525.Az

"Qəzetlərin öz nəşrini davam etdirməsi üçün güzəştlər paketi haqqında düşünməyin zamanıdır"


 

RAFAİL BACANOV: "İLK ADDIM ƏDV-NİN LƏĞVİ OLA BİLƏR"

"Qəzetlərin öz nəşrini davam etdirməsi üçün güzəştlər paketi haqqında düşünməyin zamanıdır"<b style="color:red"></b>

Bu gün Azərbaycanda ənənəvi mətbuat bir sıra problemlərlə üz-üzədir. Elektron medianın, sosial şəbəkənin daha böyük auditoriya topladığı bir vaxtda çap mediasına maraq istət-istəməz azalmaqdadır.

Bütün dünyada gedən bu tendensiya qəzetlərə marağı azaldıb və onların yerini isə elektron media tutmaqdadır. Lakin bu da bir rellıqdır ki, qəzetlərin tamamilə sıradan çıxması mümkün deyil. Çünki yazılı media bir tarixdir, canlı arxivdir, onu yaşatmaq lazımdır. Ənənəvi media üçün bu gün problem yaradan səbəblərdən biri də çap məhsullarına ƏDV-nin tətbiqidir. Əgər ƏDV aradan qaldırırlarsa, bu çap mediasının inkişafına, maliyyə imkanının nisbətən artmasına müsbət təsir göstərə bilər.

"Cümhuriyət" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rafail Bacanov çap məhsullarına ƏDV-nin tətbiqinin qəzetlər üçün hansı problemləri yaratdığı barədə "525"ə deyib ki, qəzet bazarında ciddi problemlərin olduğu bir dövrdə çap məhsullarına ƏDV-nin tətbiqi təbii ki, problem yaradan məsələlərdəndir: "Hər kəsə aydındır ki, qəzetlər onlayn media, internet media, sosial şəbəkələrin hesabına təbii olaraq, oxucu itirib. Oxucu informasiyanı daha tez əldə etmək istəyir. Çap mediasının isə bunu qarşılamaq imkanları məhduddur. İnternetin, sosial şəbəkələrin sürətlə inkişaf etdiyi bir zamanda oxucu itirmək təbii prosesdir. Biz isə çap mediasının tarixi-ənənəvi rolunu nəzərə alaraq, fədakarlıq hesabına onu qoruyub saxlamaq istəyirik. Amma imkanlarımız məhduddur. Yəni gəlirlərimiz az, xərclərimiz çoxdur. Qəzet satışının əvvəlki vaxtlarla müqayisədə məkan darlığı da bu prosesə ciddi təsir edir. Qəzet oxucusunun az olduğu, qəzet satışı imkanlarının məhdudlaşdığı, reklam bazarının demək olar ki, olmadığı bir zamanda ƏDV-nin tətbiqi də bizə əlavə yükdür".

Baş redaktor vurğulayıb ki, ƏDV-nin tətbiqi çap xərclərinin artmasına, qəzet kağızının bahalaşmasına səbəb olur. Bu da redaksiyaların məhdud imkanları və gəlirləri ilə uzlaşmır:

"Digər yazılı medialar kimi "Cümhuriyət" qəzeti də eyni problemləri yaşayır. Əldə edə bildiyimiz vəsaitlər daha çox çap xərcinə, kağız alınmasına yönəldilir".

R.Becanov ƏDV-nin aradan qaldırılmasının yazılı mətbuatın durumuna necə təsir göstərə biləcəyindən də söz açıb. Bildirib ki, ƏDV aradan qaldırılarsa, bu, çap qiymətlərinin, kağız xərclərinin aşağı düşməsinə müsbət təsir edəcək: "Nəticə etibarı ilə xərclərimizin azalması baş verəcək. Onda redaksiyalar əldə etdikləri vəsaitləri maddi-texniki bazanın möhkəmlənməsinə, jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasına yönəldə bilər".

Daha əvvəl çap məhsullarından ƏDV-nin götürülməsi təcrübəsinin olduğuna diqqət çəkən baş redaktor deyib ki, 2016-cı ilə qədər çap məhsullarına ƏDV tətbiq olunmurdu: "Sonradan Vergi Məcəlləsində edilən dəyişiklik bu məsələnin təfsirində başqa cür verildi və hazırda çap məhsulları ƏDV-yə daxildir. Əslində, bu daxilolmalar büdcədə böyük pay sahibi deyil və hesab edirəm ki, buna yenidən baxıla bilər. Mətbuat Şurasında, redaksiyalarda da bu dəfələrlə müzakirə edilib. MŞ-nın sədri, millət vəkili Əflatun Amaşov da bu məsələni dəfələrlə Milli Məclisdə qaldırıb. Lakin hələ də yenilik yoxdur. Düşünürəm ki, Nazirlər Kabineti qeyd edilən məsələyə yenidən baxmalıdır. Qəzetlərin indiki durumunda buna laqeyd qalmaq olmaz. Çap mediası tarixdir və biz bu tarixi qoruyub saxlamalıyıq. Ona görə də qəzetlərin qorunub saxlanması və nəşrini davam etdirməsi üçün müxtəlif güzəştlər paketi haqqında düşünməyin zamanıdır. İlk addım ƏDV-nin ləğvi ola bilər".

PƏRVANƏ

 





08.11.2019    çap et  çap et