525.Az

Ağdamda möhtəşəm bayraq yürüşü - Fotolar


 

FİRUDİN QURBANOV: "ÜÇRƏNGLİ BAYRAĞIMIZ AZƏRBAYCANIN VARLIĞINI VƏ GÜCÜNÜ DÜNYAYA, HƏMÇİNİN, DOSTLARIMIZA VƏ DÜŞMƏNLƏRİMİZƏ TANIDIR"

Ağdamda möhtəşəm bayraq yürüşü - <b style="color:red">Fotolar</b>

Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə "Bayraq yürüşü" keçirib.

Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.

2000 nəfərdən çox iştirakçının qatıldığı yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin, dostlarımıza və düşmənlərimizə tanıdır. Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız keşməkeşli yollardan keçib. O, dövlətimizin müstəqilliyi uğrunda canından keçən oğul və qızlarımızın qanına boyanıb. Buna görə də bizlər üçün müqəddəsdir bayrağımız.

Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən "Bayraq yürüşü"nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb: "Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən Bayraq yürüşü gənclərin milli dəyərlərə ehtiram, milli ideyalara bağlılıq ruhunda tərbiyə olunması baxımından çox əhəmiyyətlidir. Bayraq yürüşü Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq hər il keçirilən bir yürüşdür. Minlərlə dövlət rəsmilərinin, gəncin, tələbənin burada iştirakı hesab edirəm ki, bayrağımıza olan münasibətin ən gözəl təzahürüdür. Prezident İlham Əliyev tərəfindən təsis edilən bu bayram dövlətimizə, bayrağımıza olan hər bir vətəndaşın münasibətini nümayiş etdirmək üçün çox gözəl bir fürsətdir".

Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına toxunan nazir müavini, həmçinin, varlığımızı dünyaya tanıdan bayrağımızın prezidentin rəhbərliyi altında işğal edilmiş ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cəbhə bölgəsində belə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb, "Bayraq yürüşü"nün birliyimizin göstəricisi olduğunu deyib: "Onların bu təşəbbüsünü alqışlayır və dəstəkləyirəm. Ötən il Təhsil Nazirliyi tərəfindən Bayraq yürüşü Füzuli rayonunun Horadiz şəhərində yüksək səviyyədə təşkil olunmuşdu. Bu yürüşdə millət vəkilləri, ziyalılar, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak edirdi. Bu il isə "Bayraq yürüşü" Ağdam rayonunda keçirildi. 4000-dən çox insan ürəklə, sevinclə, fəxr hissi ilə, həvəslə bu yürüşdə iştirak etdi. Mən inanıram ki, gün gələcək bayrağımız Şuşada, Xankəndində dalğalanacaq".

Millət vəkili Aydın Mirzəzadə isə Bayraq yürüşünün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanacağına əmin olduğunu qeyd edib: "Ağdam rayonunda keçirilən Bayraq yürüşündə iştirak etməkdən böyük məmnunluq hissi keçirdim. Çox şad oldum ki, belə mötəbər tədbirə məni də dəvət ediblər. Sevindirici haldır ki, Təhsil və Müdafiə Nazirliyi belə tədbirləri məhz cəbhə bölgəsində keçirir. Tanınmış ziyalılar, gənclər, media işçiləri həmin yürüşdə iştirak edirlər. Bu tədbirləri Azərbaycanın bütün bölgələrində keçirmək lazımdır. Belə tədbirlərin keçirilməsi insanları daima yüksək əhval-ruhiyyədə saxlayır. Böyüməkdə olan uşaqlar milli atributlarımızın mənasını dərk edirlər. Bir dövlətin bayrağının dalğalanması onun müstəqillik atributlarından biridir".

Millət vəkilinin dediyinə görə, müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin, vətənpərvərlik və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var: "Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Doğrudur, dövlətçilik, vətəndaşlıq orta məktəb dərsliklərində və ya hansısa əyani vəsaitlərdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Amma digər sahələrə nisbətən bu məsələdə əsas vəzifə orta məktəblərin üzərinə düşür. Təhsil müəssisələrində bu məsələyə ciddi yanaşılır və gələcəyimiz olan gənc nəslə vətənpərvərlik hissi aşılanır".

Birlik komandirinin müavini, polkovnik-leytenant Babək Səmidlinin sözlərinə əsasən, yüzlərlə iştirakçının iştirak etdiyi "Bayraq yürüşü"nün məhz cəbhə bölgəsində keçirilməsi insanlarımızda vətənpərvərlik hissinin yüksək olduğunu bir daha göstərdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən, Dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycanın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Prezidentin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir".

Tədbirdə əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, milli vətənpərvərliyi əks etdirən mahnılar ifa olunub. Sonra hərbi hissədə əsgərlərlə birgə nahar edilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov səfər çərçivəsində Ağdam Musiqi Kollecinin kollektivi ilə də görüşüb, müəllim və tələbələrlə söhbət edib.

S.QARAYEVA

 





11.11.2019    çap et  çap et