525.Az

Parlamentin komitələrində büdcə müzakirələri başa çatdı


 

BÜDCƏ ZƏRFİ PARLAMENTİN PLENAR İCLASLARINDA NOYABRIN 12-14-Ü TARİXLƏRİNDƏ MÜZAKİRƏYƏ ÇIXARILACAQ

Parlamentin komitələrində büdcə müzakirələri başa çatdı<b style="color:red"></b>

Dünən parlamentin komitələrində 2020-ci ilin büdcə müzakirələri başa çatıb. Qeyd edək ki, büdcə zərfi ilə sonuncu müzakirələr Milli Məclisin (MM) İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında aparalıb.

Komitələrin birgə iclasına MM sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edib. Büdcə müzakirələrində adıçəkilən komitələrin üzvləri ilə yanaşı, hökumət rəsmiləri - Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digərləri iştirak ediblər.

Vitse-spiker B.Muradova açılış çıxışında bildirib ki, proqnozlaşdırılan büdcə gələn il qarşıda duran vəzifələrin öhdəsindən gəlməyimizə imkan verəcək: "Əhaliyə ödənişlərin məbləği artacaq, eləcə də büdcəyə daxilolmaların həcmi çoxalacaq".

Sonra büdcə zərfi ilə bağlı məlumat verən Maliyyə naziri S.Şərifov çıxışında bildirib ki, 2020-ci ildə gömrük orqanları vasitəsilə dövlət büdcəsinə 4 milyard manat vəsaitin daxil olması gözlənilir. Növbəti il bir çox sahələrdə xərclər də artacaq. Nazir qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın yeni mərhələsinə dair məbləğ nəzərdə tutulur: "Gələn il üçün bu illə müqayisədə elm, təhsil, mədəniyyət, hüquq-mühafizə, gənclər siyasəti və digər sahələrə daha çox məbləğ ayrılıb. Büdcə layihəsində əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması üçün ehtiyac meyarının və yaşayış minimumunun artırılması nəzərdə tutulur".

"2020-ci ilin dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir. Növbəti ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir". Bu sözləri isə  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.  V.Gülməmmədov qeyd edib ki, növbəti il həm mərkəzləşmiş, həm də yerli gəlirlərdə artım proqnozlaşdırılır.

Büdcə ətrafında açılan müzakirələr zamanı komitə üzvləri də  öz təklif və iradlarını səsləndiriblər. Müzakirələrin sonunda büdcə zərfi plenar iclasa tövsiyə olunub və bununla da komitələrdə büdcə müzakirələrinə yekun vurulub.

Gələn həftə, noyabrın 12-14-ü tarixlərində isə parlamentin plenar iclaslarında büdcə müzakirələri aparılacaq. Sonda hökumətə 10 gün vaxt veriləcək və həmin dövrdə büdcə ilə bağlı təkliflər və iradlar nəzərdən keçiriləcək, məqbul olanları nəzərə alınacaq. Daha sonra parlamentin növbəti plenar iclasında büdcənin son variantı səsverməyə çıxarılacaq, qəbul olunacaq və imzalanması üçün ölkə Prezidentinə göndəriləcək.

Onu da qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Həmçinin, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

Kamil HƏMZƏOĞLU

 





08.11.2019    çap et  çap et