525.Az

Bölgələrdə mədəniyyət üzrə ustad dərsləri davam edir


 

Bölgələrdə mədəniyyət üzrə ustad dərsləri davam edir<b style="color:red"></b>

Dekabrın 3-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilmiş "Respublikada yerləşən xalq teatrları və dram dərnəklərində aktyorların səhnə yaradıcılığında mühüm sayılan yaddaş və diqqət məşğələlərinin təşkili" adlı ustad dərslər uğurla başa çatıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, regionda fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin bədii rəhbərləri, rejissorları, dram dərnəklərinin rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması, xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə keçirilmiş ustad dərslərdə Ağstafa, Qazax və Tovuz rayonlarının mədəniyyət mərkəzlərində (filialları ilə birlikdə), klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri, rejissorları və aktyorları iştirak ediblər. Dərsləri Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Hikmət Nəbili təqdim edib.

Bağlanış mərasimində Ağstafa rayon İcra Hakimiyyətinin nümayəndələri, Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, idarənin əməkdaşı Xalis İsmayılov iştirak edib.

Çıxış edənlər qeyd ediblər ki, yüksək texnologiyalar dövründə ənənəvi teatrı ancaq müasir üsullar, müasir yanaşma yaşada bilər. Sahə üzrə mövcud problemlərin həlli yolları müzakirə edilməli, xalq teatrları və dram dərnəklərinin işində eksperiment yolu ilə yeni formatlar axtarıb tapılmalıdır. Xalq teatrları bölgələrdəki mədəni həyatı canlı saxlayır, məşhur aktyorların yetişməsi üçün vacib rol oynayır. Bu, onun göstəricisidir ki, xalq teatrı istər gənc istedadların üzə çıxarılması, istər əhalinin mədəni istirahətinin təşkili, istərsə də maarifçilik işlərinin həyata keçirilməsində gənclər üçün çox lazımlıdır. Ona görə də xalq teatrlarının təbliğat maşını işləməli, yeni formatlı, eksperimental tamaşalar qurulmalı, gənc istedadlı və cəsarətli rejissorlardan istifadə edilməlidir.

Ustad dərslər çərçivəsində yeni formatda interaktiv tamaşa nümayiş olunub.

 





04.12.2019    çap et  çap et