525.Az

Qızıl Aypara Cəmiyyəti təhsil müəssisələrində mühüm tədbirlər həyata keçirir


 

Qızıl Aypara Cəmiyyəti təhsil müəssisələrində mühüm tədbirlər həyata keçirir<b style="color:red"></b>

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında imzalanmış sənədə əsasən son illərdə Qax Rayon Təhsil Şöbəsi əməkdaşlıq şəraitində rayonun ümumtəhsil məktəblərində müxtəlif mövzularda bir sıra tədbirlər keçirib.

Qızıl Aypara Cəmiyyəti Qax rayon bölməsinin əməkdaşlarının iştirakı ilə "Ümumdünya saglamlıq" günü münasibətilə Qorağan kənd tam orta məktəbində "Təhlükəsiz və sağlam qida" adlı tədbir, Marsan, Qorağan, Baydarlı, Tasmalı, Qaratala, Cəlayir, Ləkit kənd tam orta, Lələpaşa, Əmbərçay kənd ümumi orta məktəblərində "İnsan Alverinə Qarşı Mübarizə", "İnsan alveri və uşaq əməyinin istismarı", Qıpçaq kənd orta məktəbində isə  rayon polis şöbəsi işçilərının iştirakı ilə "Narkomaniya uçuruma aparan yoldur" adlı mövzusunda maarifləndirici seminarlar təşkil olunub. Seminarlarda videoçarxlar izlənilib, müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallara cavablar verilib, bukletlər paylanıb.

Şəhər 5 nömrəli tam orta məktəbdə "QİÇS-siz sağlam gələcəyə doğru" adlı tədbir təşkil olunub. Tədbirdə zərərli vərdişlərdən, yolxucu xəstəliklərdən qorunma yollarından danışılıb.  Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində isə "Tütünlə mübarizə" günü münasibəti ilə "Sağlam həyat hər kəsin öz əlindədir" adlı tədbir keçirilb.

Tədbirlər planına uyğun olaraq Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində "Narkomaniyaya yox deyək" adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqədə dərnək üzvlərinin 50-dən çox rəsm işi nümayiş etdirilib.

Şəhər 2 nömrəli məktəb-liseydə, şəhər 3 və 4 nömrəli tam orta məktəblərində "Yolda baş verən qanun pozuntularına yox deyək" adlı seminarlar təşkil olunub, rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə şagirdlərə yol hərəkəti nişanları barədə məlumatlar verilib, onların sualları cavablandırılıb.

Bölmə YAP Qax rayon təşkilatı Qadınlar Şurası ilə birgə "Qadın zorakılığına son" mövzusunda keçirilən tədbirləri davam etdirərək Qaratala kənd tam orta məktəbində dəyirmi masa keçirib. Tədbirdə Qax Mərkəzi Kitabxanasının direktoru Güllü Əhmədova, rayon təhsil şöbəsinin nümayəndəsi Sərvanə Hacıyeva, Mərkəzi Xəstəxanın həkimi Afaq Paşayeva, Qax Günərzi Qayğı Mərkəzinin direktoru Səfiyyə Süleymanova, Qaratala kənd məktəbinin direktoru Şamama Abbasova, məktəbin müəllim kollektivi, kəndin ziyalı qadınları və evdar xanımları iştirak ediblər. YAP Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova bütün dünyada və Azərbaycanda məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi istiqamətində aparılan işlərdən söz açıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da yaradılıb. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin hərbiyyə naziri əvəzi, məşhur tarixi şəxsiyyət, general-Leytenant Əliağa Şıxlinski olub. Bununla bağlı cəmiyyətinin Qax rayon bölməsi tərəfindən yerli təhsil şöbəsi ilə birlikdə təhsil müəssisələrində Qızıl Aypara Cəmiyyətinin yaranmasının 100 illik yubileyi münasibəti ilə  müvafiq tədbirlərin, eləcə də maarifləndirmə xarakterli işlərin  həyata keçirilməsi nəzərdə tutulur.

Rövşən AĞAYEV

 





08.11.2019    çap et  çap et