525.Az

100 yaşlı Universitet islahatlarla yeni yüzilliyə


 

100 yaşlı Universitet islahatlarla yeni yüzilliyə<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyevin milli sərvət, milli iftixar adlandırdığı Bakı Dövlət Universiteti 100 illik şərəfli və eyni zamanda, tarixi bir yol keçib.

1919-cu ildə ən ağır şərtlər altında yaradılan, mürəkkəb, ziddiyyətli iyirminci illərdən, otuzuncu illərin repressiyalarından keçən Bakı Dövlət Universiteti Ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində Azərbaycanda milli oyanışın, müstəqillik məfkurəsinin mərkəzinə çevrilməyə başladı. 1969-cu ildə Heydər Əliyevin Universitetin 50 illik yubiley mərasimində dövlət başçısı kimi Azərbaycan dilində çıxış etməsi tarixi hadisə idi. Ulu öndər BDU-nun 75 illiyinə həsr olunmuş yubiley iclasında həmin hadisəni belə xatırlayırdı: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük sensassiya kimi qəbul olundu - nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər, minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər". Bu tarixi çıxışın cəmiyyətdə yaratdığı əhval-ruhiyyə milli özünüdərkə, suverenliyimizə, müstəqilliyimizə gedən yolun başlanğıcı idi. Ümumiyyətlə, müdrik rəhbərin həmin illərdə bütün fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinə hesablanmışdı.

Müstəqillik illərində də BDU öz tarixi missiyasını şərəflə yerinə yetirməkdədir. Bu gün əminliklə söyləyə bilərik ki, Universitet ölkəmizdə milli şüurun, icimai fikrin əsas mərkəzlərindən biri, heç şübhəsiz, birincisidir. 2019-cu ildə 100 illiyini qeyd edən BDU-ya ən böyük yubiley töhfəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 noyabr 2017-ci il tarixində imzaladığı "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncam oldu. Sərəncamda müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaranan Bakı Dövlət Universitetinin şərəfli yol keçdiyi qeyd olunur, Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətləri xüsusi vurğulanır. Ölkə rəhbərinin Universitetə verdiyi bu yüksək qiymət ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri tərəfindən rəğbətlə qarşılandı.

Yubiley ilində Bakı Dövlət Universitetinin həyatında yeni mərhələ başlayıb, 100 yaşlı universitet islahatlarla yeni yüzilliyə qədəm qoyub. Bu gün BDU-da tədrisin müasir təlim texnologiyaları əsasında təşkilindən elmi-tədqiqat işlərinin məzmununun yenilənməsinə, beynəlxalq əməkdaşlıqdan sosial-humanitar sferaya qədər hər bir detalda yeni, innovativ idarəetmənin ön planda olduğu açıq-aydın hiss olunur. BDU hər kəsin uzun illər arzusunda olduğu, gerçəkləşməsini gözlədiyi reformaların astanasındadır. Universitetdə görülən işlərin, həyata keçirilən islahatların və müəyyənləşdirlmiş inkişaf strategiyasının təhlili deməyə əsas verir ki, Bakı Dövlət Universiteti yaxın gələcəkdə təhsilin səviyyəsinə, elmi tədqiqatların məzmununa görə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacaq, nüfuzlu tədqiqat universitetinə çevriləcəkdir.

Universitetdə aparılan kadr islahatları, o cümlədən, cəmiyyətdə müsbət reputasiyası olan şəxslərin rəhbər strukturlara təyinatı, ölkə rəhbərinin gəncləşmə siyasətinə uyğun olaraq müasir bilik və bacarıqlara, dünyagörüşə malik gənclərin önə çəkilməsi ali təhsil ocağının sabahı üçün yaxşı perspektivlər vəd edir. Bütün bunlar BDU-da yeni dövr kadr islahatlarının başlanğıcıdır və şübhəsiz, davamı olacaq. Kadr islahatları ilə yanaşı, universitetdə müasir çağırışlara və dünya praktikasına əsaslanaraq struktur islahatlarına başlanılıb. Tədrisin keyfiyyətinin artırılması, elmi tədqiqatların genişləndirilməsi istiqamətində aparılan işlərə təkan olaraq Universitetdə kitabxana sisteminin, xüsusilə də müasir dövrün tələbi kimi elektron kitabxana sisteminin təşkili, eləcə də Universitetin mətbəəsinin son texnologiyalar əsasında yenidən qurulması da əsas hədəflərdəndir. 

Tələbələrin asudə vaxtının səmərəli təşkili, onların Universitetin ictimai-mədəni həyatında aktiv iştirakı üçün bir sıra sosial layihələr həyata keçirilir. Həmçinin, bu məqsədlə Universitetdə yaradıcı və elmi birliklərin, Gənc Alimlər Şurasının, Tələbə Elmi Cəmiyyətinin, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar Təşkilatının fəaliyyəti yenidən və müasir tələblər əsasında qurulur.

Qarşıya qoyulan əsas hədəflərdən biri də Azərbaycan dövlətinin sosial siyasətinə uyğun olaraq Universitet əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin daha da gücləndirilməsidir ki, bu istiqamətdə də əməli addımlar atılır, bu prosesin gələcəkdə davamlı şəkildə aparılması nəzərdə tutulur.

Yubiley ilində cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq ölkə xaricində, Bakı şəhərində və bölgələrimizdə BDU-nun 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. İyun ayında Parisdə UNESCO-nun Baş qərargahında,  sentyabr ayında isə Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində BDU-nun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib, mərasim iştirakçılarına universitetin tarixi, bu günü və gələcək perspektivləri barədə məlumatlar verilib. Eyni zamanda, yubiley ilində Universitetin beynəlxalq aləmdə daha geniş miqyasda tanıdılması, nüfuzunun artırılması, həmçinin, xarici ölkə universitetləri ilə müəllim və  tələbə mübadiləsinin aparılması, ikili diplomların verilməsi istiqamətində də mühüm nailiyyətlər əldə edilib, bir sıra xarici ölkə universitetləri, elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq sazişləri imzalanıb.

Əfsuslar olsun ki, Universitetdə aparılan islahatlara qarşı çıxan, innovativ dəyişikliklərə müqavimət göstərən, görülən işlərə kölgə salmaq, qara yaxmaq istəyənlər də var.  Amma Universitetin gələcək inkişafı üçün müəyyənləşdirilən strategiya, götürülən xətt və qarşıya qoyulan hədəflərin təhlili onu deməyə əsas verir ki, aparılan islahatlara, görülən işlərə kölgə salmaq istəyənlərin özləri kölgədə qalacaq, Bakı Dövlət Universiteti isə öz uğurları, beynəlxalq nüfuzu ilə həmişə günəş kimi parlayacaq. Əminliklə söyləmək olar ki, bu gün Universitetdə görülən işlər, aparılan islahatlar ictimai mənafenin, əqli gücün və şüurun üstünlüyü şəraitində baş verir və Azərbaycanda elmin, təhsilin inkişafına xidmət edir.

Əziz dostlar, bütün uğurları, nailiyyətləri ilə BDU bizimdir!

Dəyərləri ilə BDU bizimdir!

100 illik şərəfli tarixi ilə BDU bizimdir!

Bu günü ilə BDU bizimdir!

Parlaq sabahı ilə BDU bizimdir!

Ümummili liderimizin dediyi kimi, Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır!

Milli sərvətimizi qoruyaq və inkişaf etdirək!

 





08.11.2019    çap et  çap et