömrəli məktəbdə Bayraq Günü münasibəti ilə tədbir - Foto


 

14 nömrəli məktəbdə Bayraq Günü münasibəti ilə tədbir - <b style="color:red">Foto </b>

Noyabrın 8-də Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən, məktəbin direktor əvəzi Nailə Muradova deyib ki,bayraq qürur yerimiz, dövlət rəmzimiz, milli kimliyimizdir. Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayraq milli kimliyimizin simvoludur. Bayrağımız hər bir azərbaycanlının qürur yeridir. Azərbaycan bayrağı milli ləyaqət simvoludur. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq, istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür: “1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında Cümhuriyyətin bayrağı qaldırılıb. Həmin ilin 29 noyabrında üçrəngli bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən, 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur”.

Nailə Muradovanın sözlərinə görə, bu gün gənc nəsil vətənpərvər ruhda böyüyür: “Azərbaycan gəncliyi öz dövlətini sevir və tarxini dərindən öyrənir. Təbii ki, gənclərin vətənpərvər ruhda tərbiyələnməsi, dövlət bayrağını sevməsi ailədən və təhsildən başlayır. Təhsil müəssisələrində vətənpərvərlik və maarifləndirmə işləri yüksək səviyyədə təbliğ olunur. Həmçinin, kütləvi informasiya vasitələri də bu təbliğatda böyük rol oynayır. Hər hansı tədbirlə əlaqədar böyük zallara girəndə görürük ki, bütün gənclər dövlət himnimizi oxuyur. Sevindirici haldır ki, gənclərimizin hamısı bunu bilir, onlar dövlət bayrağına yüksək ehtiram bəsləyirlər. Bu da vətənpərvərliyin bariz nümunəsidir. Bayrağımız, himnimiz, gerbimiz məktəblərdə, digər təşkilatlarda təbliğ olunur. Söhbət təkcə bayrağı tanımaqdan getmir. Söhbət vətəni, bayrağı insanlara sevdirməkdən gedir. Bu mənada gənclərimizin tərbiyəsini yüksək qiymətləndirirəm”.

Məktəbin 1 “D” sinifinin sinif rəhbəri Anjela Əliyeva isə bildirib ki, bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. “Üçrəngli bayraq həm də xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən dövlət bayrağına and içir. Dövlət bayrağının Azərbaycanın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalanması, ən mötəbər məclislərdə və mərasimlərdə, rəsmi tədbirlərdə və yarışlarda qaldırılması hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur”.

Tədbir ədəbi-bədii hissə ilə davam edib. Sonda isə 1 “D” sinifinin şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib.

S.QARAYEVA

 





08.11.2019    çap et  çap et